Regionda nə baş verir?-“Ermənistan Türkiyə üzərindən Qərbə yaxınlaşır”- ŞƏRHbackend

Regionda nə baş verir?-“Ermənistan Türkiyə üzərindən Qərbə yaxınlaşır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan hakimiyyəti Türkiyə üzərindən Qərblə yenidən yaxınlaşmağa çalışır. Çünki Ermənistanın Türkiyə ilə sərhədləri açmadan qərbə inteqrasiya etməsi mümkün deyil. Son vaxtlar Paşinyanın Ankaradan gələn müsbət siqnallarla bağlı açıqlaması və Ərdoğanla görüş istəyi də göstərir ki, rəsmi İrəvan xarici siyasətini bu xətt üzrə davam etdirir”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O, bildirib ki, BMT Baş Assambleyasında ABŞ dövlət departamentinin bəyanatında bölgədə münaqişənin həllində Türkiyə tərəf kimi göstərildi:

” Bu da onu göstərir ki, ABŞ şərq siyasətində Türkiyəni əsas oyunçu və Cənubi Qafqazda əsas güc olaraq qəbul edir. Türkiyənin gücünün Qərb tərəfindən də bəyan edilməsi regionda rolunu Rusiya ilə balanslaşdırır. Rusiya hər zaman Cənubi Qafqazda əsas təsir gücünə malik ölkə olub. Lakin Qarabağ müharibəsindən sonra vəziyyət dəyişdi. Artıq regionda Türkiyə də böyük təsirə malikdir. Qərb indiyə qədər bununla bağlı açıq şəkildə bəyanat verməmişdi. Lakin BMT Baş Assambleyasının iclasında Qərb də bunu qəbul etməsi ilə bağlı bəyanat verdi. Düşünürəm ki, regionda baş verən proseslər fonunda Ermənistan da daha çox Türkiyə ilə münasibətlərin qurulması istiqamətində ciddi addımlar atacaq. Bu məsələdə Ermənistan daha çox maraqlı olmalıdır. Çünki sərhədlərin açılması Ermənistana iqtisadi inkişafı və gələcəyi baxımından böyük dividentlər qazandıracaq”.

Siyasi analitikin sözlərinə görə Gorus-Qafan yolu bağlandıqdan sonra İranın Ermənistanla daşımalarında problemlər yarandı:

” İranın Gürcüstan üzərindən Rusiyaya daşımalarında istifadə etdiyi Yuxarı Lars yolunda da qış fəslində ciddi maneələr yarandı. Nəticə etibarilə, Ermənistanın Rusiya və İrana iki əsas çıxışı riskli vəziyyətdədir. Mövcud şərait Ermənistanın iqtisadiyyatına növbəti illərdə daha ağır təsir göstərəcək. Belə bir situasiyada Ermənistanın yeganə çıxış yolu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsini imzalamaq və regiondakı layihələrə qoşulmaqdır. Bunu Ermənistan hakimiyyəti çox yaxşı başa düşür. Lakin Ermənistanın tam olaraq Rusiyanın nəzarətindən çıxması gözlənilən deyil. Fikrimcə, Ermənistan xarici siyasət kursunda ciddi dəyişiklər etməyəcək. Çünki Ermənistan hərbi, siyasi, iqtisadi cəhətdən daha çox Rusiyadan asılıdır”.

A.Nərimanlı qeyd edib ki, regionda ” altılıq” platforma işə düşəcək:

” Altılıq platforma vasitəsilə regionda bir çox məsələlər öz həllini tapacaq. Bu platformaya Ermənistan da daxildir. Ermənistanın Türkiyə ilə sərhədləri açması məsələsi də bu platforma daxilində aktivləşəcək”.

//Gülnarə Abasova, Editor.az