Putin nüvə silahından istifadə edə biləcəyini dedi: “Bu, dünyanın sonunu gətirə bilər”backend

Putin nüvə silahından istifadə edə biləcəyini dedi: “Bu, dünyanın sonunu gətirə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putin deyib ki,  Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcək və  bu, blef deyil. O, Vaşinqtonun Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar etdiyini deyərək, nüvə şantajından da istifadə olunduğunu vurğulayıb.

Siyasi analitik Azər Qasımov Editor.az-a açıqlamasında Rusiyanın çıxılmaz duruma düşdükdə son silahına əl atacağını bildirdiyini söyləyib:

“Ukraynadakı məğlubiyyətlər Rusiyanın hərbi gücünün olmadığı anlamına gəlmir. Rusiyanın məğlubiyyətinin səbəbi yanlış kəşfiyyat və ordunun idarəetməsi oldu. Rusiya rəhbərləri elə hesab edirdi ki, 3-4günə Ukraynanı işğal edəcəklər, Ukrayna xalqının əksəriyyəti onları gül-çiçəklə qarşılayacaq və ordakı millətçiləri hakimiyyətdən uzaqlaşdırıb, özlərinə yaxın birini hakimiyyətin başına gətirəcəklər. Özləri isə yəqin ki Ukrayna ərazisində rus bazaları yaradıb, sonra digər postsovet ölkələri ilə eyni şəkildə davranaraq yeni Sovet İttifaqı sayağı bir birlik yaradacaqlar. Amma planları yanlış çıxdı. Rus ordusunun hərbi hazırlığı, silahların müasir olmaması öz sözünü dedi. Yeddi ayda çox planlar dəyişdi. Ukrayna xalqı və ordusu toparlana bildi və Qərbin də dəstəyi ilə əks-hücum əməliyyatı ilə itirilmiş torpaqları geri almağa başladı. Qərbin tətbiq etdiyi sanksiyalar isə Rusiyanı böyük ölçüdə dünya birliyindən təcrid etdi, onun əl-qolunu bağladı, çıxılmaz vəziyyətə saldı. Rusiya təbii ki, bu gedişatı gözləmirdi. Artıq son çarə nüvə silahı ilə hədələməyə qalıb. Hesab edirəm ki, Putin bunu edər. Amma bunun üçün çox böyük bədəllər ödəmək lazım gələcək. Qərb də nüvə silahı məsələsində əks cavab verəcəyini hər dəfə qeyd edir. Bu durumun təsəvvür edilməsi belə vahiməlidir, çünki bu, dünyanın belə sonunu gətirə bilər”.

A. Qasımov qeyd edib ki, Putinin nüvə silahının nəzəri olaraq Ukrayna ərazisində taktiki növündən istifadə etməsindən söhbət gedir:

” Bu, nisbətən kiçik ərazilərin məhv edilməsinə hesablanıb, amma Qərbin cavab reaksiyası strateji nüvə silahının istifadəsinə yol aça bilər ki, bu, kimsəyə lazım deyil. Böyük ölçüdə istər Rusiya, istərsə də Qərb nüvə məsələsində qarşılıqlı blef edir. Heç bir dövlət bu silahdan belə asanlıqla istifadə etməyi gözə ala bilməz, amma Putinin Ukraynaya hücumunu da əksəriyyət gözləmirdi.
Nüvə silahı tətbiq etmək qərarı tək Putinin əlində deyil. Bu silahın istifadəsi üçün eyni vaxtda bir neçə şəxsin birgə razılığı və fəaliyyəti lazımdır ki, bu da son anda bu insanlardan birinin buna etiraz edəcəyi ehtimal edilən haldır. Qərb də öz texnologiyaları ilə buna nəzarət edir. Böyük ölçüdə buna mane olmağın yolları onların əlində mövcuddur. Bir ehtimal kimi nüvə silahının tətbiqi insanlıq üçün acı olar. Bu barədə geniş danışmağa belə ehtiyac yoxdur. Bunun bütün versiyalarına insanlar bir çox filmlərdə dəfələrlə baxıb.Hər halda Rusiya bu müharibədə artıq məğlub olub, amma bu heç kim üçün son deyil. Rusiya böyük dövlət kimi yenidən öz daxilində dəyişiklik edib, sivil dövlət olmağa çalışa bilər. Bu isə Rusiyanı əvvəlkindən də güclü və xoşbəxt edər. Ətraf dövlətlər isə rahat nəfəs alar”.

//Gülnarə Abasova, Editor.az