“Şirin quyruğu” Kremldə qopdu: Moskvadan Tehrana tərs şillə – VİDEObackend

“Şirin quyruğu” Kremldə qopdu: Moskvadan Tehrana tərs şillə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təxribat səciyyəli hərbi təlimlərə qarşıyıq. İranın təlimləri Azərbaycanda da narahatlıq yaradır”.

Rusiyanın XİN başçısı Sergey Lavrovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında dediyi bu sözlər rəsmi Tehran üçün az qala şok effekti yaradıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya səfəri zamanı Moskva hava limanındaca Azərbaycandan şikayətlənməyə başlamamışdı. O, son günlərdə dayanmadan təkrarladığı marazmatik və absurd ritorikanı təkrarlayaraq “Azərbaycan kənar qüvvələr tərəfindən idarə olunur, Azərbaycan ərazisinə terrorçuları yığır” kimi sərsəm açıqlama verdi.

Bir ölkənin xarici işlər nazirinin üçüncü ölkənin hava limanındaca başqa dövlətdən uşaq kimi şikayət etməsi yaraşmayan hərəkət idi, təbii ki.

Sergey Lavrovun isə mətbuat konfransında İranın şikayətlərinə sərt və tutarlı cavablar verməklə iranlı həmkarını pərt etməsi, iranlı jurnalistin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimləri və Azərbaycan-Türkiyə-Pakistan təlimləri ilə bağlı sualına Lavrovun cavabları da Tehranı pərt etdi.

Xüsusilə də nəzərə alsaq ki, Xəzərin hüquqi-statusu ilə bağlı Konvensiya Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir, amma İranın özü hələ də bunu ratifikasiya etməyib. Azərbaycan tərəfinin də İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı narahatlığı var.

…Ümumiyyətlə, tələsik Moskvaya yollanaraq Rusiya rəhbərliyindən “kömək və imdad” diləyən Hüseyn Əmir Abdullahianın S.Lavrovla görüşündə prioritet məsələlər məhz Azərbaycanla bağlı idi.

Bunu nazirlərin görüşdən sonrakı mətbuat konfransında məhz Cənubi Qafqaz bölgəsində yaranmış situasiyadan bəhs etmələri də sübut etdi.

Abdullahianın “Cənubi Qafqazda yaranmış yeni geosiyasi dəyişiklikləri İran qəbul etmir” sözləri gerçəkdən də, Lavrova şikayət idi.

Moskvada hava limanında başlayan şikayətlərin məntiqi davamı olan “ərzi-hal”ı Rusiya dinləsə də, Tehranın iradlarını və iddialarını qəbul etmədi.

Azərbaycanın dövlət başçısı İlham Əliyev Cəbrayılda olarkən demişdi: “Bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun.

Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Axı, biz Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər, tapsınlar bir xarici vətəndaş var bu bölgədə?

Yoxsa durduğu yerdə Azərbaycanı ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Biz bunu heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”.

Rəsmi Bakının mövqeyi, göründüyü kimi, çox konkretdir: rəsmi Tehran bizi “sionistlərlə terrorçuları gətirmək”də suçlayırsa, zəhmət çəkib dəlil və sübut təqdim etsin.

Rəsmi Tehran hələ də susur, çünki nə sübutu var, nə də dəlili.

Abdullahianın Moskvadakı mətbuat konfransında jurnalistlər qarşısında özünü “haqlı tərəf” qismində göstərməyə çalışmasına rəğmən, Bakının mövqeyini açıqlayan Rusiyanın xarici işlər naziri S.Lavrov iranlı həmkarının bütün aciz cəhdlərini puç etdi. O, Cənubi Qafqaz bölgəsində, daha doğrusu, Azərbaycan sərhədlərinin yaxınlığında hərbi fəallaşmanın qəbuledilməz olduğunu vurğuladı və beləcə, rəsmi Tehrana sərt messic yolladı.

S.Lavrovun bu açıqlaması həm də onu göstərir ki, İranın hərbi təlimləri son günlərdə Bakı ilə Moskva arasındakı diplomatik təmasların əsas mövzularından birinə dönüb.

O, habelə bölgədə “3+3” formatının yaradılması imkanları müzakirə olunduğunu da vurğulayıb.

S.Lavrovun sözlərinə görə, bu formatda Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə təmsil olunacaqlar.

