Misir mediası Azərbaycan diasporu rəhbərinin müsahibəsini yayımlayıbbackend

Misir mediası Azərbaycan diasporu rəhbərinin müsahibəsini yayımlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin alharir.info xəbər portalında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Azərbaycanın CBC televiziyasının ərəb dilindəki proqramına müsahibəsi yayımlanıb.

Eyni zamanda Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi olan Seymur Nəsirov vətənimizlə ərəb ölkələri arasındakı münasibətlərdən, misirli və şamlı ərəb qəbilələrinin Azərbaycanda məskunlaşma tarixindən, azərbaycanlı alimlərin, yazarların və mütəxəssislərin ərəb ölkələrinin inkişafındakı rolundan danışıb.

O, hazırda Azərbaycan diasporunun Misirdə və digər ərəb ölkələrində Azərbaycan həqiqətlərini, dilini və mədəniyyətini fəal şəkildə təbliğ etməyə çalışdığını vurğulayıb:

“Qahirədə diaspor mərkəzimiz var. Hazırda dünyanın 41 ölkəsindən 450-dən çox tələbə bu mərkəzdə Azərbaycan dili başda olmaqla, müxtəlif fənlər və dillər üzrə ödənişsiz şəkildə təhsil alır. Bundan başqa, Misir universitetlərində Azərbaycan dilini tədris edirik. Bu, Misir tərəfinin bizə olan böyük rəğbətinin nəticəsidir. Bu yolla təkcə dili deyil, həmçinin vətənimizin mədəniyyətini, ədəbiyyatını təbliğ edirik”.

Seymur Nəsirov Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərini ölkəmizin xarici siyasətinin uğuru kimi qiymətləndirib:

“Səfər çərçivəsində hər iki dövlət başçısının səmimi söhbəti və müqavilələr imzalaması ölkələrimiz arasında əlaqələrin nə qədər çox inkişaf etdiyini göstərir. Azərbaycan diasporu olaraq biz də iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:

https://cutt.ly/l3CeoE8