Təhsil eksperti valideynlərə SƏSLƏNDİ: “Bağçaları seçərkən xüsusilə diqqət etsinlər ki…”   backend

Təhsil eksperti valideynlərə SƏSLƏNDİ: “Bağçaları seçərkən xüsusilə diqqət etsinlər ki…”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər təkcə bağçalar, məktəbəqədər hazırlıq müəssisələri deyil, eyni zamanda, digər təhsil müəssisələrində də də xoşagəlməz neqativ hallar artıb. Amma nəzərə almaq lazımdır ki, təməl biliklər bağçalarda, məktəbəqədər hazırlıq müəssisələrində öyrədilir. Ona görə də bizim üçün vacib olan sırf təməl bilgilərin öyrədildiyi müəssisələrdə hər bir şeyin nizam-intizama uyğun olmasıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Təhsil eksperti bildirib ki, əvvəllər bağçalar icra hakimiyyətinin tabeçiliyində olsa da son verilən qərara əsasən Təhsil Nazirliyinin tabeliyinə verilib:

“Hesab edirəm ki, bu vaxta qədər baş verən neqativ hallar bağçaların icra hakimiyyətlərinin tabeliyində olmasından qaynaqlanırdı. Çünki icra başçıları və onların müvafiq olaraq bağçalara, digər müəssisələrə nəzarət edən səlahiyyətlilərin korrupsiya, rüşvət və ya tanışlıq müqabilində bağça müdiri, bağça müəllimi, tərbiyəçi adı altında bağçaya aid olmayan şəxsləri işə götürməsi gətirib elə bir vəziyyət yaratdı ki, bu gün bizim övladlarımız bağçalarda döyülür, şiddətə məruz qalır. Bunun da başlıca səbəbi qeyd etdiyim faktora əsaslanır. Amma bağçalar Təhsil Nazirliyinin tabeliyinə keçəndən sonra bu istiqamətdə konkret islahatlar həyata keçiriləcək, ilk növbədə müəllimlərin işə qəbulu, bağça müdirlərinin də müvafiq olaraq ixtisas uyğunluğu yoxlanılacaq. Belə olduğu halda bu sahədə müəyyən qədər irəliləyişlər olacaq. Hər birimiz valideyn olaraq narahatıq. Kapitalizm dövrü elə bir vəziyyət yaradıb ki, hər iki valideynin işləməsi və ya digər səbəblərdən biz artıq övladlarımızı bağçalara etibar etməyə məcburuq. Bu etimadı doğrultmaq da həmin bağçaların üzərinə düşür. Özəl bağçalar bu məsələdə daha yüksək keyfiyyət göstərir, çünki onlar üçün müştəri məmnunluğu vacibdir. Bu keyfiyyəti biz dövlət bağçalarından da gözləyirik. Təbii ki, bağçaların valideynlərlə düzgün kommunikasiyaları olmalı, valideynlərin daima övladlarını diqqətdə saxlaması üçün isə hər bir bağçada kameralar olmalıdır. Bağçalar müasir dövrə uyğunlaşmalı, mobil tətbiqi olmalıdır. Hansısa valideyn övladının təlim-tərbiyəsindən narazıdırsa, şiddət göstəricisi varsa mütləq övladını bağçadan uzaqlaşdırmalı və həmin bağça ilə bağlı aiddiyyatı orqanlara şikayətini bildirməlidir. Bütün valideynlərə səslənirəm ki, bağça seçimində xüsusilə diqqətli olsunlar, bağçanı araşdırıb qidasına, keyfiyyətinə əmin olduqdan sonra övladlarını ora etibar etsinlər”.

//Gülnarə Abasova, Editor.az