“Terror təhlükəsinə qarşı nəinki quru sərhədlər bağlı qalmalı, hətta daha ciddi addımlar atılmalıdır”- ŞƏRHbackend

“Terror təhlükəsinə qarşı nəinki quru sərhədlər bağlı qalmalı, hətta daha ciddi addımlar atılmalıdır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus bəlasına qədər Azərbaycanda quru sərhədlərin bağlanması faktı qeydə alınmamışdır. Dünyanı cənginə alan dəhşətli koronavirus pandemiyasına qarşı mübarizədə dövlətlərin qabaqlayıcı tədbirlərindən biri də quru sərhədlərin bağlanması oldu. Belə ki, bu qərar təsadüfi şəkildə verilməyib. Azərbaycan dövlətinin də quru sərhədlərini bağlamaqdan başqa çarəsi yox idi. İndi isə dünya “əməli virus”, terrora  qarşı ciddi mübarizə aparır. Bunun timsalında hələ ki, quru sərhədlərin bağlı qalması labüddür”.

Bu fikirləri Editor.az-a açıqlamasın Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) sədri Ceyhun Musaoğlu deyib.

C. Musaoğlu hazırda dünya ölkələrinin ciddi terror təhlükəsi ilə üz-üzə qaldığına diqqət çəkib:

” Hazırda dünya ölkələri terrordan ciddi şəkildə əziyyət çəkir. Ötən gün Qafqazın ən güclü  dövlətlərindən biri, Rusiyada 4 nəfər tacikin əli ilə baş verən terror hadisəsi, ölkəmizdə icra başçısına qarşı sui-qəsd hadisəsinin qarşısının alınması faktı ciddi təəssüf hissi doğurur. Bu faktlar region ölkələrini  vətəndaşlarının təhlükəsizliyini daha ciddi şəkildə qorumağa vadar edir. Azərbaycan üçün isə vətəndaşlarının təhlükəsizlik məsələsi  ən əsas prioritetlərdən biridir. Çünki 30 illik işğala son qoymaqla Azərbaycan Qafqazda lider dövlətlərdən olduğunu sübut etdi, bununla da dünya ölkələrinin diqqətini özünə cəlb etdi. Ölkəmiz tərəfindən 30 illik işğala son qoyulması faktı bəzi ölkələr tərəfindən alqışlansa da, Ermənistandan bir “maşa” kimi istifadə etmək istəyən ölkələr tərəfindən pisləndi. Həmin ölkələr bu aqressiyaları ilə Azərbaycana qarşı məkrli planlarından əl çəkmirlər. Onların ölkəmizə təxribat planlarına qarşı ciddi tədbirlər görülür. Antiterror hadisələri zamanı ölkədən çıxarılan quldurların bir qismi hələ də Ermənistanda qalıb. Əgər quru sərhədlər açıq olsa, həmin qüvvələrin ölkəmizdə təxribat törətmək ehtimalları daha çoxdur.

Quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatına ciddi zərbə vurur. Ancaq buna baxmayaraq Azərbaycanda hökm sürən sabitlik naminə hökumət belə bir qərar verib. Çünki milyonlarla insanı terror təhlükəsi altında qoymaq olmaz. Nəzərə almaq lazımdır ki,  hazırda dünyanın gözü ölkəmizin üzərindədir. Terror təhlükəsinə qarşı nəinki quru sərhədlər bağlı qalmalı, hətta daha ciddi addımlar da atılmalıdır. Belə ki, biz Jurnalist Ekspert Mərkəzi olaraq bu addımı alqışlayır və Nazirlər Kabinetinin verdiyi bu qərarı dəstəkləyirik”.

//Gülnarə Abasova, Editor.az