Həlledici məqam çatıb: “Paşinyanın başqa çıxış yolu yoxdur” -MÜSAHİBƏbackend

Həlledici məqam çatıb: “Paşinyanın başqa çıxış yolu yoxdur” –MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Milli Məclisin deputatı Hikmət Babaoğlu ilə müsahibəsini təqdim edir:

-Hikmət bəy, məlumdur ki, Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri səviyyəsində keçirilən görüşün tərəflərin sülh danışıqlarında müsbət rol oynayacağı bildirilsə də Rusiya buna hər-vəchlə mane olmağa çalışdı, hətta 10 noyabr bəyanatından başqa alternativlərinin olmadığını qeyd etdilər . Sizcə Rusiya Vaşinqton variantını puç etmək üçün hər hansı təxribata əl ata bilər?

– Rusiya əgər həqiqətən də regionda sülh istəyirsə, ilk növbədə Ermənistana təzyiq etməlidir ki, üçtərəfli bəyanatın tələbləri yerinə yetirilsin. Bura 9-cu maddə, Zəngəzurdan Azərbaycana, Naxçıvana maneəsiz keçidin təmin olunması, 4-cü bənd, Qarabağ ərazisindən erməni separatçılarının çıxarılması və torpaqlarımızda yaşayan erməni əsilli əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyası aiddir. Rusiya ədalətli hakim olmaq istəyirsə, özünün də imza atdığı bu razılaşmanın yerinə yetirilməsinə çalışmalıdır. Əks halda Azərbaycan onsuz da öz məqsədlərinə çatacaq. Danışıqların harada, hansı platformada olmasından asılı olmayaraq bunu reallaşdıracağıq. Sülhün gələcəyi ilə bağlı Azərbaycanın konkret mövqeyi var. İrəli sürülən 5 baza prinsip də beynəlxalq hüquqa tam uyğundur. Hər hansı ölkənin hansısa platformada aparılan danışıqlara qarşı təxribatı mümkün görünmür. İndiki vəziyyətdə Rusiya da bunu edə bilməz. Çünki ortada güclü Azərbaycan faktoru var. Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında olacaq mümkün sülhü öz mənafelərini həyata keçirmək üçün bir vasitə kimi görən ölkələr var. Bunlar Fransa və Rusiyadır. Burada sülhü geosiyasi rəqabətin predmentinə çevirməyə çalışırlar. Düşünürəm ki, Azərbaycan buna da yol verməyəcək. Rəsmi Bakı nəzarət-buraxılış məntəqələrini qurub və öz sərhədlərini faktiki olaraq tam nəzarətə götürüb.

-Ermənistan baş naziri Nikol Paşinyan “Azadlıq” radiosuna verdiyi müsahibəsində sülh danışıqları üçün bir sıra şərtlər irəli sürüb, hansı ki, bunlar Azərbaycan tərəfindən qəbul edilmir. Sizcə, Ermənistanın bu addımları müqavilənin imzalanmasını ləngidəcək?

– Əlbəttə ki, Ermənistanın sülh istəməməsi bu vaxta qədər sülh müqaviləsinin imzalanmasını ləngidib. Paşinyanın bu cür mövqeyi absurddur. Çünki hərb tarixində görünməyib ki, kapitulyasiya aktına imza atmış, öhdəçilik götürmüş, müharibəni uduzmuş bir ölkə şərt irəli sürsün. Bu, mümkün deyil. Sadəcə onu bu cür mövqeyə vadar edən kənar qüvvələr var. Onlar Fransa, İran, Rusiya və bu kimi ölkələrdir. Bütün bunlar regionda sülhün ləngidilməsinə mane olur. Lakin artıq həlledici mərhələ başlayıb. Paşinyan istəsə də sülhdən yayına bilməyəcək.

-Hikmət bəy, Paşinyan iyunun 1-də Kişinyovda sülh müqaviləsinin imzalanmasına ümid etdiyini bildirmişdi. Lakin gah bir tərəfdən belə qərəzli yanaşma nümayiş etdirir, gah 2022-ci il Rusiya təklifini irəli sürür, gah da 8 kəndin barter şəklində verilməsinə razı olduqlarını bildirir. Bu kimi çıxışlar nəyə hesablanıb?

-Paşinyanın dəyişkən fikirli siyasətçi olması məlum məsələdir. Bir gün sülhlə bağlı fikir səsləndirdiyi halda, bir neçə saat sonra əksini iddia edə bilər. Düşünürəm ki, sülh müqaviləsi də birdən-birə imzalanacaq. Ona görə də Paşinyan Vaşinqton danışıqlarından sonra 2 rəqəm səsləndirib 3 mövqe bildirdi. Birincisi o idi ki, 1975-ci il xəritəsindən istifadə olunaraq sərhədlər delimitasiya və demakrasiya edilsin. Bu vaxta qədər belə konkret mövqe yox idi. Çünki masa üzərində müxtəlif xəritələr var idi. İkincisi o qeyd etdi ki, 29,8 min kvadratkilometr ərazidə Ermənistan tanınsın. Bu ərazidən isə Zəngəzur dəhlizi keçir. Əvvəlcə onlar həmin istiqamətdə üzərinə götürdüyü öhdəliyə əməl etməlidir. Onu da qeyd edim ki, Qazax rayonun 7 kəndi Ermənistan-Gürcüstan magistralının üzərindədir. Onların qaytarılması isə Azərbaycan tərəfindən həmin ərazilərin tam nəzarətə götürülməsi deməkdir. Ona görə bu şərtləri dilə gətirir. Amma əminəm ki, Azərbaycan heç bir qarış torpağını da işğal altında qoymayacaq və İrəvan bunu gec-tez başa düşməlidir.

//Safura Bənnayeva, Editor.az