Yeni ixtisaslar nə dərəcədə səmərəli tədris olunacaq? –  Dərsliklərlə bağlı CİDDİ PROBLEMLƏRbackend

Yeni ixtisaslar nə dərəcədə səmərəli tədris olunacaq? –  Dərsliklərlə bağlı CİDDİ PROBLEMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Hazırda bir çox ölkədə bütün sahələri əhatə edən inkişaf proqramlarının tətbiqi həmin dövlətin güclənməsi və tərəqqisində ən vacib faktorlardan biri hesab edilir. Xüsusilə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi çox vacibdir. Ölkə inkişaf etdikcə, bir çox sahədə olduğu kimi Ali təhsil müəssisələrində də müəyyən dəyişikliklər özünü göstərir. Zamanın tələblərinə uyğun yeni-yeni ixtisasların açılması, bu istiqamətdə kadrların hazırlanması lazım olur. Bu ehtiyacları qarşılamaq üçün universitetlər də hər vəchlə çalışır. Lakin yeni açılan ixtisaslardan əlavə tədris olunan digər ixtisaslar üzrə tələbələr dərs vəsaitləri əldə etməkdə, ya da elektron variantlarını tapmaqda belə çətinlik çəkirlər. Müasir zəmanədə, inkişaf etmiş ölkələrdə bu kimi halların yaşanması, tələbələrin dərslik çatışmazlığı ilə qarşılaşması, fənni tədris edəcək müəllimlərin az olması, ümumiyyətcə həmin sahədə yaxşı ixtisaslaşmaması belə sual formalaşdırır ki, yeni ixtisaslar nə dərəcədə səmərəli tədris olunacaq? Bundan yüksək effekt və nəticə gözləmək düzgündürmü?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hər hansı yeni ixtisas açılarkən kifayət qədər müəllim və ixtisas üzrə dərs vəsaitinin olub-olmaması kimi məsələlər nəzərə alınmalıdır ki, sonrakı dövrdə hansısa problemlər yaşanmasın:

“Bu gün əksər universitetlər daha çox tələbə cəlb edərək təhsil haqqı yığaraq maliyyə təminatını gücləndirməyə çalışırlar. Yeni ixtisas açılırsa, mövcud vəziyyət təhlil olunmalıdır. Bu sahəni tədris edəcək müəllim, dərsliklərin olub-olmaması ciddi şəkildə araşdırıldıqdan sonra belə qərar qəbul edilməlidir”.

Təhsil eksperti Kamran Əsədov isə hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbənin təhsil aldığına diqqət çəkib:

“Bakalavr, magistr pilləsində təhsil alan tələbələrimizin dərsliklərlə bağlı ciddi çatışmazlıqları var. Birincisi, yeni trendlərə uyğun olaraq yaradılmış ixtisaslarla bağlı demək olar ki,  kitablar yoxdur. Xüsusən də magistr pilləsi üçün dərsliklərlə bağlı ciddi problemlər var. Bakalavr pilləsində də bir çox ixtisaslar üzrə həmin çatışmazlıqlarla üzləşirik. Ona görə də mütləq şəkildə yeni ixtisaslar açılmadan əvvəl həmin sahələr üzrə müasir dövrün tələblərinə cavab verən dərsliklər hazırlanmalıdır. “Sabah” qruplarında belə yeni ixtisaslar var, müəllimlərin işə qəbulu həyata keçirilir, amma, vəsaitləri yoxdur. Çox təəssüf ki, bir çox universitetlərin 15-20 min tələbəsi olsa da hər birinə çatacaq dərsliklər və ya onların elektron variantları yoxdur”.

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, Azərbaycanda yeni yaranan ixtisaslar əmək bazarında ən çox tələbat olan sahələrdir:

“Həmin ixtisasların açılması ilə paralel dərsliklər, sahələrə uyğun labaratoriya şəraiti, ümumiyyətlə infrastruktur tam qaydasında olmalıdır ki, ixtisaslı kadrları istənilən qaydada formalaşdırmaq mümkün olsun. Lakin bir neçə universitet istisna olmaqla təəssüf ki, çoxunda bu, mümkün deyil. Bununla əlaqədar Ali təhsil müəssisələri tərəfindən işlər görülür. Yaxın vaxtlarda mövcud çatışmazlıqlarla bağlı qəti addımlar atılacaq. Məsələn İT sahəsi üzrə mütəxəssislər hazırlandığı halda bəzi universitetlərdə komputer otaqlarının, eləcə də kompyuterlərin sayı azdır. Eyni zamanda digər ixtisaslar üçün də bu kimi problemlər mövcuddur. Ali təhsil müəssisələrində yeni ixtisaslar açılırsa, onlarla razılaşdırılmış şəkildə bu həyata keçirilməlidir. Qəbul edilən yeni ixtisas sahəsi üzrə ədəbiyyat siyahısı, dərsliklər, auditoriyalar hazırlanmalıdır. Yeni tələbələr ödənişli əsaslarla təhsil alırlarsa, o ödənişləri bu istiqamətə yönləndirmək mümkündür. Şəxsi deyil, tələbələrin mənafeyi istiqamətində addımlar atılarsa, yeni ixtisaslar üzrə kadr hazırlığı daha səmərəli ola bilər”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.