Növbəti Moskva görüşü Azərbaycana nə vəd verir?- ŞƏRHbackend

Növbəti Moskva görüşü Azərbaycana nə vəd verir?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın istəyi ondan ibarətdir ki, Azərbaycanla olan gərginliyi tamamilə aradan qaldırsın. Çünki bu vəziyyət rəsmi İrəvana sərf etmir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi Menecment İnstitunun direktoru, siyasi şərhçi Azər Qasımlı bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvanın narahatçılığının bir neçə səbəbi var:

“Birincisi, hərbi cəhətfən çox zəifdirlər, ikincisi isə Rusiya ilə münasibətləri olduqca gərgindir. Üçüncüsü, sərhəddə toqquşmalar davam etdikcə həm Ermənistan iqtisadiyyatına, həm də hakimiyyətin imicinə mənfi təsir edəcək. Digər tərəfdən artıq Ermənistan da anlayır ki, Qərbə doğru inteqrasiya etməli, Rusiyadan tamamilə uzaqlaşmalıdır. Hazırda söhbət sülh danışığının aparılmasından gedir, hansısa sülhün əldə olunmasından getmir. Çünki onlar da yaxşı başa düşür ki, Azərbaycan da sülhə o qədər də yaxın deyil. Ermənistan Qarabağ məsələsində də tam fikir səsləndirməyib. Doğrudur, Nikol Paşinyan son çıxışında Qarabağı Azərbaycan ərazisi kimi tanıya biləcəklərini qeyd etsə də bu, dəqiq məlumat deyildi. Əsas mövzu isə Qarabağda yaşayan erməni icmasının hüquq və təhlükəsizliyinin təminatıdır. Bu məsələdə hələ də ortaq məxrəcə gələ bilməyiblər “.

Azər Qasımlının fikrincə, Rusiya bölgədə hələ də gücünü qoruyub saxlayır:

“Həm Ermənistanda hərbi bazası var, həm də Qarabağda rus sülhməramlı kontingenti yerləşdirilib. Bu baxımdan ölkəmizə də təzyiq, təsir imkanları mövcuddur. Ona görə də tezliklə Kişinyovda və ya başqa görüşdə sülh sazişinin imzalanacağını düşünmürəm. Hər hansı niyyət protokolu imzalana bilər. Yenidən keçirilməsi gözlənilən Moskva görüşündə də 10 noyabr bəyannaməsinə istinad ediləcək.
Yekun sülh müqaviləsinin imzalanması üçün hər iki tərəf istəkli olmalıdır. Eyni zamanda, Rusiyanın vasitəçiliyindən imtina etməlidirlər. Bütün bunlar sülh müqaviləsinin imzalanmasının hələ uzun müddət çəkəcəyini göstərir. Rəsmi Moskva Qərbin bölgəyə daxil olmasında maraqlı deyil. Heç Qərb də bölgədə Rusiyanın yerini tutmağa hazır deyil. Azərbaycan da buna müsbət baxmır “.

//Safura Bənnayeva, Editor.az