S.Lavrov bildirib ki, məhz Moskva Qarabağda münaqişənin dayandırılması, Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri səviyyəsində üçtərəfli sazişin imzalanması üçün həlledici rol oynayıb və bu sazişə uyğun olaraq regionda rusiyalı sülhməramlı kontingent yerləşdirilib: “Bundan başqa, birgə bəyanatda regionda bütün iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının açılması üzrə işlər də daxil olmaqla tənzimləmə üzrə birgə addımları müəyyən edən prinsiplər yer alır. Bu məsələdə təkcə Azərbaycan və Ermənistan deyil, həm də Gürcüstan qazanclı çıxacaq. Bundan həm də qonşu respublikalar qismində İran, Rusiya və Türkiyə də faydalanacaq. Biz bu gün üç Qafqaz ölkəsi və üç qonşu, Rusiya, İran və Türkiyənin iştirakı ilə “3+3″ formatının yaradılması təşəbbüsünü müzakirə etmişik”.

Göründüyü kimi, Rusiya və İran bir çox sahələrdə fəal tərəfdaş, hətta müttəfiq olsalar da, Cənubi Qafqaz bölgəsində vəziyyətin gərginləşməsi Moskvanın maraqlarına qətiyyən cavab vermir.

Bölgədə əsəblərin tarıma çəkilməsinin səbəbkarı qismində isə Moskva Tehranı görür: S.Lavrovun İranın təlimləri ilə bağlı Azərbaycanın narazılığını dilə gətirməsi buna dələlat edir.

Abdullahianın Moskva səfəri ilə bağlı Tehranın gözləntiləri özünü doğrultmadı və bu səbəbdən də İranın ölkəmizlə bağlı davranışında geri çəkilmələri, pozitiv dəyişiklikləri istisna etmirəm.

Ən azı ona görə ki, Azərbaycanın ünvanına fasiləsiz olaraq absurd ittihamlar səsləndirən Tehran indi çox pis vəziyyətə düşüb.

Hüseyn Əmir Abdullahiana gəldikdə isə, son günlərdə onun verdiyi müsahiəbələr, bəyanatlar və açıqlamalar əfsuslar olsun ki, İranın Xarici İşlər Nazirliyinə rəhbərliyin tam bir qeyri-peşəkara, diletanta və isteriyaya meylli şəxsə həvalə olunduğunu göstərir.

Moskva səfəri başlamamış hava limanında iranlı jurnalistlərin əvvəlcədən hazırlanaraq təsdiqlənmiş suallarını cavablayarkən Abdullahianın dedikləri diplomatik etika və siyasətlə bahəm, İranın 2 min illik diplomatiya tarixinin yazılmamış qaydalarından tamamən kənar idi.

Sualları sanki İranın XİN başçısı yox, Qumdakı mədrəsəni bitirəndən sonra teokratiyanın diletant təbliğatçısına çeçvrilərək əyalət təbliğatçısı kimi danışdı.

Soyuqqanlı, təmkinli İran diplomatiyasının son onillərdəki tarixində ilk dəfə XİN başçısı emosional davranaraq nə və necə danışdığının fərqində deyildi.

Sonda gələk Abdullahianın ifasındakı “Cənubi Qafqazda sərhədləri dəyişmək cəhdi” ilə bağlı sərsəm suçlamaya.

Son onillər ərzində bölgədə sərhədlər dəyişməyib: 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan Ermənistan ordusunun başını əzərək işğalçıları ərazisindən qovdu, dövlət sərhədlərinə çıxdı.

Müharibə başa çatandan sonra, gec də olsa, rəsmi Tehran ölkəmizin ərazi bütövlüyünün bərpasını dəstəklədi. Belədirsə, Abdullahian nədən danışır?

… Birgə mətbuat konfrasında Hüseyn Əmir Abdullahian “İranın Cənubi Qafqazdakı həyati maraqları”ndan bəhs etdi ki, əsl diplomatiya ustası, qroyssmester olan Sergey Lavrov da cavabında “Cənubi Qafqazda müharibədən sonrakı status-kvonun təminatçısı Rusiyadır” dedi.

Rusiyanın XİN başçısı həmin statusun ikinci təminatçısı Türkiyənin adını çəkərək rəzil duruma düşmüş Abdullahianı daha da alçaltmaq istəmədi.

Gerçək isə odur ki, Cənubi Qafqazda situasiyanı indi üç ölkə müəyyənləşdirir – Azərbaycan, Türkiyə və Rusiya.

Məğlub İrana qalansa bu ölkələrin şərtlərini qəbul etməkdir.

Hüseyn Əmir Abdullahianın bütün isterik və sərsəm bəyanatlarına rəğmən…

Elçin Alıoğlu
Milli.Az

Ş