Seçkidən sonra iki mühüm qərar gözlənilir – Böyük dəyişikliyə hazırlıq başladıbackend

Seçkidən sonra iki mühüm qərar gözlənilir – Böyük dəyişikliyə hazırlıq başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbədənkənar prezident seçkilərinə 9 gün qalıb. Belə bir məqamda seçkilərdən sonra nələrin baş verəcəyi, hansı yeniliklərin olacağı sualları aktuallaşıb. Bəzi ekspertlər iddia edirlər ki, parlament seçkiləri elan ediləcək. Referendumun isə olmayacağı barədə iddialar səslənir.

Maraqlıdır, prezident seçkisindən sonra nələr olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, konstitusiyaya əsasən Milli Məclisə seçkilər noyabr ayının 3-də keçirilməlidir:

“Amma bəlli olduğu kimi, noyabr ayında Azərbaycanda mühüm beynəlxalq tədbir – COP29 keçiriləcək. Bununla bağlı ölkəmizə onminlərlə qonağın gəlməsi gözlənilir. Həmçinin dekabr ayında da bələdiyyə seçkiləri keçirilməlidir. Bu baxımdan, parlament seçkilərinin tarixi barədə öncədən proqnoz vermək çox çətindir.

Referendumla bağlı fikirlər artıq uzun müddətdir ki, səsləndirilir. Bütün bunlar nəzəri xarakter daşıyan, ehtimallara söykənən mülahizələrdir. Bu barədə əsaslı məlumatlara malik olmadığım üçün də konkret fikir səsləndirə bilmərəm. İstənilən proqnozun əsasında təsdiqlənmiş informasiya dayanmalıdır.

Elçin Mirzəbəyli

Amma bu il referendumun keçirilməyəcəyi ehtimalı məhz seçkilərin və ölkədə keçiriləcək beynəlxalq tədbirlərin sayına görə daha çoxdur. Ola bilsin ki, qarşıdakı illərdə konstitusiya islahatlarına gedilsin. Prinsip etibarilə buna ehtiyac var. Çünki ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra tamamilə yeni bir vəziyyət yaranıb. Qənaətimə görə, ana qanunumuz da bu reallıqlara və həm də yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır.

Prezident seçkilərindən sonra nə olacağını proqnozlaşdırmaq istəmirəm, ümid edirəm ki, ölkədə bütün fundamental istiqamətlər üzrə genişmiqyaslı, sürətli islahatlara start veriləcək”.

Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, seçki üzrə mütəxəssis Vəli Əlibəyovun sözlərinə görə isə nələrin olacağı seçkinin nəticəsindən asılıdır:

“Biz fərziyyələrimizi seçkidə yenidən İlham Əliyevin seçildiyi hal üçün irəli sürürük, çünki bunun baş verəcəyi ehtimalı böyükdür. Düşünürəm ki, ciddi kadr islahatı həyata keçirilməlidir. Vətən müharibəsindən sonra cəmiyyətdə böyük gözləntilər var.

Hamı iqtisadi durumlarında da yaxşıya doğru dəyişikliyin olacağını gözləyir. Bunun üçün isə dediyim kadr islahatına böyük ehtiyac var.

Vəli Əlibəyov

Özünü doğrultmayan və fəaliyyəti ilə hökumətin nüfuzuna ciddi ziyan vuran xeyli məmur var və onlar mütləq şəkildə dəyişilməlidir. Milli Məclisə gəldikdə bilirsiniz ki, gələn il Milli Məclisə seçkilər keçirilməlidir. Onun ertələnməsi mümkündür və hesab edirəm ki, hətta labüddür.

Amma bu dediyim kadr islahatından sonra baş verə bilər, əks halda lazımi nəticələr əldə etmək mümkün olmayacaq. Referendumun olub-olmayacağını da cənab Prezident həll edir. Milli Məclisə seçkilər bu il keçirilərsə büdcəyə qənaət baxımdan Referendumu da onunla birlikdə keçirmək olar. Sonda “nə olmalıdır?” və “nə olacaq?” suallarına konkret cavab verməyə çalışaq.

Ciddi kadr islahatı – düşünmürəm ki, olsun, baxmayaraq ki, buna ciddi ehtiyac var. Seçkidən sonra bir neçə məmurun işdən azad olunması və yerdəyişməsi baş verə bilər. Amma bu, ciddi kadr islahatı olmayacaq.

Milli Məclisə seçkilər – ciddi kadr islahatı olarsa növbədənkənar seçkilər keçirilə bilər. Əks halda, bunun mənası olmayacaq. Milli Məclisə növbədənkənar seçkilər keçirilərsə referendumun da onunla eyni vaxtda keçirilməsi ehtimalı yüksəkdir”.