Kılıçdaroğlunun son çıxışı: “Türk dünyasına edilən ən böyük xəyanətdir “-Millət vəkili ŞƏRH EDİRbackend

Kılıçdaroğlunun son çıxışı: “Türk dünyasına edilən ən böyük xəyanətdir “-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“14 may seçkilərində əsas namizədlərdən biri olan CHP lideri Kamal Kılıçdaroğlunun bu bəyanatı ondan xəbər verir ki, o, qlobal siyasətdə sadəcə piyadadır. Hər zaman özünü qərbyönümlü siyasətçi kimi təqdim etsə də hiss olunur ki, Qərb-Şərq geosiyasi məsələlərindən olduqca məlumatsızdır. Yaxud da artıq uzun illərdir fəaliyyət göstərən “İpək Yolu” barədə ya xəbəri yoxdur, ya da məqsədyönlü şəkildə çox böyük çətinliklər hesabına yaranmış işlək mexanizmi dağıtmaq istəyir”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Altılı masanın namizədi Kamal Kılıçdaroğlunun “bir kəmər bir yol” layihəsinə hakimiyyətə gəldiyi təqdirdə müəyyən dəyişiklər edəcəyi barədə açıqlamasını şərh bildirib.

Onun sözlərinə görə, Avropa ilə Asiyanı birləşdirən tarixi “İpək Yolu” üç marşrutdan ibarətdir:

“Birincisi, Şimali Qazaxıstan, Rusiya vasitəsilə Qara dənizə çıxış, ikincisi, İran vasitəsilə Ermənistan, Suriyaya, üçüncüsü və ən əsası isə Orta Xətt marşurutudur. Bu, logistik baxımdan ən optimal bir vasitədir. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sifarişi ilə Bakı şəhərində keçirilən beynəlxalq konfransdan sonra marşrutun əsası qoyuldu. Bu gün dəmir yolu Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanın bütün ölkələrinə gedib çıxmaq imkanına malikdir. Mövcud infrastruktur olduğu halda qaldırılan bu kimi fikirlər çox absurddur “.

Deputatın sözlərinə görə,  K.Kılıçdaroğlunun coğrafiya haqqında biliyi də çox aşağı səviyyədədir:

“Hesab edir ki, Qazaxıstan, Özbəkistan və Türkmənistanın İran ərazisindən keçməklə Qara dənizə çıxışı ən yaxın yoldur. O anlamır ki, avtomobil, dəmiryolu, havayolları yəni, yüksək səviyyədə infrastruktur var. Bütün bunlar türk dünyasının inteqrasiyasından xəbər verir. Mərkəzi Asiya və türk dövlətləri ilə Azərbaycan vasitəsilə Türkiyə rəhbərliyinin apardığı siyasətin nəticəsidir. 44 günlük Vətən Müharibəsinin yaratdığı reallıqlardan biri də türk dünyasının gələcəyinə böyük ümidlərin formalaşmasıdır. Uzun illər ərzində müxtəlif imperiyaların təsiri nəticəsində parçalanmış türk dünyası artıq Türk Dövlətləri Birliyi təşkilatında inamla hərəkət edir. Avropanın mərkəzində yerləşən Macarıstan bu təşkilatda müşahidəçi statusu alıb. Bura digər Avropa ölkələrinin qoşulması ehtimalı da var. Yəni bu perspektivi dağıtmaq türk dünyasına edilən ən böyük xəyanətdir “.

//Safura Bənnayeva, Editor.az