Rusiya və Fransanın prosesdə əli var?-” Ermənistan üçün növbəti tələ hazırlanır”backend

Rusiya və Fransanın prosesdə əli var?-” Ermənistan üçün növbəti tələ hazırlanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Samvel Şahramanyanın “dqr”in buraxılması haqda “fərmanı”, digər bəyanatlar, açıqlamalar, imzaladığı sənədlərin Azərbaycan üçün heç bir hüquqi əsası yoxdur. Eləcə də onun irəli sürdüyü iddiaların beynəlxalq normalarla qanunlarla heç bir uyğunluğu yoxdur. Çünki bu sənədlərdə iddia etdiyi ərazi və qondarma qurum qanunsuzdur. Azərbaycanın ərazi bütövlüyünə qarşı tujlanmış bir addım və cinayət hadisəsidir. S. Şahramanyandan əvvəllər separatçılara liderlik etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan hazırda Azərbaycanda həbsdədirlər və Azərbaycana qarşı fəaliyyətlərinə görə cinayət işi açılıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, S. Şahramanyan və onun ətrafının Azərbaycana qarşı ərazi iddiası Ermənistan hökumətinə qarşı aksiyadır:

“Şahramanyan həmin sənədi sentyabrın 28-də imzalayıb və iki maddədən ibarətdir. Birinci maddə, bütün dövlət strukturlarının buraxılması və eləcə də qondarma qurumun buraxılması haqqındadır. İkinci maddə isə bu müddəa ilə Qarabağın bu quruma tabe olan sakinlərinin tanış olmasıdır. Deməli, Şahramanyan və onun dəstəkçiləri buraxılmış qondarma qurumu yenidən diriltməyə “çalışırlar”. Fikrimcə, bu, Ermənistandan daha çox Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilik etmiş tərəflərə sərf edir. Çünki Azərbaycanla Ermənistan arasında danışıqlar ikitərəfli getdiyindən prosesdə vasitəçi olmağa çalışan üçüncü tərəflər iştirak etmir. Məsələn Fransa, Rusiyanın artıq danışıqlardakı rolu çox zəifdir. Ehtimal etmək olar ki, Rusiya, yaxud Fransa Samvel Şahramanyan kartını yenidən dirçəltməklə prosesə müdaxilə etməyə çalışırlar. Ancaq bu, Ermənistan dövlətinin əleyhinədir. Belə ki, Ermənistan dövlətində Azərbaycana qarşı birbaşa fəaliyyət göstərən qurum var. Bu isə Azərbaycana imkan verir ki, Ermənistana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı beynəlxalq qurumlara müraciət etsin. Bu da sülh danışıqları prosesində birbaşa Ermənistanın mövqeyinə zərbədir”.

Politoloq onu da qeyd edib ki, S. Şahramanyan və onu dəstəkləyənlər Ermənistan dövlətinin gələcəyindən daha çox regionda üçüncü qüvvələrin maraqlarının təmin edilməsinə çalışırlar:

” Azərbaycan tərəfi dəfələrlə Qarabağdakı erməni sakinlərinin qayıtması ilə bağlı həlli yollarını açıqlayıb. Azərbaycanı tərk etməzdən əvvəl onlara müraciət olunaraq bildirilib ki, Azərbaycan Konstitusiyası ilə bütün hüquqları müdafiə olunacaq. Buna baxmayaraq onlar Azərbaycan ərazisini könüllü olaraq tərk etmişlər. Ancaq 1988-ci ildə, 35 il öncə Ermənistan ərazisindən 250 mindən çox qərbi azərbaycanlı zorla qovulub. Onlar Ermənistan vətəndaşlığından zorla məhrum ediliblər. Ermənistan və havadarları bir sıra hallarda Azərbaycan ərazisini könüllü olaraq tərk etmiş erməni sakinlərlə hüquqları pozulmuş qərbi azərbaycanlıların vəziyyətlərini eyniləşdirməyə çalışırlar. Ona görə S. Şahramanyan və ona dəstək verənlər Ermənistan üçün növbəti tələ hazırlayırlar. Bu tələ isə nə Ermənistana, nə də havadarlarına çətin fayda versin. Çünki bu ideyalarla bağlı qatar çoxdan gedib. Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması istiqamətində yeni mərhələyə qədəm qoyur”.

//Gülnarə Abasova, Editor.az