Tehrandan sərt qərar: “Yaxın Şərqdə böyük savaş ehtimalı artır”backend

Tehrandan sərt qərar: “Yaxın Şərqdə böyük savaş ehtimalı artır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə onsuz da həssas olan geosiyasi balans İran ilə ABŞ-İsrail tandemi arasında artan qarşıdurma fonunda daha təhlükəli mərhələyə daxil olub. Tehran rəsmilərinin bütün silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlaması bölgədə hərbi ssenarinin real ehtimal kimi qiymətləndirildiyini göstərir. Mövcud gərginlik yalnız regional təhlükəsizlik üçün deyil, enerji marşrutları, beynəlxalq ticarət və qonşu ölkələrin maraqları baxımından da ciddi narahatlıq yaradır. Belə bir şəraitdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyi əsasən diplomatik təmasların nəticəsindən asılı olacaq.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında ötən həftə keçirilən danışıqlar yekunlaşsa da, daha sonra Pakistanın vasitəçiliyi ilə prosesin davam etdirilməsi planlaşdırılmışdı:

“Tərəflərin sabah İslamabadda növbəti görüş keçirməsi razılaşdırılmışdı. Lakin son açıqlamalar göstərir ki, vəziyyət yenidən qeyri-müəyyən mərhələyə daxil olub və regionda gərginliyin taleyi məhz yaxın saatlarda veriləcək siyasi qərarlardan asılı olacaq. Mövcud şəraitdə diplomatik kanalların açıq saxlanılması həm bölgənin təhlükəsizliyi, həm də Azərbaycanın milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır.

Amma dünən İran tərəfi növbəti dəfə bəyanat verərək danışıqlar prosesinə qatılmayacağını bildirdi və bunu onunla əsaslandırdı ki, Amerika Birləşmiş Ştatları Hörmüz boğazında tətbiq etdiyi blokadanı aradan qaldırmır. Nəzərə alsaq ki, bir neçə gün əvvəl İranın xarici işlər naziri onların Hörmüz boğazını ticarət gəmiləri üçün açacağını bildirmişdi, lakin bir gün sonra bu mövqedən geri çəkildilər və iki ticarət gəmisinə İran tərəfindən atəş açıldı. Bu isə kifayət qədər ciddi gərginliyə səbəb oldu.

Dünən ABŞ prezidenti də bəyan etmişdi ki, onun iki nümayəndəsi Stiv Vitkoff və Cerard Kuşner İslamabada gedirlər və ertəsi gün orada danışıqlar aparmalıdırlar. İran tərəfi isə yenidən bəyanat verərək həmin danışıqlardan imtina etdiyini açıqladı. Hər halda bu gün vasitəçilərin prosesə müdaxiləsini və danışıqların baş tutması üçün səylərini müşahidə edə bilərik. Əgər bu danışıqlar dayanarsa, o zaman şübhəsiz ki, yenidən gərginliyin aktiv fazaya keçməsini görə bilərik”.

Politoloqun sözlərinə görə, Donald Trampın da İrana sərt mesajlar verməsi fonunda yaxın günlərdə tərəflər arasında danışıqlar baş tutmasa və hər hansı razılaşma əldə olunmasa, gərginlik davamlı xarakter alacaq:

“Əslində Amerika Birləşmiş Ştatları da İranla müəyyən maraqlar çərçivəsində anlaşma əldə etmək istəyir. Burada əsas iki məsələ nüvə proqramı və Hörmüz boğazının açılmasıdır. Danışıqlar prosesinin dayandırılması ilə bağlı bəyanatlar gərginliyi ciddi şəkildə artırır. Amma düşünürəm ki, tərəflərin hələ bir gün də vaxtı var və bu müddətdə çox şey dəyişə bilər. Ona görə hərbi eskalasiya ehtimalını hələlik çox yüksək qiymətləndirmirəm.

Əgər doğrudan da hərbi eskalasiya yenidən başlasa, bu o demək olacaq ki, İrana yenidən zərbələr endiriləcək. Bu dəfə hücumlar daha çox mülki infrastruktura, elektrik stansiyalarına, körpülərə və digər strateji obyektlərə yönələ bilər. Bu isə İran üçün kifayət qədər ciddi problemlər yaradar.

Nəzərə alsaq ki, hazırda İranda vahid idarəetmə görüntüsü zəifləyib və müxtəlif qruplar ölkənin idarəçiliyində təsir uğrunda mübarizə aparırlar, bir tərəfin verdiyi bəyanatı digər tərəf təkzib edir və ya əks addım atır. Bu baxımdan kifayət qədər mürəkkəb vəziyyətin yarandığını demək olar. Faktiki olaraq bu gün İranda prezident, xarici işlər naziri və digər mülki şəxslərin, daha praqmatik qüvvələrin təsir imkanlarının zəiflədiyi müşahidə olunur. Hazırkı şəraitdə ölkənin daha çox sərt xətt tərəfdarları tərəfindən idarə olunduğu görünür. Bu isə hətta hərbi qarşıdurma dayansa belə, həm ölkə daxilində, həm də regionda ciddi risklər yaratmağa davam edəcək”.

//Gülnarə Abasova, Editor.az