Başlanğıc nöqtə Xersonun geri alınması ilə ola bilər:” Putin üçün qara günlər elə də uzaqda deyil”backend

Başlanğıc nöqtə Xersonun geri alınması ilə ola bilər:” Putin üçün qara günlər elə də uzaqda deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putinin Ukraynaya hücum əmrini verməsi elə bir hadisə idi ki, onun öldürülməsi fikri çoxlarının ağlına gəlirdi. Amma bu, elə də asan iş deyil”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi analitik bildirib ki, Putinin pandemiya səbəbindən bunkerdə gizləndiyi, keçirdiyi görüşlərdə stolun uzunluğu və görüşdüyü adamlarla arasındakı məsafə heç kəsin yadından çıxmayıb:

“Putin illərin dövlət adamıdır. Sovet KQB-sinin agenti olub. Təhlükəsizlik məsələsində çox böyük təcrübəsi olan insandır. Rusiya idarəetmə sistemi elə qurulub ki, ən başda olan mütləq hakimdir. Bu sovet vaxtında da belə idi. Putin isə öz avtoritarizmi ilə idarəetmə orqanlarında çox böyük hökmə sahibdir. Onun idarəetmə orqanlarının rəhbərləri ilə görüşdə RTŞ-nin rəhbəri Patruşevin Putinin qarşısında hansı duruma düşdüyü, ağzından ona lazım olan sözləri almaq üçün Putinin necə təzyiq etdiyi kadrlar da maraqlı idi. Putin yürütdüyü bu eksponsial siyasətə Rusiya daxilində informasiya təbliğatı ilə elə don geyindirib ki, rus xalqı zombi kimi onun arxasında dayandığını bildirir. Etiraz edənlər isə ya ölkədən qaçıb, ya da tətbiq edilən sərt hüquqi tədbirlər ucbatından səslərini çıxarmağa qorxurlar. Səs çıxaranlar isə həbs edilərək həbsxanalara salınır. Ən son rus jurnalisti vətənə xəyanət ittihamı ilə 22 il ciddi cəza müəssisəsində azadlıqdan məhrum etdilər. Bunların hamısı Putinin rejimini və təhlükəsizliyin qorumaq üçün atılan addımlardır. Hesab etmək olar ki, hələlik Putini ciddi təhlükə gözləmir”.

A. Qasımov qeyd edir ki, Putin kütləvi əsgər ölümləri hesabına da olsa Ukraynadan kiçik ərazilər işğal edib və rus təbliğat maşını bunu elə təqdim edib ki, bütün kollektiv Qərblə döyüşür:

” Odur ki, Putin hələlik rus xalqının nəzərində qəhrəman obrazındadır.
Amma hesab edirəm ki, Putin üçün qara günlərin başlaması elə də uzaqda deyil. Ukrayna ordusunun əks hücum əməliyyatları nəticə verdikcə Putinin buna görə məsuliyyəti artacaq və bunun daxildə hesabı sorulmağa başlayacaq. İlk növbədə bunu əsgərlər edəcək. Putin indiyə kimi bir neçə generalı uğursuzluqlara görə vəzifəsindən kənarlaşdırıb, həbs edib. Amma irəliləyiş yoxdur. Əksinə ordu geri çəkilir. Bu durumda məsuliyyət daşıyan generallar öz talelərindən qorxub Putinə qarşı çıxa bilərlər. Onların yerinə də gəlməli olan generallar ordunun durumunu bildikləri üçün eyni aqibəti yaşamamaq üçün bir-birilərinə dəstək olub Putini devirmək barədə planlar hazırlaya bilərlər.
Bunların hamısı hadisələrin nəticəsindən asılı olacaq. Başlanğıc nöqtə isə Xersonun geri alınması ola bilər”.

//Gülnarə Abasova, Editor.az