“Monopolistlərə xidmət edən addımlar aradan qaldırılmalıdır”-Nazim Bəydəmirlibackend

“Monopolistlərə xidmət edən addımlar aradan qaldırılmalıdır”-Nazim Bəydəmirli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Gömrük və vergi siyasəti bir mərkəzdən idarə olunmalı, vahid fiskal orqan yaradılmalıdır. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkan verəcək. Çünki Dövlət Gömrük Komitəsinin topladığı vəsaitlərin 78 faizi vergilərdir. Dünya ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, 98 faiz ölkələrdə gömrük xidməti adlı mərkəzi icra hakimiyyəti orqanı yoxdur’’.

Bu sözləri Editor.az-a açıqlamasında sabiq millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirli bildirib ki, vətəndaşlar, xüsusilə sahibkarlar tərəfindən Dövlət Gömrük Komitəsi ilə bağlı əsas şikayətlər bəyannamə qiymətlərində əsassız şəkildə süni qiymət artımına yol verilməsidir: “Sahibkarla başqa bir ölkədəki sahibkarın sövdələşməsi əsasında müəyyən olunmuş qiymət gömrük orqanları tərəfindən qəbul edilmir və invoys dəyəri məlum olan məhsula özlərindən qiymət qoyurlar . Halbuki bu qiymətlərin heç bir yerdə əsası yoxdur. Bütün bunlara aydınlıq gətirərkən isə özlərinə bəraət qazandırmaq üçün səbəb kimi daha çox gömrük rüsumu topladıqlarını bildirirlər. Lakin bununla birbaşa dövlətə, ölkə vətəndaşlarına, xüsusilə sahibkarlara ziyan vurmuş olurlar. Daxili istehsalı qorumaq adı ilə əslində monopolistlərə xidmət edən bu addımlar aradan qaldırılmalıdır. Bu məqsədlə iqtisadi islahatlar aparılmalı, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır’’.

İqtisadçı alim son olaraq qeyd edib ki, pandemiya dövründə bütün ölkələrdə gömrük rüsumlarının dərəcələrinin azaldılmasına baxmayaraq Azərbaycanda bu baş vermədi və əksinə bahalaşma müşahidə edildi: “Azərbaycan vətəndaşlarının istehlak etdiyi malların əksər hissəsi xaricdə istehsal olunduğuna görə bu bizim vəziyyətimizi daha da pisləşdirir”.

//Gülnarə Abbasova, Editor.az