Zəfərdən sonrakı 100 gün: dəyişdik, dəyişdiririkbackend

Zəfərdən sonrakı 100 gün: dəyişdik, dəyişdiririk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Savaşı istədiyin an başlamaq olur, amma bitirmək – yalnız bacaranda…” (Nikkolo Makiavelli)

Vətən Müharibəsindəki qələbəmizdən bu gün 100 gün keçir.

… Azərbaycan dünyanın supergüclərindən biri, qlobal geosiyasəti bəlirləyən, dəyişən və ölkələri də dəyişikliklər faktı qarşısında qoyan ölkələrdən sayılmır.

ABŞ, Çin, Rusiya, Hindistan və ya Britaniya ilə müqayisədə kiçik ölkəyik. Vətəndaşlarımızın sayı böyük meqapolislərin sakinlərindən belə, azdır.

Lakin Karl Klauzevitsin dediyi kimi, “kiçik ölkə bəzən dünyanın məhvərini dəyişir”. Orta əsrlərdə belə kiçik ölkə Portuqaliya, sonrakı dövrdə Hollandiya oldu, 20-ci əsrdə isə kiçik Belçika və İsveçrə Avropa ilə yanaşı, dünya siyasətinin nəbzinin vurduğu məkanlara çevrildi.

21-ci əsrin indiki çağında isə dünya düzənindəki dəyişikliklərə təkan verən ölkələr sırasında Azərbaycan xüsusi, hətta əlahiddə yer tutur.

Səbəb – trivial, sadə, eyni zamanda möhtəşəm və əsrə damğasını vurası olaydır.

Ötən ilin sentyabrın 27-də başlayan və noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla bitən müharibə barədə statistik bilgiləri sıralamaq, düşmənin məhv edilən şəxsi heyətinin və texnikasının sayını təkrarlamaq niyyətindən çox uzağam.

Bu barədə çox deyilib, yazılıb.

Qələbənin 100 gününün önəmi elə həmin günlərdir, daha doğrusu, günlər sıralamasındakı zaman və o zamana sığışaraq səflənmiş gerçəklər.

İkinci Qarabağ Müharibəsi ölkəmiz və millətimiz üçün Vətən Müharibəsi oldu. Hansısa yüksəkliyi, məkanın, strateji və ya təm əksinə, önəmi olmayan məntəqə uğrunda döyüşmədik. Vətənin özü, sözü, keçmişi, gələcəyi və ümumiyyətlə, varlığı üçün döyüşdük.

Əsgərimiz səngərdə qələbəyə qurban dedi özünü, yağışın güllələr arasından damcı təki yerə düşməyə macal tapmadığı, güllələrin yağışa çevrildiyi cəng meydanında varlığını Vətənə fəda söylədi. Torpaq, yəni Vətən uğrunda vuruşanlar arasında torpağa qovuşan və o torpaqdan şəhadət zirvəsinə yüksələn yurd övladlarımızın nurlu çöhrələri ulusu bəxtiyar etdi.

Qələbə duyğusu, faktı və reallığı ilə.

Amma o qələbənin memarı var – Ali Baş Komandan. Ordunu quran, gücləndirən, zəfərə təşnə edən, xalqla ordunu birləşdirən və bütün milləti səfli əsgərlər misalı Qarabağ savaşına səfərbər edən İlham Əliyev.

100 gün az qala 100 məqamı, siyasi anlamı, geosiyasi reallıqları, modelləri və formatları dəyişdi.

Azərbaycan kiçik dövlət olsa da, böyüklər arasında xırdalanmadı və sübut etdi ki, dünya siyasətinin məhvərini belə, dəyişə bilər.

Kollektiv Qərb çağdaş geosiyasətdə artıq qlobal qarşıdurmanın real konfiqurasiyalarını həyata keçirdiyindən, həmin sxemlərdə müstəqil siyasət yürüdən və ya yürütməyə çalışan dövlətlərin üzləşdikləri problemlər, çağırışlar və çətinliklər dəfələrlə artır. Dünyanın müxtəlif bölgələrindəki hadisələrlə yanaşı, postsovet məkanında yaşananlar buna dəlalət edir. “Rəngli inqilab”ların fasiləsiz yenilənən və təkmilləşdirilən ssenariləri, “qızıl milyard”ın təminatı üçün xammal və ya resurs bazası seçilən dövlətlərin acı taleyi, bitmək bilməyən sosial və siyasi laübələrin fırtınasında gərdiş gətirə bilməyən etnosların faciələri – bütün bunlar günümüzün acı gerçəkləridir.

Azərbaycan isə Vətən Müharibəsini zəfərlə bitirərək dünyanın ən önəmli geosiyasi məkanlarından sayılan Cənubi Qafqazda güc nisbətlərini dəyişdi.

Bölgəmiz artıq böyük dövlətlərin, supergüclərin əvvəlkitək aprior, şəksiz diqtəsi ilə idarə olunan məkan deyil. Zbiqnev Bjezinskinin “böyük şahmat taxtası”nın önəmli hissəsi bəyan etdiyi məkanda Azərbaycan söz sahibidir.

