“İsrail İranla bağlı planlarını bu yolla reallaşdırmağa başlayıb”- ŞƏRHbackend

“İsrail İranla bağlı planlarını bu yolla reallaşdırmağa başlayıb”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1979-cu ilə qədər İsrail və İran  arasında münasibətlər kifayət qədər yüksək səviyyədə olub. Hər iki ölkə bölgədə Amerikanın NATO-dan kənar əsas tərəfdaşları sayılıblar”.

Bu fikirləri Editor.az-a politoloq Oqtay Qasımov İran şahının oğlu Rza Pəhləvinin İsrailə səfəri və  Qüdsdə baş nazir Benyamin Netanyahu ilə görüşünün əsas məqamlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, sözügedən vaxtlarda İran və İsrail münasibətləri daima inkişaf edib:

“Tərəflər arasında həm ticari səviyyədə, həm hərbi-texniki cəhətdən əməkdaşlıq imkanları güclü idi. Hazırda Quzey İraq Regional Hökumətinin başçısı Neçirvan Bərzaninin babası olan Mustafa Bərzaniyə  iki qüvvə -İran maddi, İsrail isə hərbi-kəşfiyyat yönündə dəstək verib. İranda İslam rejimi qurulub, mollalar hakimiyyətə gəldikdən sonra, İsrail düşmən ölkə elan olunub və münasibətlər kəskinləşib. Hazırda da iki ölkə münasibətlərdə ciddi şəkildə böhran yaşayır”.

Politoloqun fikrincə, İran şahının oğlunun İsrailə səfərinin bir neçə diqqət çəkən məqamı var:

“Məlumdur ki, İranda nüvə proqramı ilə bağlı aparılan proseslər son mərhələyə çatır, bu da İsraili və beynəlxalq aləmi ciddi narahat edir. Tehran rəsmiləri hər zaman İsraili məhv edəcəkləri ilə bağlı açıqlamalar verirlər. Buna görə də İsrail İranın mümkün qədər zəiflədilməsi, ya da ölkədə rejim dəyişikliyində maraqlıdır. Hakimiyyətə isə iki ölkə arasında münasibətlərin normallaşmasında müsbət rol oynayacaq qüvvələrin gətirilməsini istəyirlər. Bu qüvvə isə İran şahının oğlu ola bilər. Onun uzun müddət Amerikada yaşaması həm bir sıra ölkələr, həm də İsrail ilə müəyyən əlaqələrinin olmasına müsbət təsir edib.  Bu səfər də ondan xəbər verir ki, İsrail İranda rejim dəyişikliyi ilə bağlı planlarını həyata keçirmək üçün müxtəlif qüvvələrlə təmasdadır “.

//Safura Bənnayeva, Editor.az