Qərbin “erməni yalanları” çox tez faş oldubackend

Qərbin “erməni yalanları” çox tez faş oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşün nəticələrinin fəsadları artıq reallığa çevrilir.

MDB məkanı dövlətləri ilə Qərb arasındakı əlaqələrin tarixində indiyədək misli görünməmiş çeşiddə, həcmdə və adda yardımlar alacaq Ermənistan eyni zamanda, məhz Vaşinqton-Brüssel-Paris triosunun sayəsində ordusunu sürətlə silahlandırmağa başlayacaq.

Qərb ermənilərə külli miqdarda hərbi-texniki dəstək verəcəyini təkzib edir.

ABŞ Dövlət Departamentinin mətbuat xidməti aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı sənədin mətbuatda yayılmış fotosu ilə bağlı rəsmi Vaşinqtonun açıqlaması yetərincə maraqlıdır.

“Bu sənəd sırf dezinformasiyadır, təhlükəsizlik məsələləri gündəmdə olmayıb. Biz sizin diqqətinizi aprelin 5-də Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekununda Avropa İttifaqı və Ermənistan ilə birlikdə qəbul etdiyimiz press-relizə yönləndirmək istərdik.

Avropa İttifaqı və Ermənistan ilə birlikdə keçirilmş Brüssel görüşündə diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib”, – deyə Dövlət Departamentinin mətbuat xidmətinin cavabında qeyd olunub.

Xatırladaq ki, Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü ilə bağlı sənədlərdən birinin ötən gün fotosu yayılıb. Azərbaycan ictimaiyyətində geniş narahatlıq doğuran həmin fotodan da göründüyü kimi, üçtərəfli görüşlə bağlı daha əvvəldən verilən açıqlamaların əksinə, həmin sənəddə həm ABŞ-ın, həm də Avropa İttifaqının Ermənistana geniş hərbi dəstək göstərməsi əks olunub.

Vaşinqtonun reaksiyası Fransanın Bakıdakı səfiri Ann Buayonun “məsləhətləşmələr üçün” Parisə geri çağırılması ilə bağlı olayın tam inikasına bənzəyir.

Fransa prezidenti Emmanuel Makronun qərarı Avropa İttifaqı və ABŞ ilə məsləhətləşmələr olmadan, mövqelər öyrənilmədən verilib.

Səbəb bəsitdir: Fransa bütün vasitələrdən və imkanlardan yararlanaraq Cənubi Qafqazda əsas geosiyasi aktor, inhisarçı aktor olmaq və bu minvalla Qərbin bölgədəki siyasəti ilə strategiyasını təkbaşına formalaşdırmaq niyyətindədir.

Emmanuel Makron nədənsə düşünür ki, onun planlarını ABŞ, Avropa İttifaqı, xüsusilə də son vaxtlar Parisin bölgəmizdəki siyasətini dolayısıyla paylaşan Almaniya dəstəkləyəccək.

Lakin Makron indiyədək dünyanın bir sıra bölgələrindəki strateji planlarında uğradığı məğlubiyyəti bu dəfə Cənubi Qafqazda təkrarlayacaq. Brüssel və Vaşinqton bölgədə Parisin intensiv siyasətinin artıq isterika səviyyəsinə tənəzzül etdiyinin fərqinə vararaq çox təhlükəli nəticələrin yaşanmaması üçün kuluar diplomatiyaya üstünlük verirlər. Şübhə yoxdur ki, Berlin də həmin taktikanı seçəccək.

Brüsseldə imzalanmış sənədlə bağlı Birləşmiş Ştatların Dövlət Departamentinin “dezinformasiyadır” açıqlaması yaşanan proseslərə dürüst yanaşma qismində dəyərləndirilə bilməz.

Avropa İttifaqının Orta Asiya ölkələri üzrə xüsusi təmsilçisi Teri Hakalanın Bakıda rəsmi səfərdə olması və ölkə rəhbərliyi ilə danışıqar aparması Brüsselin Cənubi Qafqazdakı siyasətində qismən də olsa, ehtiyatlı davranmaq niyyətindən xəbər verir.

Brüssel anlayır ki, Avropa İttifaqı-Orta Asiya sammitinin yaxınlaşdığı ərəfədə rəsmi Bakı ilə münasibətlərin sərinləşmə məcrasına yönəlməsi arzuolunmaz ssenaridir.

