Ermənistanın birdən-birə mövqe dəyişməsi: Rusiya və İranın cavabı necə olacaq?backend

Ermənistanın birdən-birə mövqe dəyişməsi: Rusiya və İranın cavabı necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan öncə Rusiya ilə, daha sonra İranla münasibətləri yavaş-yavaş korlamağa başlayır. Çünki beynəlxalq münasibətlər sistemində artıq yeni dövrün başlaması həm də onu tələb edir ki, kiçik dövlətlər bu və ya digər formada ya neytral qalmalı, ya da konkret olaraq tərəf tutmalıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Samir Hümbətov deyib.

Analitik bildirib ki, hazırda dünya ölkələri arasında ciddi qütbləşmə gedir:

“Prosesin bir tərəfində Rusiya- Çin amili, digər tərəfində isə Qərb dayanır. Görünür, Ermənistanın mövcud hökuməti artıq seçimini edərək kollektiv Qərblə əməkdaşlığı daha da dərinləşdirməyə çalışır. Fransadan aldığı silahlar , ABŞ-dan Ermənistana dəstək, Aİ-nın bəzi üzvlərinin dəstəyi bunu əyani şəkildə sübut edir. Paşinyan və komandası İran və Rusiyanı oyundan kənar saxlamaq şərtilə Qərbə meylləri gücləndirir. Ancaq burada təhlükəsizlik arxitekturasını qurmaq da asan proses deyil. Hər hansı bir dövlətin region dövlətlərini göz ardı edərək, qeyri-region dövlətlərini bölgəyə çəkmək cəhdləri əksər vaxtlarda uğursuzluqla başa çatır. Ermənistanın birdən-birə mövqe dəyişməsi Qərb dövlətləri üçün də o qədər əhəmiyyətli deyil. Çünki uzun illər Rusiya, İranın himayəsində yaşayan Ermənistan onlara üz döndərərək mövqe dəyişməklə Qərb ölkələrinin etimadını qazanmayacaq. Ancaq siyasi proseslər bu gün bunu tələb edirsə, Qərb susacaq.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın hazırda enerji tələbatını İran və Rusiya ödəyir. Ticari əlaqələri daha çox bu ölkələrlə dövr edir. Mövcud hökumətin atdığı addımlar Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər. Rusiya və İran cəzalandırmaq siyasətinə keçib Ermənistanla ticari əlaqələri zəiflətsələr,onu çox çətin və ağır günlər gözləyir”.

//Gülnarə Abasova, Editor.az