Repetitorluq fəaliyyəti: “Məktəblərdə müstəqil qurumlar tərəfindən monitorinqlər aparılmalıdır”- Kamran Əsədovbackend

Repetitorluq fəaliyyəti: “Məktəblərdə müstəqil qurumlar tərəfindən monitorinqlər aparılmalıdır”- Kamran Əsədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkəmizdə 4432 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Etiraf edək ki, hal-hazırda məktəblərdəki nəticələr təhsilin yox, fərdi repetitorluq kurslarının nəticələridir. Bu əslində təhsilə çox ciddi mənfi təsir göstərir. Çünki bir çox hallarda bir çox müəllimlər repetitor maraqlarına görə, təhsilin keyfiyyətini təşkilində məsuliyyətsizlik edir ki, şagirdlər hazırlıq xidmətindən istifadə üçün onlara müraciət etsin. Bəzi məktəb direktorları isə kurslarla əməkdaşlıq edərək şagirdləri kurslara yönləndirir və faiz alırlar”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bu gün Azərbaycan valideyni məktəbdə tədris keyfiyyəti ilə maraqlanmır:

” Valideynlər övladının sağlam vətəndaş kimi yetişməsindən çox sadəcə  ali məktəbə qəbul olmasında maraqlıdır.
Valideynlər direktorlarla razılaşaraq məktəbə qeyri-qanuni şəkildə pul ödəyir və övladını məktəbə yox, hazırlıq kurslarına və fərdi repetitor yanına göndərir. Onların tədris göstəriciləri müəyyən qədər arta bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu prosesdə biz vətəndaş itiririk. Çünki məktəb şəxsiyyət yetişdirir və tədris prosesindən kənarda qalan şagird bu kompitensiyalardan məhrum olur. Hesab edirəm ki, bu məsələdə bir sıra məqamları xüsusilə diqqətdə saxlamaq lazımdır. Birincisi, məktəblərdə biliyin verilməsi mexanizmini təkmilləşdirmək vacibdir. Belə ki, tədris göstəricilərini mütəmadi monitorinqlərlə yoxlamaq lazımdır. Biz şagirdlərin məktəblərə davamiyyətini zorla təmin etsək, onlara ancaq mane olmuş olacağıq. Bu gün məktəblərin bilik vermə səviyyəsi qəbul imtahanları ilə ölçülür. Ancaq bu doğru yanaşma deyil. Məktəbin funksiyası ali məktəblərə abituriyent hazırlamaq deyil. Məktəb minimum biliklərə malik vətəndaş yetişdirir. Ancaq etiraf etmək lazımdır ki, ali məktəbə qəbul imtahanları tədris prosesinin, təhsilin göstəricisi olduğuna görə tamamilə demək olmaz ki, məktəblərin verdiyi biliklərlə şagirdlər ali məktəblərə qəbul imtahanlarında yetərli bal toplamırlar və ya topladıqları ballar müsabiqə şərtlərini ödəmir. Yəni təkcə bu il ali məktəblərə qəbul olunan 60min şəxs müsabiqə şərtlərinə əməl edib. Bu o qədər də yüksək göstərici deyil”.

K.Əsədov qeyd edib ki, məktəblərdə müstəqil qurumlar tərəfindən monitorinqlər aparılmalıdır:

” Tədris prosesində müstəqil bir qurum yoxlama və ölçməni təmin edərsə, keyfiyyət artar. Bu prosesi Təhsil Nazirliyi və ya məktəbin özü həyata keçirdikdə  biliyin qiymətləndirməsi standartlara uyğunlaşmır və ya modern test tapşırıqlarından istifadə olunur. Bu gün valideynlər özləri öz büdcələri ilə övladlarını oxutdurur.  Bu da ona görə baş verir ki, məktəbdə tədrisin abituriyent proqramına uyğunluğu təmin edilmir. Biz mövcud keyfiyyətin artırılmasını istəyiriksə, məktəblərdə monitorinqlərin sayını artırmalıyıq. Belə olduqda şagirdlər daha yaxşı səviyyədə şagirdlər minimum biliklərə yiyələnə biləcək.  Bu gün Azərbaycan məktəblisi məktəbə getməsə belə qəbul imtahanlarında daha  yaxşı nəticə göstərə bilər, ancaq onun vətəndaş kimi yetişməsində bu amil mənfi təsir göstərəcək. Yəni sosiallaşma, ünsiyyət, ətraf aləmə münasibətdə məktəbdən kənar qalmaq şagirdə mənfi təsir göstərir”.

//Gülnarə Abasova, Editor.az