Putin mayın 9-da müharibəni bitirəcək?-  “Onun ağlında daha dəhşətli planlar ola bilər”- ŞƏRHbackend

Putin mayın 9-da müharibəni bitirəcək?–  “Onun ağlında daha dəhşətli planlar ola bilər”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mayın 9-na qədər müharibənin bitəcəyini ehtimal etmirəm. Tək Baxmutda deyil, ümumiyyətcə Rusiya qoşunlarının Ukrayna səhnəsindəki davranışı, hazırlıqsız görünməsi ondan xəbər verir ki, rəsmi Moskva “xüsusi hərbi əməliyyat” adlandırdığı bu prosesdə tələskənliyə yol verib. Siyasi və hərbi rəhbərliyi real vəziyyəti nəzərə almayıb”.

Bu fikirləri Editor.az-a politoloq Tofiq Abbasov ukraynalı ekspertlər tərəfindən  mayın 9-da Rusiya prezidenti Vladimir Putinin Baxmutda müəyyən üstünlük əldə edəcəyi və bununla da müharibənin bitməsini elan edəcəyi ilə bağlı qaldırılan iddiaları şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya mövcud hesabatlara inanaraq ordu birləşmələrinin müdafiə, hücum potensialının lazımı səviyyədə olduğunu və qısa müddət kəsiyində Ukraynanı məğlubiyyətə uğrada biləcəyini düşünüb:

“Lakin görünən odur ki, rus qoşunları sırasında hərc-mərclik hökm sürür. Vahid komandanlığın dəsti-xətti müşahidə edilmir. “Vaqner” qrupu da artıq açıq-aşkar gileylənir. Bununla da görünür ki, ordu özü vuruşa bilmir və Y.Priqojinin digər hazırlıq keçmiş dəstələrinin də təminatını öz üzərinə götürmür. Burada qısqanclıqlar, qeyri-sabit rəqabətlər ola bilər. Həmçinin istefalar mövzusu da geniş müzakirə obyektinə çevrilib. Bildirilir ki, Sergey Şoyqu ümumiyyətlə vəziyyətdən xəbərsizdir. Ya onu aldadırlar, ya da özü siyasi rəhbərliyi yanlış məlumatlarla təmin edir. Bu variantların mümkünlüyü istisna deyil “.

Politoloqun 1 ildən artıqdır gedən müharibə nəticəsində Rusiyada yaranmış daxili vəziyyətə də diqqət çəkib:

“Bu müddətdə Moskvanın uğursuz əməliyyatlardan nəticə çıxartmaq kimi məqamlarda gerilədiyini və həvəssiz olduğunu müşahidə edirik. Düşünürəm ki, rəsmi Moskva tezliklə müharibəni bitirə bilməyəcək. Vladimir Putinin ağlından böyük planlar keçə bilər. Planda mayın 9-da bütün dünyanı misli görünməmiş hücumla valeh etməyi, Rusiya ordusunun güclü olduğunu göstərməyə çalışmaq istəyi ola bilər. Lakin biz bu göstəriciləri görə bilmirik. XX əsrin müharibələri yeni prinsiplər, yanaşmalar, texniki vasitələrin istifadəsi ilə çox innovativ tərzdə həyata keçirilir. Şəxsi heyət gərək özünün  qabiliyyəti ilə göstərsin ki, bu döyüşlərə hazırdırlar. Amma rus ordusunun bu göstəricilər kontekstində yarıtmaz mövqe sərgilədiyini görürük. Digər tərəfdən də böyük itkilərlə üzləşir. Bu vəziyyətdə hərbi paradın keçirilməsi belə yersiz görünür “.

//Safura Bənnayeva, Editor.az