28 illik işğala son qoyan ordumuzun Ali Baş Komandanı, yeni şərtləri bölgəyə diqtə edən gerçəklik və Qələbə – reallıq budur.

100 gün ərzində Qərblə bahəm, Şərq də anladı ki, Azərbaycan hərdaim diqtə edən tərəflərin abstrakt yox, konkret ideoloji opponentinə çevrilib.

Bakı kollektiv Qərbin təşəxxüslü və “qızıl milyard”ın maraqlarını hər şeydən, hər kəsdən üstün tutan isteblişmentinə qələbəsi ilə cavab verdi.

Qələbə ölkəmiziin mövcud vəziyyətinə cavab verir və bir daha sübut edir ki, Azərbaycan separatçılıqla terrorçuluğun lokal təzahürlərinin kökünü kəsmək, ərazisinin bir hissəsinin işğaldan azad edilməsini efemer “dünya birliyinin iradəsi”nə bağlamaq və Qərbin çoxdan işləkliyini itirmiş kollektiv siyasi mexanizmlərinin ümidinə buraxmaq niyyətində deyil.

Azərbaycan qələbəsinin 100 günü ilə göstərdi ki, neomüstəmləkəçiliyə, separatizmə, düynyanı qütbləşmiş matris formasında görən strukturlara qarşı müqavimət hərəkatının lideridir.

Vətən Müharibəsi həmin kollektiv Qərbin Qafqazda və Ön Asiya ilə Kiçik Asiyada neomüstəmləkəçi ilhaqçılığının avanqardı olan transmilliyi erməniliyin illərdən, əsrlərdən bəri qurduğu konstruksiyaları darmadağın etdi.

Amma unutmayaq ki, transmilliyi erməniliyin maraqları əsla dünyada tək və yeganə erməni dövləti olan Ermənistanda yaşayan ermənilərin mənafeləri, istəkləri və arzuları deyil.

Ermənistan dövlətçiliyini, özünü məhv etmək və itirmək istəmirsə, istisnasız olaraq bütün qonşuları ilə sülh, birgəyaşayış, tərəfdaşlıq, dəyərlərlə məhsulların qonşularla asudə və azad mübadiləsini gerçəkləşdirməlidir.

28 ildən bəri Qarabağ problemini həll etməyən, edə bilməyən və etmək istəməyən güclərin Yanus kimi iki siması var: kütlə üçün liberal, hədəflər üçün mühafizəkar.

Hər iki maska kiçik dövlətləri daha da kiçiltməyə yönəlmiş neoimperializm və neomüstəmləkəçiyin, institusionalaşmış sosial bərabərsizlik, gəlir və istehlak bütlərinin dünyanın mərkəzi, yaşamın mənası və kainatın sahibi qismində qələmə verildiyi qəvi dünyanın simalarıdır.

Bu simanın sahiblərindən kənar, savayı kim və nə varsa, xammal mənbəyidir, Qərbin “dostlar, müttəfiqlər və düşmənlər” təki Qədim Roma sıralaması ilə bəlirlədiyi ölkələrdir.

Qərb həmin ölkələrin hər birində “beşinci kolon”lardan yararlanaraq öz lakeyləri, buyruq qulları və xidmətçiləri vasitəsilə hakimiyyətlə cəmiyyətə təsir etməyə çalışır. Həmin binəvalarsa düşünürlər ki, Qərb dünyanın sahibi, arzu olunan xülyalar məkanıdır və normal, sivil hər kəs o dünyanın mənsubu olmalıdır.

Qələbədən sonrakı 100 gün bütün dünyaya göstərdi ki, Azərbaycan avropalaşmağa mütiliklə can atan fərdlər toplusu yox, unikal və təkrarsız, qədim və misilsiz mədəniyyət daşıyıcıları olan azərbaycanlıların yaşadığı, 28 illik işğala DƏMİR YUMRUQla son qoyan ölkənin vətəndaşlarıdır.

100 gün həm də tarixin dielektikasının kimlərinsə arzuladığı didaktika olmadığını, Türkiyə və Azərbaycanın gerçəkdən də bir millət-iki dövlət olduğunu, İsrailin, İtaliyanın, Pakistanın, Britaniyanın, Ukraynanın müttəfiq və dostluq sədaqətini göstərdi.

Qələbənin 100 günü postsovet məkanındakı ölkənin, Avropanın periferiyasında hesab edilən dövlətin hansısa dəyərlər kor-koranə təqlid etmədiyini, öz taktika və strategiyası olduğunu, mənasız ideologem axtarışlarına və sərsəm müzakirələrə vaxt sərf etmədən sürətli inkişafı seçməsini göstərdi.

Qələbədən keçən 100 gün Azərbaycanın müzəffər Ali Baş Komandanın idarə etdiyi ölkə, 6-cı nəsil savaş taktikasını gerçəkləşdirən və Qarabağ savaşındakı strategiyasını dünyanın ən qüdrətli ordularını araşdırıb öyrənməyə, əxz etməyə vadar edən silahlı qüvvələrə malik ulus olduğunu nümayiş etdirdi.

Qələbədən sonrakı 100 gün bizə bizi göstərdi  – dəyişən dünyanı və dünyamızı da bahəm.

Azərbaycanı…

//milli.az