Rusiya strateji baxımdan məğlub olub- Tədricən zəifləyəcəkbackend

Rusiya strateji baxımdan məğlub olub- Tədricən zəifləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya strateji baxımdan məğlub olub” -Şahin Cəfərli

“Rusiyaya qarşı sanksiya tətbiq edən Qərb dövlətləri gözləmir ki, qısa müddətdə Rusiya Ukraynada müharibəni bitirəcək. Bu sanksiyalar Rusiyanı çətin vəziyyətə salıb, sülhə getməsinə hesablanmayıb. Sanksiyalar Rusiyanı zəiflətməyə yönəlib”.

Bu fikirləri Editor.az-a açıqlama verən Politoloq Şahin Cəfərli bildirib.


Onun sözlərinə görə, Qərbin Rusiyaya həmləsinin təsirləri qısa müddətli deyil, daha çox orta və uzun müddətli perspektiv üçün hesablanıb:

“Rusiya faktiki olaraq qlobal iqtisadi, maliyyə sistemindən,, yüksək texnologiyalar bazarından təcrid olunur. Bütün bunların nəticəsində belə düşünülür ki, Rusiya tədricən zəifləyəcək, bunun qarşılığında qlobal oyunçu olmaqdan çıxacaq və orta səviyyəli regional güc səviyyəsinə enəcək.
Sanksiya strategiyası müəlliflərinin əsas hədəfi budur. Hazırda qlobal enerji bazarında qiymətlərin yüksək olmasından qaynaqlanaraq Rusiyanın hələki neft gəlirləri sabitdir. Qiymətlərin yüksək olması səbəbilə  gəlirlər artır. Bu proses qısa müddət davam edəcək. Rusiya artıq etibarlı tədarükçü imicini itirib.  Enerji ehtiyatlarının əsas alıcısı olan Avropa strateji qərar qəbul edib ki, tədricən Rusiya enerji daşıyıcılarından imtina olunsun. Avropa Birliyi ölkələrinin Rusiya qazına ehtiyacı olsa belə, onlar ən qısa müddətdə Rusiya qazından imtina etməyi qərara alıblar”.

Politoloqun fikrincə Avropanın aparıcı ölkələri Almaniya, İtaliya və digər dövlətlər alternativ mənbələr axtarmağa başlayıblar:

“Onların idxal etdiyi Rusiya təbii qazının miqdarı azalacaq və Rusiya strateji tədarükçüdən, adi, sıradan tədarükçü səviyyəsinə enəcək. Rusiyanın enerji qiymətlərinin yüksəkliyindən qaynaqlanan gəlirlərin artmasına aldanmaq lazım deyil. Bu gün Rusiyanın gəlirləri yüksək olsa belə, əslində strateji baxımdan məğlub olub. Qərbin məqsədi enerji bazarından eyni zamanda Rusiyanın gəlir mənbəyi olan silah bazarından da sıxışdırıb çıxartmaq niyyətindədir.
Ukrayna müharibəsində  Rusiya silahlarının qeyri-effektiv olduğunun da şahidi oluruq. Bu müharibədən Qərbin götürdüyü fayda ondan ibarətdir ki, Rusiya silahlarının köhnə, qeyri-effektiv olduğu bütün dünya tərəfindən bilinsin. Bu isə ona gətirib çıxaracaq ki, Rusiya silahından potensial dövlətlər imtina etməyə başlayacaq. Hətta bu proses başlayıb. Bir neçə dövlət Rusiya ilə bağladığı müqaviləni ləğv edib. Məsələn Filippin Rusiyadan hərbi helikopterlər almalı idi, amma bu baş tutmadı”.

Şahin Cəfərlinin sözlərinə görə, Rusiyaya həssas texnologiyaların satışının qadağan olunması da ona gətirib çıxardacaq ki, Rusiya silah sənayesi yeni məhsullar istehsal etməkdə çətinlik çəkəcək:

“Çünki müasir silah növlərində, adi məişət cihazlarında belə əsas detalı çiplərdir. Rusiya isə bunları tamamilə xaricdən alır. Rusiyaya Qərb tərəfindən bu yarımkeçiricilərin satışı qadağan olunub. Bu isə Rusiyanın silah bazarında öz mövqelərini itirməsinə səbəb olacaq. Ümumilikdə Rusiyanın həm qlobal enerji bazarında, həm də silah bazarında öz mövqelərini itirməsi beynəlxalq nüfuzunun da zəifləməsinə gətirib çıxardacaq. Bu sanksiya strategiyasını quranlar həmin amilləri nəzərə alıb tərtib edirlər”.
 
//Safura Bənnayeva, Editor.az