Laçın belə satılmışdı: çirkin xəyanətin TƏFƏRRÜATLARIbackend

Laçın belə satılmışdı: çirkin xəyanətin TƏFƏRRÜATLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb”.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırandan sonrakı çıxışında belə deyib.

Dövlət başçısı vurğuladı ki, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır.

“Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib, – Ali Baş Komandan söylədi.

Onun sözlərinə görə, 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır!

Prezident daha sonra dedi: “Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada – Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq”.

Gerçəkdən də, Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir – biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzalandı. Noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq.

Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın.

Prezident söyləyib: “Mən bu təklifi rədd etdim. Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Laçın rayonunu qaytarmaq fikirləri belə yox idi onların. Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik. Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdik, Güləbird kəndini azad etdik. Burada Səfiyan və Türklər kəndləri yerləşir, onları da azad etdik və Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm yaratdıq və artıq Laçın dəhlizi atəşimiz altında idi. Faktiki olaraq bu istiqamətdən hərəkət edərək biz strateji əməliyyatlarımızı aparmışdıq”.

Laçının düşmən əlinə keçməsi, işğal edilməsi gerçəkdən də, xəyanətin nəticəsi idi.

1992-ci il, mayın 16-sı. Erməni ordusu Laçında Turşsu kəndini, Kirs və Sarıbaba yüksəkliklərini ələ keçirdilər. Ruhdan düşmüş Azərbaycan qoşunları heç bir müqavimət göstərə bilmədilər. 704-cü motoatıcı briqada komandiri Elbrus Orucov Laçın alayının qərargahına gəldi, ancaq qərargah boş qalmışdı. 16 may 1992-ci ildə qoşunlar Laçından çıxmağa başladı. Jurnalist Çingiz Mustafayev Azərbaycan əsgərlərinin Laçından necə çıxdıqlarını lentə alaraq televiziyada göstərdi. Jurnalist tanklarda və piyadaların döyüş maşınlarında qaçan əsgərlərdən ərazini tərk etməmələrini xahiş edir, əraziyə bir dənə də mərmi düşmədiyini, bir güllə də atılmadığını, heç bir erməni əsgərinin görünmədiyini deyir, qəzəblənərək fərariləri “qorxaq” adlandırırdı.

1992-ci il mayın 15-dən 16-a keçən gecə müdafiə naziri Rəhim Qazıyev Gəncəyə yollandı. Hava limanında ona AXC nümayəndələrinin Gorandakı təlim mərkəzinə gəldikləri və ordakı əsgərləri Bakıya apardıqları bildirilir. Rəhim Qazıyevə Azərbaycan qoşunlarının Laçından qaçdığı barədə də məlumat verilir. Dərhal Bakıya qayıdan Qazıyev Ali Sovetin qarşısında öz əsgərlərini görür. ANS telekanalının lentə aldığı videoda Ali Sovetin qarşısındakı meydanda Rəhim Qazıyevin bir əsgəri necə yumruqladığı və Bakıya hansı əsasla gəldiyini soruşduğu göstərilir. Daha sonra kürsüyə qalxan Qazıyev çıxışında Xalq cəbhəsi rəhbərliyini əsgərləri cəbhədən geri gətirərək Laçını təhlükədə qoymaqda günahlandırır.

16 may 1992-ci il tarixində ermənilər az qüvvə ilə Turşsudan Qaladərəsi istiqamətində hücuma başladılar, lakin bu hücum dəf edildi. 17 mayda Laçın şəhərinin özündə Azərbaycan ordusu və əhalisi, demək olar, qalmamışdı. Yalnız Qaladərəsi istiqamətində 30-40 əsgər öz mövqelərini qoruyurdu. Qoşunların böyük əksəriyyəti Qubadlı istiqamətində çəkilmişdi, qalan az sayda qoşunlar isə geri çəkilməkdə davam edirdi. Axşam saat 5 radələrində Elbrus Orucov Laçın şəhərində Eldar Həşimovun komandiri olduğu “Qartal” dəstəsinin əsgərləri tərəfindən tutularaq zorla Qubadlıya aparıldı, onun mayın 18-də xain kimi edam ediləcəyi bildirildi. 1992-ci il mayın 17-dən 18-nə keçən gecə sonuncu Azərbaycan əsgəri Laçından çıxdı. Elbrus Orucovun öldürülməsinin qarşısını isə müdafiə naziri Rəhim Qazıyev ala bildi.

