Media sahəsindəki islahatların DAVAMI:”Bu qərar çap mediasının fəaliyyətinin stimullaşdırılması baxımından böyük əhəmiyyətə malikdir”backend

Media sahəsindəki islahatların DAVAMI: “Bu qərar çap mediasının fəaliyyətinin stimullaşdırılması baxımından böyük əhəmiyyətə malikdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə dəyər vergisindən  (ƏDV) azad edildi.

Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaqdır.

Bununla bağlı bu gün – mayın 13-də Azərbaycan Respublikasının Baş naziri müvafiq qərar imzaladı.

Xatırladaq ki, Cənab Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdur.

Bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan verəcəkdir. Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Editor.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin sözügedən qərarı ölkədə media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi və çap mediasının fəaliyyətinin stimullaşdırılması baxımından çox böyük əhəmiyyətə malikdir:

““Xalq cəbhəsi” qəzetinin baş redaktoru olaraq, Azərbaycan hökumətinə dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Son 1 il ərzində ölkənin çap mediasında həm forma, həm də məzmun baxımından ciddi dəyişikliklər baş verir. Bunu görmək üçün köşklərə yaxınlaşıb, qəzet almaq yetərlidir. Etiraf edim ki, öz işimdən indi daha çox zövq alıram. Çünki yaradılan imkanlar, verilən dəstək – söhbət təkcə maddi dəstəkdən getmir – sayəsində redaksiya kollektivinin yaradıcı potensialını realizə etmək, gözlə görünəcək qədər dəyişikliklərə nail olmaq mümkün olub. İndi hər həftə səbirsizliklə qəzetimizin çapdan çıxmasını gözləyirəm və növbəti sayda həmkarlarımla birlikdə edəcəyimiz yeniliklər haqqında düşünürəm. İndi qəzetlərimiz cəmiyyətin “rənglərini” tam olmasa da, əks etdirə bilir. Daha yaxşı olacağına isə şübhə etmirəm”.

//Gülnarə Abasova, Editor.az