Azərbaycan ətrafında şok gəlişmə – “Britaniya da bunda maraqlıdır”backend

Azərbaycan ətrafında şok gəlişmə – “Britaniya da bunda maraqlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan üçün Ermənistanla danışıqlar predmeti olan əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Artıq Qarabağ münaqişəsi bitib və bununla bağlı qalan məsələlərin həlli İrəvanla müzakirə edilməyəcək. Bundan sonra Ermənistanla yalnız iki ölkə arasındakı münasibətlərin bərpasından danışmaq olar, o cümlədən, Zəngəzur dəhlizinin açılmasından”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün nə qədər strateji önəm daşıyırsa, bir o qədər də Türkiyə üçün əhəmiyyətlidir:

“Türkiyənin Mərkəzi Asiyaya açılması, türk dövlətləri ilə birbaşa siyasi-iqtisadi münasibətlər qurması, həmçinin Rusiya ilə dəmir yolu əlaqəsi də bu xətt üzərindən mümkün ola bilər. Türkiyənin yeni dünya nizamındakı mövqelərinin möhkəmlənməsində bu dəhlizin xüsusi önəmi olacaq. Artıq Ankara Zəngəzur dəhlizinin açılmasını Rusiya ilə müzakirə edir. Hesab etmək olar ki, Rusiya və Türkiyə liderlərinin Soçidəki son görüşündə bununla bağlı şifahi razılaşma da əldə olunub.

Təbii ki, Rusiya da bu dəhlizin açılmamasında maraqlıdır. Ukraynada davam edən müharibənin yaratdığı problemlər Rusiyanı əvvəlki mövqelərindən geri çəkilməyə məcbur edir. Buna görə də Moskva bu məsələdə Bakı və Ankara ilə eyni mövqedə dayanır. Artıq bu üç tərəf arasında anlaşmanın əldə edildiyini deyə bilərik”.

İran və Ermənistanın yanaşmasına gəldikdə, Məhəmməd Əsədullazadə hesab edir ki, İrəvan və Tehran Zəngəzur dəhlizinin açılmamasında maraqlı görünmür:

“İrandan fərqli olaraq, Ermənistan 10 noyabr bəyannaməsinin 9-cu bəndinə əsasən dəhlizin müddətsiz açılmasına razılıq verib. Amma Ermənistan “ənənə”sinə uyğun olaraq, yenə də prosesi pozmağa çalışır. Amma unudur ki, artıq Azərbaycan qalib tərəfdir və Ermənistanın çıxış yolu yoxdur. İrəvanın bütün avantürist addımlarına rəğmən bu dəhliz açılacaq. Çünki üzərinə götürdüyü öhdəliyin altında öz imzası var.

İran isə Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı nüfuzunun güclənməsindən narahat olduğu üçün buna qarşı çıxır. Amma İranın bu narahatlığı əbəsdir. Çünki İran burada elə-belə fikri soruşulan tərəf belə deyil.

Hesab edirəm ki, Britaniya və Avropa da Zəngəzur dəhlinin açılmasında maraqlıdır. Qərb Rusiyadan yan keçən, Qərblə Şərqi birləşdirən bu nəqliyyat dəhlizinin iqtisadi faydalarının fərqindədir. Qərb bu yeni marşutla Çin və Uzaq Şərq ölkələri ilə quru əlaqəsini bərpa edə bilər. Bu baxımdan, hesab edirəm ki, Prezident İlham Əliyev və Nikol Paşinyan arasında keçiriləcək görüşdə Zəngəzur dəhlizinin açılması müzakirə ediləcək. İlham Əliyev bu məsələdə prinspialdır, İrəvanın isə çıxış yolu yoxdur”.

//Yenisabah.az