Ərzaq məhsullarında kəskin QİYMƏT ARTIMI:” Atılan addımlar qısa zaman kəsiyində…”backend

Ərzaq məhsullarında kəskin QİYMƏT ARTIMI:” Atılan addımlar qısa zaman kəsiyində…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əsas yer tutan ərzaq məhsulları bazarında qiymət dəyişiklikləri üzrə monitorinqləri gücləndirir. Oktyabrın 13-nə olan məlumata əsasən, ötən il ilə müqayisədə cari ilin oktyabr ayında aparılan monitorinqlər zamanı şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğan qiymətlərində artımlar müşahidə edilib.

Maraqlıdır, qiymət artımına səbəb nədir? Dünyada gedən proseslərin buna nə dərəcədə təsiri var?

Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az- açıqlamasında bildirib ki, ölkəmizdə inflyasiyanın tənzimlənməsi ilə bağlı tədbirlər davam edir:

“Bu istiqamətdə xüsusi işçi qrupu da var və məqsəd qiymət artımlarının qarşısının alınması, tədbirlərin davam etdirilməsindən ibarətdir. İllik inflyasiya 2023-cü ilin geridə qalan aylarında 11.4 faiz olub. Əvvəlki ilə nisbətən inflyasiya səviyyəsi səngisə də qiymət artımları hələ də müşahidə olunur. Mərkəzi bankın apardığı monitorinqlərə görə, artımın səbəbləri müxtəlifdir. Əvvəla idxal inflyasiyası aktivdir. Ölkəyə idxal olunan məhsulların qiymətlərində artım müşahidə olunur. Təbii ki, bu, yerli istehsal məhsullarının qiymətlərinə təsir göstərir. Bir tərəfdən monitorinqlərin genişləndirilməsi də çox vacibdir. Süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var. Bu sahədə Rəqabət Məcəlləsi qəbul ediləndən sonra vəziyyətin yaxşılaşacağı gözlənilir. Atılan addımlar qısa zaman kəsiyində inflyasiya səviyyəsinin aşağı düşməsi və qiymət artımlarının səngiməsinə gətirib çıxarda bilər”.

İqtisadçı ekspert Pərviz Heydərov isə Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanın daxili istehlak bazarında qiymət artımına şərait yaradan bir sıra amillər var:

“Bunun bəziləri subyektiv, bəziləri isə obyektiv xarakter kəsb edir. Ümumiyyətlə isə son dövrdəki bahalaşma qlobal iqtisadiyyatda baş verən proseslərlə əlaqədar olduğu üçün qaçılmaz xarakter daşıyırdı. Yəni, 2021-ci ilin əvvəlindən start götürən bahalaşma tendensiyası keçən il ərzində davam etdi və hələ də əvvəlki sürətini itirmiş olsa da dayanmır. Bunun nəticəsində istehlak bazarında qiymətlər cari il ərzində də bahalaşmağa davam edir
Qlobal iqtisadiyyatda isə xüsusən ərzaq məhsullarının qiymətlərinin son dövrlərdə endiyi, əksinə ucuzlaşmanın start götürdüyü müşahidə edilməkdə idi. Ancaq bu həmin dövr idi ki, enerji daşıyıcılarının qiyməti qənaətbəxş səviyyədə idi. Hazırda yenidən enerji daşıyıcılarının qiyməti artıb və nəticədə bu da ərzaq məhsullarının maya dəyərinə kəskin təsir edir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda inflyasiyanın artmasına rəvac verən ən əsas subyektiv səbəb müvafiq rəqabət şəraitinin olmamasıdır:

“Təəssüflər olsun ki, ölkədə rəqabət üçün heç bir şərait yoxdur. Ona görə də istehlak bazarında ən çox işlənən bir sıra istehlak malları üzrə də idxal müəyyən kütlənin əlində cəmləşib. Hesab edirəm ki, yaxın müddətdə bu vəziyyət dəyişəcək və Azərbaycanda tələb-təklif bilavasitə bazar qanunları əsasında formalaşacaq. Hələlik isə dövlətin bütün tədbirləri görməsinə baxmayaraq istehlak bazarında bahalaşma davam etməkdədir. Əgər dünyada qlobal miqyasda elə bir ciddi fövqəladə hadisələr baş verməsə, növbəti ilik birinci yarısı üçün bu tendensiyanın dəyişəcəyi gözlənilir”.

//Gülnarə Abasova, Editor.az