Vaşinqtonun Ankaranı qorxutması birinci dəfə deyil.
Bunu rusiyalı siyasi ekspert Vladimir Bruter Pentaqon sözçüsü Çarlz Sammersin Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almasının nəticələrinin ağır olacağı ilə bağlı sözlərini şərh edərkən söyləyib.
“Mediada Türkiyənin ABŞ-a təslim olması variantı da yazılır. Bu, Türkiyə üçün qəbuledilməzdir. Çünki belə bir vəziyyətdə Türkiyə subyektivliyini itirəcək və ABŞ-ın tamamilə asılı bir müştərisinə çevriləcək. ABŞ təzyiq etməyə davam edəcək və Ankaradan razılaşmanı ləğv etməyini istəyəcək”, – Bruter deyib.
Ekspert Türkiyənin ABŞ-a qulaq asmayacağını, Rusiyanın silah sistemlərini almasının Ankaraya müstəqil xarici siyasət yeritməsinə imkan verəcəyini vurğulayıb:
“ABŞ-ın Türkiyəyə qarşı bəzi sanksiyalar və məhdudiyyətlər tətbiq edəcəyi gözlənilə bilər. Amma Vaşinqton Ankarayla münasibətlərinin pisləşməsini istəmir və dialoqun davam etdirilməsi ilə Türkiyənin ABŞ-ın təsirində qalmasını zəmanət altına alacağını düşünür. Bu səbəbdən S-400-lə bağlı bütün müzakirələrdən sonra ABŞ-ın çətin bir qərar verməsi lazımdır”.
Qeyd edək ki, bundan əvvəl Pentaqon sözçüsü Çarlz Sammers Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almasının nəticələrinin ağır olacağını deyib.
//Axar.az