“Elmi əsası olmayan yeni qaydalar təhsilin inkişafına heç bir töhfə verməyəcək”- Təhsil ekspertindən AÇIQLAMAbackend

“Elmi əsası olmayan yeni qaydalar təhsilin inkişafına heç bir töhfə verməyəcək”- Təhsil ekspertindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Növbəti tədris ilindən məktəblərdə yeni qaydalar tətbiq olunacaq”. Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib. Onun sözlərinə görə, bu ildən 300 məktəbdə pilot layihə kimi tətbiqinə başlanılan şagird davranış qaydaları ilə bağlı monitorinqlər keçirilir, hesabatlar toplanılır: “Tətildə qaydaların yekun versiyası təsdiq olunacaq. Sentyabr ayından bütün məktəblərdə yeni qaydalar tədbiq olunacaq”.

Təhsil eksperti Kamran Əsədov Editor.az-a açıqlamasında bildirib ki, 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunun, 2011-ci ildə qəbul edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin tələblərinə əsasən orta ümumtəhsil məktəblərində şagirdlərin hüquqları ilə yanaşı, vəzifələri, öhdəlikləri də var:

“Belə ki, hər bir şagird məktəbdaxili nizam-intizam qaydalarına riayət etməlidir. Ancaq Elm və Təhsil Nazirliyi bunu yeni formatda təqdim edir. Yəni bu qaydalarla hansı davranış pozuntularının hansı cəzalara gətirib çıxaracağı müəyyən olunacaq. İlkin təqdim edilən layihəyə baxdıqda görünür ki, bu qaydalar şagirdlərin məktəbdaxili davranışlarını qismən tənzimləyir. Ancaq hesab edirəm ki, bu prosesdə mexanizm fərqli olmalıdır. Belə ki, bu gün ölkəmizin ortaümumtəhsil məktəblərində bu cəzalara nəzarət edən vahid sistem yoxdur. Bu isə müəyyən qədər problemlərə gətirib çıxaracaq. Müəllimin vaxtı yoxdur ki, şagirdə təyin edilən cəzalarla da məşğul olsun. Məsələn, cəzalardan biri şagirdin məktəbdən uzaqlaşdırılmasıdır. Əgər bir şagird bir neçə dəfə qanun pozuntusuna yol veribsə, buna kim nəzarət edir? 1-ci sinifdən 11-ci sinifə qədər hər sinifdən  5 şagird bu tip cəzaya məruz qalsa belə çıxır ki, bütün məktəbin pedaqoji xidməti dərsi saxlayıb uşaqlara nəzarət etməlidir. Hesab edirəm ki, bu qaydaların ciddi effekti yoxdur. Çünki qaydalar ciddi tədqiqatı olmadan müəyyənləşdirilib. Həmin qaydalar sadəcə xarici dillərdən tərcümələr əsasında formalaşıb. Nazirlik elə düşünür ki, Azərbaycan məktəbləri belə qaydaların tətbiqinə tam hazırdır. Ancaq yeni tipli qaydaların Azərbaycan məktəblərində tətbiqi şagird hüquqlarına ziddir. Məktəbdə isə tədris prosesinin keyfiyyətini artırmayacaq, əksinə məktəb daxilində qeyri-ciddi mühit formalaşdıracaq. Əslində Elm və Təhsil Nazirliyindən hansısa ciddi addım da gözləmək doğru deyil. Onların elm və təhsildən anlayışı olmadığı üçün tətbiq etdiyi qaydaların da elmlə əlaqəsi yoxdur.  Heç bir elmi əsası olmayan bu qaydalar təhsilin inkişafına heç bir töhfə verməyəcək”.

//Gülnarə Abasova, Editor.az