“Hamını otaqdan çıxarıb tabutun qabağında oynadım” – Zəlzələdə həlak olan Gündüzün nənəsibackend

“Hamını otaqdan çıxarıb tabutun qabağında oynadım” – Zəlzələdə həlak olan Gündüzün nənəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsrin ağır faciəsi adlandırılan Malatya zəlzələsi minlərlə ailənin işığını söndürdü. Minlərlə arzu yarımçıq qaldı. Təhsil almaq üçün Malatyaya gedən 4 azərbaycanlı tələbəmiz kimi…

Onların  dağıntılar altından sağ-salamat çıxması üçün bütün xalqımız dua etdi. Şad xəbər almaq üçün neçə gün qulağımız səsdə oldu. Lakin xatirələr və səbr etmək qaldı bizə. Kaş ki, zəlzələ olmasaydı. Kaş ki, Gündüz qardaşı Arzuman bəyi qardaşsız qoymasaydı. Kaş ki, atasını, anasını, nənəsini gözüyaşlı qoymasaydı…

Amma nə etmək olar. Şair Elbrus Qayalının “Nigaran qalma məndən, cənnətdəyəm, ey ana” misrası yadıma düşdü. Bəli, nigaran qalmayın, Gündüz cənnətdədir. Ömrü də arzuları kimi, yarımçıq qalan Gündüz…

Gündüzün atası Mübariz Nəzərzadə Yenisabah.az-a oğlu ilə bağlı xatirələrini bölüşdü:

– Mənim övladım atasına, anasına, nənəsinə, qardaşına qarşı çox layiqli bir oğul idi. Vətəni üçün də çox layiqli işlər görəcəkdi. Amma olmadı. Qismət belə gətirdi. Xəbəri eşidəndə fevralın 6-sı səhər 8-in yarısı idi. Yoldaşım qışqıra-qışqıra tez yanıma gəldi. “Mübariz, oyan. Gündüz qalan bina çöküb…” Onun səsi hələ də qulaqlarımda səslənir…

Gündüz qalan məhlədə 8 bina var idi. Onlardan ancaq mənim oğlumun binası çökmüşdü. Tez bilet alıb getdik. Gedən zaman çox dəhşətli bir mənzərə ilə rastlaşdıq. 8 mərtəbəli bina tamamilə çökmüş və bütünlükdə qum halına dönmüşdü. Bizə deyilənə görə o binadan 3 qız uşağı sağ-salamat çıxa bilib. Qalan kim çıxdısa, cəsədi çıxdı. Əgər oğlum yaşasaydı, çox böyük uğurlara imza atacaqdı. İşinə, sənətinə ürəkdən bağlı idi. Amma Allahın bildiyi məsləhət imiş. Tanrım 23 yaşında oğlumu bizdən aldı”.

Gündüzün nənəsinin dilindən: 

– Mənim Gündüzüm göydən enən bir mələk idi. Onun haqqında nə danışsam belə azlıq edəcək. Mənim balamın ən böyük arzusu hüquqşünas olmaq idi. Anası isə onu tibb sahəsində həkim kimi görmək istəyirdi. Gündüzüm öz arzusun atıb anasının arzusun reallaşdırdı. Mənim nəvəm bu cür fədakar, ailəsinə bağlı oğlan idi. Ona nə desək də cavabı yalnız “Allah sizdən razı olsun”, “Halallıq verin” ifadələri olurdu. Tayı-bərabəri olmayan bir övlad idi. Allah həlak olan 4 tələbəmizə də rəhmət eləsin. Onların hər biri öz ailəsinin çırağın söndürdü. Eyni taleyi yaşadılar. Hara gedirəm, Gündüz qarşıma çıxır. Hara gedirəm balamı görürəm… Bu gün səhər-səhər evdə qab yuyurdum, bir də gördüm balam düz qabağımda dayanıb. Sanki mələyimiz bizi qoyub getməmişdi… Ölümündən öncə öz pensiyamla ona min manat pul göndərdim. Ad gününə az qalmışdı. Fevral ayının 8-i balamın ad günü idi. Fevralın 5-də isə Gündüzün atasının, oğlumun ad günü idi. 5-i günü yığıb atasın təbrik elədi. Özü də necə təbrik… Elə 4 saat sonra balamın ölüm xəbəri gəldi.. Ona pul göndərəndə dəfələrlə dedi ki, ay nənə, sən Allah niyə əziyyət çəkirdin, özün də yaşlı adamsan, bəlkə sənə lazım olacaqdı. Dedim ay bala, mən göndərirəm, sən istəmirsən ki.. 3 döyünən ürək şəkli göndərdi. Dedi ki, biri anam, biri sən, biri isə atamdır. Deyirdi ki, bir-birinizdən muğayət və Allaha əmanət olun. Görünür, balam bizi qoyub gedəcəyin hiss edirmiş. Mənimlə danışanda həmişə deyirdi ki, nənə, qəşəng oyun havaları öyrən. Gələn zaman səninlə üzbəüz oynayacam. Amma olmadı. Nəvəmin tabutu gələn zaman hər kəsi otaqdan çıxardım. Balamın tabutunun yanında həm oynadım, həm ağladım. Mən balama verdiyim sözü tutdum, amma mənim balam sözün tutmadı, bizə dönmədi….

 Gündüzün qardaşı Arzuman Nəzərzadə: 

– Gündüz mənə sadəcə qardaş olmayıb. O, mənim mənəvi olaraq həm də atam idi. Daim mənə dayaq olardı. Baxmayaraq ki, aramızda çox yaş fərqi yoxdur amma mənim həyatımda gördüyüm ən dürüst və ləyaqətli insan idi. Hər birimiz sağlığında onunla daim fəxr etmişik. Qardaşım haqqında nə qədər danışsam, yenə azdır. O, mənim uğur göstəricim idi. Daim onunla fəxr edib özümü ona bənzədirdim. O da daim öz dəstəyini məndən əsirgəməzdi. O, mənim müəllimim atam, anam hər şeyim idi……