Rusiya niyə Azərbaycanı seçdi? – Moskvada Bakıya maraq artırbackend

Rusiya niyə Azərbaycanı seçdi? – Moskvada Bakıya maraq artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev illər ərzində bildirirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bilərəkdən regiondan təcrid edirik. Bu təcrid siyasəti 44 günlük Vətən müharibəsinin gedişində də öz sözünü dedi”.

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Moskva Bəyannaməsi rəsmi Bakının öz maraqları üçün prioritet hesab etdiyi heç bir məsələdə prinsipial mövqe nümayiş etdirməsi yolunda əngəl deyil:

“Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə hər vəchlə Rusiyanı öz tərəfinə çəkmək istəsə də Azərbaycan Prezidentinin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Daha rəvan dillə desək, Ermənistanın əl-qolunu tamamilə bağladıq.

Paralel olaraq, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir. Məhz bu açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə mühüm təkan və dəstək oldu. Hazırda da “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” imzalanan Bəyannamədə Azərbaycanın toxunulmazlığına, ərazi bütövlüyünə, suverenliyinə, müstəqil siyasətinə əlavə təminat verilir, yəni Rusiya bir daha üzərinə öhdəlik götürür. Bizim bütün bu məsələlərə zəmanət almağımız böyük uğurdur.

Eyni zamanda, Bəyannamədə həm 10 noyabr, həm 11 yanvar, həm də 26 noyabr tarixli üçtərəfli görüşün nəticələrinə əsasən imzalanmış tarixi bəyanatların müddəalarının realizə edilməsi istiqamətində səylərə bundan sonra da hər cür dəstək verilməsi məsələsi özünü ehtiva edir ki, bizə də lazım olan məsələlərdən biri, hətta deyərdim birincisi budur ki, bəzi yarımçıq qalan işlərimizi yekunlaşdıraq. Düşünürəm ki, sözügedən bəyanatda beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi kimi məsələlərin qeyd olunması 10 noyabr tarixli müqavilədə əksini tapan məsələlərin daha əsaslı, hüquqi nöqteyi nəzərdən yerinə yetirilməsi istiqamətində Azərbaycana əlavə avantaj və rıçaqlar qazandırır. Yəni, Azərbaycana separatistlər və yeni müharibə iddiasi ilə çıxış edən, ya da proseslərin gedişatını ləngitməyə çalışaraq ölkələrin iradəsinə, xalqların təhlüksəzilik və rifahına əks bucaqda dayanan revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir.

Bu sənədin hazırlanması yeni bir xəbər deyil, bunun hazırlıq prosesi uzun müddət idi ki, gedirdi. Bununla bağlı da dövlət başçımız həm 2020-ci il 10 oktyabr tarixində RBK-yə verdiyi müsahibədə, həm də Yeni il ilə əlaqədar olaraq xalqa müraciətində bunun anonsunu vermişdi ki, Rusiya ilə əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Sənədin digər siyasi proseslərlə əlaqəsi mövcud deyil.

Azərbaycan müstəqil, hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlıq kontekstində münasibətlər qurur. Xarici siyasətimizin prioritet istiqamətlərində məhz bu amillər dəqiqliklə və aydınlıqla təsbit olunmuşdur. Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətləri rəsmi Bakının öz maraqları üçün prioritet hesab etdiyi heç bir məsələdə prinsipial mövqe nümayiş etdirməsi yolunda əngəl deyil. Bundan əlavə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir, ölkə olaraq heç bir bloka qoşulmur və qonşuları ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirir. Azərbaycan hətta Ermənistanla da normallaşma prosesinin sürətlənməsində əməli və konkret addımlar atır.

43 maddədən ibarət olan və müxtəlif sahələri özündə ehtiva edən bəyannamə bundan öncə Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və Rusiya ilə Azərbaycan prezidentlərinin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatı fonunda mahiyyət etibarilə münasibətlərin möhkəmləndirilməsini, əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur. Qlobal siyasətdə baş verən hadisələrə nəzərə yetirdiyimiz zaman isə sənəd həm çağdaş dövrün çağırışlarını, reallıqlarını və reaksiya verilə biləcək proaktiv yanaşmanı özündə ehtiva edir.

Azərbaycanın Rusiya ilə ikitərəfli kontekstdə qurulan və davam edən münasibətləri yalnız Moskva ilə Bakının münasibətlərini tənzimləyir. Moskvanın digər ölkələrlə olan münasibətləri, ya da Azərbaycanın digər ölkələrlə olan münasibətləri ayrılıqda dəyərləndirilməlidir, bunun bir-biri ilə qarışdırılması nəinki siyasi, həm də realist nöqteyi nəzərdən yanlışdır. Azərbaycan hər bir dövlətin beynəlxalq hüquqla təsbit olumuş qaydada ərazi bütövlüyünü dəstəkləyir.

Eyni zamanda, Bəyannamədə Rusiya, Türkiyə və Azərbaycanın mövqeyi bir-birinə ziddi deyil, hər üç ölkənin mövqeyi üst-üstü düşür. Sözügedən Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılmasından xəbər verməklə yanaşı, qarşılıqlı məsuliyyət də yaradır. Bu da Azərbaycana çoxsaylı rıçaqlar qazandırır ki, həm siyasi iradəsini davam etdirsin, həm həll edilməmiş məsələlərin həllini sürətləndirsin ki, maksimum fayda ilə öz milli maraqlarını təmin edə bilsin”.