Reallıq budur ki, Azərbaycanın ən fəal iştirakı olmadan Orta Asiya və Cənubi Qafqazın Avropa İttifaqı ilə yanaşı, bütün Qərblə qarşılıqlı fəaliyyəti, genişmiqyaslı tərəfdaşlığı mümkün deyil.

Orta Asiyadan loqistika marşrutlarırının mövcud və perspektiv istiqamətlərinin üç variantı var: Rusiya, Azərbaycan və İran ərazisi.

Rusiya variantı Qərb üçün əsla qəbuledilməzdir: Ukraynadakı hərbi əməliyyatların Rusiya və Qərb arasında aşkar, sərt və amansız qarşıdurmaya çevrilməsi “şimal” marşrutlarının seçim ehtimalını müzakirə predmeti olmaqdan çıxarır.

İran istiqaməti ilə bağlı eyhamları belə, ABŞ və İsrail birmənalı şəkildə rədd edirlər. İsraillə İran arasındakı son qarşılıqlı zərbələri də xatırlasaq bəhs olunan ssenari illüziya təsiri bağışlayır.

Beləliklə, yeganə variant marşrutların Azərbaycan ərazisindən keçməsidir və Avropa İttifaqı da məhz praqmatizm siyasətinə sadiq qalaraq Bakı ilə əlaqələrin inkişafına can atır.

Eyni zamanda, Vaşinqton və Brüssel Paris-Bakı münasibətlərinin məhz Fransanın yürütdüyü destrktiv, emosional və məntiqsiz siyasəti nəticəsində sərinləşdiyini dərk edirlər. Fransanın Bakıdakı səfirinin Parisə çağırılması heç bir halda Qərblə Azərbaycan arasındakı münasibətlərdə ifrat gərginliyə və təhlükəli risklərin formalaşmasına səbəb olmayacaq.

Tam əksinə, Bakı bundan sonra Qərblə qarşılıqlı əlaqələri ilə tərəfdaşlığını Fransanın iştirakı olmadan qurmağa başlaya bilər. Bu isə Makron administrasiyasının ümumiyyətlə, Orta Asiya-Cənubi Qafqaz-Avropa İttifaqı tranziti layihələrində kölgədə qalmasına səbəb olacaq.

Dövlət Departamentinin “dezinformasiya” açıqlamasına gəldikdə isə, gözlənilən reaksiyadır və təəccüblü heç nə yoxdur.

Rəsmi Vaşinqton indiyədək danılmaz faktları təkzib etmək, qəbul etdiyi qərarlar, imzaladığı sənədlər və yürütdüyü siyasət barədə konkret dəlillərlə açıq sualları məhz inadla danmaq vasitəsilə dezavuasiya etməyə çalışıb.

Vaşinqton, Paris və Brüssel israrla təkzib etsələr də, ABŞ, Avropa İttifaqı və Ermənistan arasında İrəvana hərbi-texniki yardımlarla bağlı məxvi müzakirələr ötən ilin dekabr ayında başlanıb.

Birləşmiş Ştatların geniş tərkibli nümayəndə heyəti Erimənistanda olarkən sözügedən məsələ müzakirə edilib. Müzakirələr daha sonra Vaşinqtonda davam etdirilib.

Aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünə qədər Vaşinqton, Brüssel və İrəvan arasında intensiv məsləhətləşmələr aparılıb.

Müzakirələrdə Paris də aktiv iştirak edib. Rəsmi Bakının ciddi narahatlığını nəzərə alan ABH və Avropa İttifaqı müzakirələrdə hərbi-texniki yardımlarla bağlı nüansları açıqlamamağa qərar veriblər.

Qərb hazırda Ermənistan ordusunun qalıqlarını hücum potensialı yüksək olacaq silahlı qüvvələrə çevirmək, İrəvanı sürətlə silahlandırmaq niyyətindədir. Rəsmi olaraq bu strategiyanın əsas və az qala yeganə məqsədinin Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılması niyyəti olduğu deyilir.

Hətta İrəvan qarşısında şərtlər qoyulduğu, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılmasının, Ermənistanın MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) sıralarını tərk etməsinin də “zəruri nüanslar” olduğu da vurğulanır.

Brüssel sövdələşməsi çərçivəsində Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirən, faktiki olaraq erməni silahlandıran Qərb bölgəmizdə yeni gərginlik səbəbləri yaratmaqla məşğuldur.

TREND