Növbəti buraxılış imtahanında yaranan narazılıqlar: “Bu tip suallar şagirdlərin vaxtını alır”- Təhsil ekspertindən AÇIQLAMAbackend

Növbəti buraxılış imtahanında yaranan narazılıqlar: “Bu tip suallar şagirdlərin vaxtını alır”- Təhsil ekspertindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mart ayının 12-si tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən 11-ci sinif məzunları üçün keçirilən buraxılış imtahanları 5 martdakından ağırlıq səviyyəsinə görə müəyyən qədər fərqlənir. Belə ki, şagirdlərin imtahandan çıxdıqdan sonra yadında qalan sualların ilkin təhlilində gördük ki, müəyyən edilmiş 3 saat ərzində bu tip suallara cavab vermək mümkün deyil”.

Bu fikirləri Editor.az-a ötən gün Azərbaycanda keçirilən növbəti buraxılış imtahanında yaranan narazılıqlarla bağlı açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Təhsil eksperti Azərbaycan dili fənni üzrə tərtib edilən mətn tipli və riyaziyyat fənnindən açıq və situasiya tipli sualların vaxt itkisinə səbəb olduğu qənaətindədir:

“Məhz buna görə də artıq dünəndən etibarən şagirdlər haqlı etirazlarını bildirməyə başlayıblar. Çünki istər 5, istərsə də 12 mart tarixində keçirilən imtahanlar şagirdlərin gələcəkdə ali məktəbə qəbulu ilə bağlı çox böyük əhəmiyyət kəsb edir. Orada toplanan ballar blok imtahanındakı balların üzərinə əlavə ediləcək ki, bu da ciddi nüansdır. Hesab edirəm ki, şagirdlər xüsusilə Azərbaycan dili fənnindədil qaydaları, riyaziyyat fənnindən cavabı kodlaşdıra bilən açıq və ya situasiya tipli suallarla bağlı etirazlarında tamamilə haqlıdırlar. Bu gün bu imtahanlarla bağlı ciddi qərar qəbul etməliyik. Biz müvafiq fənlər  üzrə təhlil apararkən gördük ki, məzmun standartlarının reallaşmasını əsas götürən Dövlət İmtahan Mərkəzi nəzərə almır ki, bu şagirdlər pandemiya dövründən çıxıb və yaxud hər biri eyni biliyə malik deyil”.

Kamran Əsədov onu da vurğulayıb ki, şagird və onların valideynlərinin digər haqlı etirazları ondan ibarətdir ki, DİM orta məktəbi bitirən hamını eyni səviyyədə imtahan edir:

” Reallıq budur ki, şagirdlər eyni  təhsili alsa da hər birinin bilik və bacarığı ayrı səviyyədədir. Digər tərəfdən fakt odur ki, bu gün şagirdlər orta məktəblərdə bilik əldə etmirlər və onlar ali məktəbə qəbul olmaqdan ötrü repetitor yanına, hazırlıq kurslarına gedirlər. İmtahanda əldə etdikləri ballar da bunun nəticəsidir. Artıq 9-cu sinifdən belə ali məktəbə hazırlaşan şagirdlər var. Onlar daha çox fikirlərini imtahan verdikləri qruplarda nəzərdə tutulmuş fənlərə yönəldirlər. Biz birinci, ikinci və dördüncü qrup  abituriyentini “Azərbaycan dilin”dən mükəmməl səviyyədə imtahan edə bilmərik. Çünki 1-ci qrupla  3-cü qrup abituriyentindən eyni səviyyədə “Azərbaycan dili” , “riyaziyyat” fənlərini  soruşa bilmərsiniz. Bu qruplar üzrə əsas fənlər  ayrıdır. Onlar da buraxılış imtahanlarında öz fənlərinə daha yaxşı cavab verəcəklər.Ona görə də şagirdlər haqlı olaraq etiraz edirlər. Hesab edirəm ki, açıq və situasiya tipli suallar şagirdlərin çox vaxtını alıb. Onlara güzəştlər olunmalıdır. Ali təhsil müəssisələrinə qəbul plan yerləri ciddi şəkildə artıb və hətta müsabiqə şərtlərinin aşağı səviyyəyə salınması da gözlənilir. 60 minə yaxın plan yerinin doldurulması bu imtahan qaydaları ilə mümkün deyil. Biz ümumiyyətlə mövcud vəziyyətdə yeni pandemiyadan və müharibə şəraitindən çıxmış ölkə olaraq  şagirdlərə güzəştlər etməliyik. Şagirdlərin motivasiyası aşağı düşüb və ciddi böhran vər. Artıq onlar növbəti imtahanlara hazırlaşmaq istəmirlər. 12 martda Azərbaycan dili fənnində dil qaydaları, mətn tipli suallar kifayət qədər  çətin idi və vaxt itkisinə gətirib çıxarırdı. Riyaziyyat, xarici dil fənni  ilə bağlı suallarda da  çox problemlər ortaya çıxdı. Şagirdləri bu qədər yükləmək doğru deyil. Ruhdan düşən şagirdlər arasında intihar halları belə ola bilər”.

//Gülnarə Abasova, Editor.az