18 may 1992-ci ildə ermənilər Laçın şəhərini və Gorus-Laçın-Şuşa yoluna bitişik kəndləri də döyüşsüz ələ keçirdilər. Beləcə, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz açıldı. Erməni tərəfi də Laçını, demək olar ki, müqavimətsiz ələ keçirdiyini təsdiqləyir.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan xatirələrində yazır: “Şuşanı aldıqdan sonra düşmən ruhdan düşdü. Biz isə əksinə, qələbədən ilhamlanaraq Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Düşmənin müdafiəni təşkil etməsinə imkan verməmək və yenidən toparlanmasına mane olmaq üçün tempi saxlamaq lazım idi. Hücum sürətlə həyata keçirildi, dəstələrimiz kəndləri, demək olar ki, müqavimət olmadan ələ keçirdi. Düşmən hər şeyi – silahları, texnikanı, döyüş sursatını tərk edərək panika içində geri çəkildi. Qələbə sayəsində təkcə hərbi yox, həm də digər resurslarımızı da artırdıq. Tərk edilmiş bütün kəndlərdə qida, yanacaq təchizatı, ev heyvanları, ehtiyacımız olan hər şey var idi. Yalnız bir həftə ərzində qoşunlarımız bütün Laçın bölgəsini azad etdi və 18 mayda Laçına daxil olduq. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində onu tərk etdilər və biz boş şəhərə girdik”. (Koçaryan, 2019:86).

19 may 1992-ci il tarixində Baş Qərargah rəisi, general-mayor Şahin Musayev qoşunların idarəetməsini bərpa etmək üçün Qubadlıya yollandı. 20 mayda Laçını geri qaytarmaq məqsədi ilə əks hücuma başlamaq qərarı verildi. 20 may 1992-ci il tarixində Azərbaycan qoşunları Laçına hücuma başladı. Ancaq hücum əsnasında Qorxmaz adlı yerli dəstənin komandirlərindən biri öldürüldü və bu da yenidən Azərbaycan qoşunları sıralarında panikaya, təxribat və xəyanət söhbətlərinə səbəb oldu. Nəticədə bu hücum da uğursuz oldu. 20 may 1992-ci il axşamında Eldar Həşimovun dəstəsinin əsgərləri yenidən Elbrus Orucov və Baş qərargah rəisi Şahin Musayevi həbs etdilər və bir neçə saat həbsdə saxladıqdan sonra Qubadlı bölgəsindən qovdular. Bununla da Laçın uğrunda döyüşlər sona çatdı.

… Laçın uğrunda döyüşlərdə Azərbaycan ordusu ümumilikdə 31 nəfər itki verdi, 43 nəfər isə yaralandı. Bu, demək olar ki, rayonun döyüşmədən təslim edilməsi demək idi. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın Laçında döyüşən Azərbaycan ordusu barədə bunu deyirdi: “Məndə elə bir fikir yarandı ki, onlar yalnız əhalinin şəhərdən çıxmasını təmin etmək üçün bizim qarşımızı kəsmişdilər”.

Ermənistan ordusu isə cəmi 25 itki verdi. Laçının işğal edilməsində əsas faktor AXC və Mütəllibov arasındakı hakimiyyət davası idi. Mütəllibov hakimiyyətə gələcəyi təqdirdə Şuşanı yenidən Azərbaycana qaytaracağına söz vermişdi. AXC isə nəyin bahasına olursa olsun, bunun qarşısını almağa çalışırdı. Hollandiyalı jurnalist Tomas de Vaal da Laçının işğal edilməsində əsas səbəbkar kimi AXC-ni görürdü: “Bakıdakı siyasi dəyişikliklərdən sonra Azərbaycan silahlı qüvələri Qarabağı tərk etməyə başladılar. Xalq cəbhəsinin “Goranboy batalyonu” və digər kiçik silahlı bölmələr cəbhəni tərk edib, Mütəllibovun devrilməsində iştirak etmək üçün Bakıya tələsdilər. Ən əsası, Dağlıq Qarabağ və Ermənistan arasındakı dar dəhlizdə yerləşmiş Laçın heç kimi maraqlandırmırdı”. Beləcə, siyasi hərc-mərclik sayəsində Laçın itirildi. Laçının kəndlərinin əksəriyyəti 1992-1993-cü illərdə geri qaytarılsa da, şəhər heç vaxt azad edilmədi. Bunun üçün 28 il gözləmək lazım gələcəkdi.

… Çirkin xəyanətə qurban gedən, faktiki olaraq düşmənə satıla Laçın azaddır artıq. Laçını indi sürətli inkişaf, tərəqqi və irəliləyiş gözləyir.

İşğaldan azad edilən bütün ərazilərimiz kimi…