ABŞ-ın Ermənistana “şirinlik” təklifi: Rusiyanın cavabı nə olacaq?- ŞƏRHbackend

ABŞ-ın Ermənistana “şirinlik” təklifi: Rusiyanın cavabı nə olacaq?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransadan sonra Böyük Britaniya və Amerika Birləşmiş Ştatları Ermənistanı dəstəkləmək istiqamətində müəyyən addımlar atmaq fikrində olduqlarını artıq bəyan ediblər. ABŞ Ermənistana guya “demokratiya” və “iqtisadiyyatı” dəstəkləmək məqsədi ilə 52 milyon dollar vəsait ayırır. Amma bu məbləğin nə demokratiyanın bərpası, nə də Ermənistanın çökmüş iqtisadiyyatının bərpası üçün yetərli olmayacağı hamıya məlumdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun sözlərinə görə, Ağ Ev demokratiya və iqtisadiyyat adı altında Ermənistanı Rusiyaya qarşı çıxışlarında stimullaşdırmaq istəyir:

“Yəni, bu 52 milyon, 500 milyon da ola bilər. Təbii ki, əgər Ermənistan Rusiyaya qarşı ritorikasını daha da sərtləşdirərsə.  52 milyonluq tranş Ermənistana Rusiya sərhədçilərini Zvortnoseç hava limanından çıxarmaq barədə Rusiya qarşısında məsələ qaldırdığı üçün verilir. Avqust ayında Rusiya sərhədçiləri hava limanından çıxarılarsa və Ermənistan Türkiyə və İran sərhədindəki rus sərhədçilərini çıxarmaq haqqında məsələ qaldırarsa, məbləğ daha da artırıla bilər. Məsələn bu dəfə ABŞ Ermənistana “demokratiya” və “iqtisadiyyata ” kömək adı altında daha ciddi məbləğlər verəcək.Misal üçün 200-300 milyon dollar verə bilər. Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılması üçün isə təklif olunan məbləğ milyarda çatacaq. Beləliklə, ABŞ Ermənistanı Rusiya qoşunlarını öz ərazisindən çıxarmağa həvəsləndirmək  üçün bir növ “şirinlik” təklif edir. Böyük Britaniya isə hələlik konkret təklif və məbləğ irəli sürmür. Amma o da Rusiya ilə qarşıdurmada Ermənistan hər cür kömək göstərməyə hazır olduğunu vurğulayıb. Amma həm ABŞ, həm də Böyük Britaniyanın bu tipli yardımlarının Ermənistana hansı qiymətə başa gələcəyi məlum deyil. Çünki bu yardımların müqabilində Rusiyanın cəza tədbirlərinin nədən ibarət olacağını proqnozlaşdırmaq çətindir. Bu dövlətlərin Ukraynanı Rusiyadan müdafiə etmək üçün göstərdikləri təşəbbüslərin nəticə vermədiyi isə göz qabağındadır”.

//Gülnarə Abasova, Editor.az