“Qiymət artımı ictimai nəqliyyatda mövcud problemlərin həllinə kömək edəcəkmi?”-Ekspertlərdən AÇIQLAMAbackend

“Qiymət artımı ictimai nəqliyyatda mövcud problemlərin həllinə kömək edəcəkmi?”-Ekspertlərdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai nəqliyyatda mövcud olan problemlər uzun zamandır ki, həllini tapa bilmir. Təbii ki, bunun da bir neçə səbəbi var. Məsələn bir çox avtobus sürücüsünün təhlükəsizlik qaydalarına , sərnişinlərlə davranış normalarına riayət etməməsi bu problemlərin yaranmasında başlıca rol oynayır. Dövlət isə nəqliyyat idarəedilməsində mövcud problemlərin fərqindədir və həlli istiqamətində müəyyən addımlar atır.

Bu gündən etibarən qüvvəyə minən avtobus və metrolarda gedişhaqqının artırılması məlum prosesə töhfə verəcəkmi?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu gün nəqliyyatın idarəedilməsində müəyyən çətinliklər, problemlər qalmaqdadır:

“Çünki həmin problemlər bugünə aid deyil. İllərdir ki, yığılıb qalan bu problemlərin həlli istiqamətində ciddi addımlar atılmır. Amma hesab edirəm ki, bunu kökündən həll etmək üçün dövlət özündə güc tapıb birdəfəlik bu sahəyə böyük investisiya qoymalı, daşıyıcı şirkətləri ələkdən keçirməli, ictimai nəqliyyatı nizama salmalıdır. Müəyyən nəzarət altında bu sistem öz işini görməlidir. Gediş haqqının artırılması isə bu istiqamətdə inkişafa cüzi təsir göstərəcək. Çünki 10 qəpik daşıyıcı şirkətlər üçün elə də böyük məbləğ deyil. Hazırda həmin şirkətlər zərərlə işləyir və əksəriyyətinin də milyonlarla manat borcu var. Dövlət hansısa formada dəstək göstərməsə, vəziyyət daha da pis olacaq”.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə qeyd edir ki, dövlət ictimai nəqliyyatda fəaliyyət göstərən özəl daşıyıcı şirkətlərin müraciətini nəzərə alaraq bu qiymət dəyişikliyinə gedib:

“Bu gündən etibarən ictimai nəqliyyatda işləyən özəl daşıyıcı şirkətlər də onların qarşısına qoyulan tələblərə əməl etməlidir. Sərnişindaşımada xidmət səviyyəsinin yüksəlməsi, keyfiyyətli avtobusların marşruta buraxılması, avtobus tələblərinin artırılması kimi öhdəliklər nəzərdə tutulur.  Lakin belə tez bir zamanda, qiymət dəyişikliyi olan kimi ictimai nəqliyyatda sərnişindaşınmanın keyfiyyətinin artırılacağına əmin deyiləm. Çünki buna kifayət qədər vaxt lazımdır. Ən azı 3 ay gözləməliyik. Lakin bu müddətdən sonra da vəziyyət eyni qalacaqsa, keyfiyyəti artıra bilməyən özəl daşıyıcı şirkətlər ictimai nəqliyyatdakı fəaliyyətlərindən uzaqlaşdırılmalıdır”.
 
//Safura Bənnayeva, Editor.az