Regionda hazırda VƏZİYYƏT: “Hər an onların fəal müdaxiləsi və daha genişmiqyaslı addımları gözlənilir”backend

Regionda hazırda VƏZİYYƏT: “Hər an onların fəal müdaxiləsi və daha genişmiqyaslı addımları gözlənilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həqiqətən, həm 2020-2023-cü illərdəki gərgin və müharibələrlə müşayiət olunan münasibətlərdən sonra, həm də bu günkü dünyanın digər regionlarındakı qızğın müharibələr fonunda Cənubi Qafqazdq vəziyyəti sabit kimi qiymətləndirmək olar. Amma qeyd etdiyim kimi nisbi sakitlik müvəqqəti çəkə bilər. Çünki Ermənistanın pozuçuluq və revanşist addımlarının qarşısı tam alınmayıb və ya onların sabah yenidən baş qaldırmaması üçün heç bir zəmanət yoxdur. Digər tərəfdən Fransa kimi acgözlüklə regiona girmək istəyən qüvvələr hələ də sakitləşmək bilmir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, hazırki  sabitliyin əsasında Azərbaycan Respublikasının başda Prezident İlham Əliyev olmaqla apardığı siyasət dayanır:

“Torpaqlarımızın erməni işğalından tam azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması gələcəyə olan ümidimiz artırıb. Nəhayət  Azərbaycanın son illərdə apardığı diplomatik səy və ərazisinin separatçı və terroristlərdən hərbi qüvvə tətbiq etməklə təmizlənməsi istiqamətində atdığı addımlar bu gün regionun ən böyük qarşıdurmasının sona çatması ilə nəticələndi. İndi Azərbaycanla Ermənistan arasında münaqişə sona çatıb və sülh danışıqları istiqamətində müzakirələr gedir.  Amma 2023-cü ildən sonrakı status-kvonun regionun   bəzi qüvvələrini razı saladığını düşünmək düzgün olmazdı. Burada Ermənistan, Rusiya və İran kimi Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr mövcuddur. Bu qüvvələrin bu gün vəziyyəti qızışdırmaq üçün müdaxilə etməməmələri heç də onların sona qədər sakit duracaqları anlamına gələ bilməz. Bu gün biz hər an onların fəal müdaxiləsini hiss edir və daha genişmiqyaslı addımlarını gözləyirik”.

Ə.İbrahimovun sözlərinə görə, bu günkü qlobal ictimai-siyasi və hərbi vəziyyət onların əl qol açmaları üçün uyğun deyil:

“Çünki onlar öz mövcudluqları üçün ölüm-dirim mücadiləsi verirlər. Regiondankənar qüvvələr arasında müdaxilə imkanına malik olan qüvvələrdən Aİ və ABŞ-ni göstərmək olar. Hazırda vəziyyəti gərginləşdirmək cəhdi məhz bu qüvvələrdən gəlir. Amma yaxın zamanlarda onların da bu istiqamətdə ciddi nəticə əldə edəcəkləri düşünmək düzgün olmazdı. Çünki bir tərəfdən bu güclərin özləri də digər regionlarda davam etməkdə olan iğtişaşlarla ciddi məşğuldurlar. Digər tərəfdən artıq Ermənistanda da kənar qüvvələrin regiondakı vəziyyətə müdaxilələrinin yaxşı nəticə verməyəcəyini düşünməyə başlayıblar”.

//Gülnarə Abasova, Editor.az