AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ dünya azərbaycanlılarının canına, qanına hopmuş ali dəyərdirbackend

AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ dünya azərbaycanlılarının canına, qanına hopmuş ali dəyərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.9. azərbaycançılıq ideyasının təbliği;

Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etmək məqsədi daşıyır. Bunun nəticəsidir ki, biz 44 günlük Vətən müharibəsində gördük ki, bütün dünya azərbaycanlıları məhz azərbaycançılıq ideologiyası ətrafında bir yumruq kimi birləşdi. Heydər Əliyev tərəfindən əsası qoyulan  bu ideologiyanın Azərbaycanda milli birliyin əldə olunmasında, xüsusən gənclərin Azərbaycanın milli maraqları və vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rolu və əhəmiyyəti var.

Mövzu ilə əlaqədar Editor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, milli gücün vahid maraqlar uğrunda səfərbər olunması üçün milli ideologiya olduqca vacibdir:

” Azərbaycançılıq, milli məfkurə və milli ideologiya kimi bu gün mühüm birləşdirici faktor qismində çıxış edir. Dünya azərbaycanlılarının həmrəyliyi olduqca vacibdir. Biz bilirik ki, dünya azərbaycanlıları dünyanın 60-dan çox ölkəsində yaşayır və Azərbaycan onların hər birinin vətənidir. Ona görə də millətin kütləvi sinxron hərəkətinin və milli maraqlara münasibətdə kütləvi ortaq təfəkkürünün formalaşması üçün azərbaycançılıq ideologiyası və dünya azərbaycanlılarının həmrəyliyi vacibdir. Biz bilirik ki, bu cür təşkilatlanmalarda simvollar çox mühüm əhəmiyyət daşıyır. Ümummilli liderimiz Heydər Əliyev də məhz bunu nəzərə alaraq 31 dekabr- dünya azərbaycanlılarının həmrəyliyi günü kimi elan etdi”.

H. Babaoğlu qeyd edib ki, hər bir azərbaycanlının dünyanın harasında olmasından aslı olmayaraq milli adət-ənənələr əsasında birləşdiyi, milli etnik kökünü yad etdiyi  ortaq bir günü var:

“Dünyanın hər bir yerində yaşayan azərbaycanlılar həmin gün gündəlik qayğılardan çıxaraq azərbaycan kimliyinə qayıdırlar ki, bu da milli bütövlüyümüz naminə olduqca vacib bir hadisədir. Məhz bu təşkilatlanma, vahid birlik və həmrəylik nəticə etibarilə 44 günlük Vətən müharibəsində ayrı-ayrı ölkələrdə yaşayan diaspora nümayəndələrimizin nə qədər mütəşəkkil şəkildə milli davamıza sahib çıxmasını göstərdi. 44 gün bütün dünya azərbaycanlıları Azərbaycanın mənafelərini barizcəsinə qorumağı bacardı. Beləliklə, Azərbaycan xalqının bütövlüyü, birliyi bütün dünyaya nümayiş olundu. Hesab edirəm ki, ideoloji konteksdə mühüm strateji  hadisə olan bu günün qeyd olunması Ulu Öndərin Azərbaycan xalqına bəxş etdiyi mühüm əlamətdar hadisələrdən biridir. Hər bir azərbaycanlı harda olursa olsun, azərbaycanlı sosial kimliyini dərk edərək azərbaycançılıq ideologiyasına sadiq qalır, böyük bir xalqa mənsub olduğunu yad edir, xalqların mübarizə tarixində milli mübarizəmizə müəyyən töhfələr vermiş olur”.

Politoloq Şəbnəm Həsənova Editor.az-a açıqlamasında qeyd edib ki, Zəfərimizin və bugünkü reallıqları Azərbaycanın diqtə etməsinin təməlində, heç şübhəsiz ki, Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyənləşdirilmiş Azərbaycançılıq ideologiyası dayanır:

“Bu ideologiyanın mərkəzində yerləşən ana qanun isə vətəndaş həmrəyliyidir. Tarix boyu bölünməyimizə, min-min əzab-əziyyətlərə düçar olmağımıza baxmayaraq adı bilavasitə Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Azərbaycançılıq ideologiyası sadəcə dünənin nailiyyətlərinə deyil, bugünün reallıqlarına və gələcəyin artıq müəyyənləşdirdiyimiz addımlarına işıq tutur. Xalqımızı məhv olmağın, parçalanmağın astanasından qaytaran bu ideologiya torpaqlarımızın geri qaytarılmasının müjdəçisi oldu. Azərbaycançılıq ideologiyası dinindən, dilindən, irqindən, milliyyətindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının Vətən, dövlət naminə birliyini təmin etdi. 44 günlük Vətən müharibəsində məhz bu ideologiya ətrafında yumruq kimi birləşməyimiz xarici, məkirli qüvvələrin qarşısında dimdik dayanmağımızı gerçəkləşdirdi”.

