Martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, istintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.