Türkiyədəki valyuta böhranı Azərbaycana necə təsir edəcək?- AÇIQLAMAbackend

Türkiyədəki valyuta böhranı Azərbaycana necə təsir edəcək?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə iqtisadiyyatında müşahidə olunan proseslər ciddi yanaşma tələb edir. Çünki vəziyyət kifayət qədər narahatlıq doğurur. Lirənin xarici valyutalara nəzərən ucuzlaşması həmişə baş verib. Lakin bütün bunlar müəyyən zaman çərçivəsində ortaya çıxdıqdan sonra səngimiş, lirə möhkəmlənmişdir. Bu dəfəki dəyər itirmə prosesi isə həm artıq, uzun müddətdir davam etməsi, həm əvvəlkilərdən daha sürətliliyi və getdikcə dərinə işləməyə meyl göstərməsi, həm də ümumiyyətlə nəzarətdən çıxma qorxusu yaratması ilə seçilir”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, lirə ən əvvəl ona görə ucuzlaşır ki, Türkiyə iqtisadiyyatına hələ pandemiyadan öncə təzyiqlər var:

“Qərbin bu təzyiqləri Ankara ilə siyasi münasibətlərinə görə yarandığından artıq, 5 ildir davam edir. 5 ildir ki, ölkəyə xarici kapital axını, yəni investisiya əvvəlki illərlə müqayisədə gəlmir. İkincisi, pandemiya şəraitinin bütün dünya ölkələrin, o cümlədən Türkiyə iqtisadiyyatına vurduğu zərbə bəllidir… Türkiyədə ölkəyə xarici valyuta gətirən əsas sahələrdən biri turizm idi. Türkiyə turizm sahəsində dünyanın ən tanınmış ölkələrindən idi. Pandemiya ən böyük zərbəni hər yerdə məhz turizm sektoruna vurdu. Üçüncüsü, pandemiyadan sonra bütün ölkələrdə və dünya bazarlarında qiymətlər yüksəlib. Enerji daşıyıcıları bahalaşıb, ərzaq məhsulları qalxıb. Türkiyə böyük həcmli qeyri neft-qaz ölkəsidir hələki. Neft bahalaşıb, qaz bahalaşıb. Ankaranın valyuta xərcləri də xeyli yüksəlib. Demək istədiyim budur ki, lirənin real olaraq kəskin şəkildə ucuzlaşmasının obyektiv səbəbləri aydın göründüyü halda, hökumətin, xüsusən də müvafiq situasiyaya görə cavabdehlik daşıyan Mərkəzi Bankın bunları çərçivəyə almaq, lokallaşdırmaq əvəzinə “odun üzərinə benzin atmaq” mövqeyi və siyasəti çox ciddi təəccüb doğurur. Hələ, dövlətin xaricə borc öhdəlikləri üzrə ödənişlərini demirəm, hansı ki, bu özü də, ölkədən valyuta çıxmasına səbəb olur.Belə şəraitdə pulun dəyərini hökumət siyasəti olaraq əlavə olaraq da ucuzlaşdırarlarmı ? Bu, hansı məntiqə uyğun gəlir ?!”.

P. Həydərov qeyd edib ki, bahalaşma bütün dünya ölkələrində, qlobal iqtisadiyyatda müşahidə edilir:

“ABŞ valyutası qlobal miqyasda möhkəmlənir. Ümumiyyətlə, neft bahadırsa bu həm də, dolların möhkəmləndiyi deməkdir.Təcrid edilmiş bir şəkildə bu və ya digər ölkədə amerika valyutasını necə ucuzlaşdırmaq olar, əgər, o hər yerdə möhkəmdirsə ?! Türkiyə hökuməti tezliklə ölkənin valyuta gəlirlərinə diqqət yetirməli, ixracın ümumən genişlənməsi qayğısına qalmaqdansa, ən çox dollar gətirən məhsul və xidmətlər üzrə müvafiq stimullaşdırıcı addımlar atmalı və onların əl-qolunu buxovdan açmağa çalışmalıdır”.

İqtisadçı ekspertin sözlərinə görə, türk lirəsinin kəskin şəkildə ucuzlaşmasının Azərbaycana o zaman təsiri ola bilərdi ki, ölkəyə idxal olunan türk mallarının qiyməti aşağı düşsün:

” Amma faktiki olaraq belə bir hal müşahidə edilmir. Ümumiyyətlə, türk mallarının ixracının stimullaşması, qiymətin ucuzlaşması real olaraq müşahidə edilməməkdədir. Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə lirənin ucuzlaşmasının təsiri olmayacaq. Azərbaycan bazarında türk mallarının kəskin ucuzlaşmasının şahidi olmayacağıq və odur ki, narahatlığa heç bir əsas yoxdur”.

//Gülnarə Abasova, Editor.az