Politoloqun sözlərinə görə, azərbaycançılıq məfkurəsi nəinki döyüş meydanında gedən savaşlarda, informasiya savaşında da dünyanın dörd bir yanına səpələnmiş azərbaycanlıların əlində bayraq oldu:

“Azərbaycançılıq məfkurəsi dünya azərbaycanlıların canına, qanına hopmuş ali dəyərdir, bu bizim sönməz məşəlimizdir. Ulu Öndər Heydər Əliyev bu məfkurənin təməlini qoymaqla, bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəb yaratdı. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli davamçısı olmaq uğrunda əzmlə çalışır. Heydər Əliyevin ideyaları, dərin biliyi, uzaqgörənliyi, mərdliyi bu gün biz gənclər üçün örnək olmaqla yanaşı, həm də dövlət qarşısında olan sadiq fəaliyyətimizdə əbədi məşələ çevrilmişdir. Ulu Öndərin qorxmazlığı, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizəsi kimi xarakterik xüsusiyyətləri biz gənclər üçün ən gözəl və ən aydın örnəkdir. Onun fəaliyyətini əsas tutan biz gənclər hər gün dərk edirik ki, mənalı və şərəfli ömür yolu sürmək tək özünün nümunəvi davranışlarınla kifayətlənmir, həm də bu istiqamətdə cəmiyyət üçün faydalı vətəndaş olmaqdan keçir. Vətənə, xalqa, dövlətə, torpağa sonsuz məhəbbət və sədaqət bizim yaddaşlarımıza məhz Ümummilli Liderimizin ideyaları ilə aşılanır. Ən çətin məqamlarda belə torpağa və dövlətə sədaqət prinsipi Ulu öndər Heydər Əliyevin biz gənclərə ən ali mirasıdır. Ümummilli Lider dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, həmçinin vətəndaşlarımızın dinc və firavan həyatının təmin edilməsi istiqamətində mühüm addımlar atdı. Azərbaycançılıq ideologiyasının sağlam təməllər üzərində qurulması ilə xalqımızın dövlətçilik ənənələri inkişaf etdirildi, multikultural dəyərlər sadəcə dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilmədi, həm də cəmiyyətimizin həyat tərzinə çevrildi. Əsas məsələ isə bu dövlətçilik ənənəsinin və cəmiyyət dəyərlərinin daha sonrakı nəsillərə düzgün çatdırılması və aşılanması idi. Bu gün dövlətimizin başçısı “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək Azərbaycanın milli maraqlarını prioritet istiqamət kimi müəyyənləşdirib, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir. Ümummilli liderin ideyalarını əsas tutan Prezident İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdığı üçün bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bütün bunlarla yanaşı, Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş şəkildə təbliğ olunaraq gələcək nəsillərə ötürülməsi missiyasını bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva layiqincə icra edir, təhsili, mədəniyyəti, sosial siyasət məsələlərini fəaliyyətinin ana xətlərindən biri hesab edərək, hər bir azərbaycanlının səsinə səs verir və beləliklə də insanların həqiqi, səmimi və dərin sevgisini qazanır. Şuşanı işğal edən azad edən gənclər xəmiri Azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş gənclərdir. Bu gənclər Ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri olan gənclərdir. Gənclərimizin məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Cənab Prezidentin də qeyd etdiyi kimi heç kim bu torpaqları bizə elə-belə verməyib, biz əzəli torpalarımızı əhəmiyyətsiz danışıqlarla yox, döyüşə-döyüşə aldıq. Bu gün Azərbaycan xalqı bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla anır. Bu gün hər bir Azərbaycan gənci öz sahəsində əlindən gələni edərək Azərbaycanın daha parlaq gələcəyə addımlaması yolunda əzmlə çalışır”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.