Xankəndi yolu Azərbaycanın nəzarətində – Bakı İrəvanı küncə qısnadıbackend

Xankəndi yolu Azərbaycanın nəzarətində – Bakı İrəvanı küncə qısnadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qisas” əməliyyatının ardınca Buzdux və digər strateji əhəmiyyətli yüksəkliklərin Ordumuz tərəfindən tamamilə nəzarətə götürülməsi əslində bölgədə, xüsusilə də Qarabağdakı proseslərin tektonik dəyişikliklərinin başlanğıcı adlandırmaq olar. Bu hadisələr uzun müddətdir götürdüyü öhdəlikləri icra etməyən Ermənistanda “sürpriz bomba” effekti yaratdı. 

Bununla da sülhməramlılarının müvəqqəti nəzarət zonasında Azərbaycan əsgərinin belə əməliyyat keçirib özbaşınalıqlarına son qoyacağı ehtimallarının sıfıra bərabər olduğu Ermənistan siyasi elitasında və cəmiyyətində anti-Rusiya meylləri bir az da artdısa, Azərbaycanın hər an Xankəndiyə, Xocalıya daxil olmaq, tarixi ərazilərini tamamilə nəzarətə götürmək gücündə olduğu ilə bağlı fikirlər daha da çoxalmağa başladı.

Bunu Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərindəki qeyri-qanuni məskunlaşdırılan ermənilərin, qanunsuz erməni silahlı birləşmələrinin, separatçı qondarma rejim ünsürlərinin ərazidən çıxarılması nəticəsində o yerlərin tamamilə Azərbaycanın nəzarərtinə keçməsindən sonra Ermənistanda daha çox hiss etmək olurdu. Azərbaycanın Laçını nəzarətə götürməsi və oradakı “təmizlik işləri” ilə bağlı Ermənistanda siyasi dairələrdən və hakimiyyət nümayəndələrindən bir dənə də olsun Azərbaycana təhdid xarakterli bəyanatın səsləndirilməməsi rəsmi Bakının qurbağa gölünə daş atdığından xəbər verir.

Dünənə kimi Laçın dəhlizi ilə Ermənistandan Xankəndinə qeyri-qanuni səfərlərin ardı-arasının kəsilmədiyini unutmamışıq. Amma artıq o özbaşınalığın da sonu çatdığını görmək, Qarabağda əqrəbin Bakı üçün irəlilədiyini nümayiş etdirir. Buna misal olaraq isveçli jurnalist Rasmus Kanbökün son fikirlərinə diqqət yetirmək kifayətdir. O bildirib ki, Xankəndiyə səfər etmək üçün qondarma quruma müraciət etsə də, qondarma qurum ona viza verməyib. Üstəlik xarici vətəndaşların girişi qadağan edilib, bütün vizalar qeyri-müəyyən müddətə qədər dayandırılıb. Rasmus bunu əlavə edib ki, Azərbaycan Xankəndini və ətrafını dünyadan təcrid edib. 

Bu deyilənlər bir daha göstərir ki, rəsmi Bakı sülhməramlıların müvəqqəti nəzarətindəki digər ərazilərə də qayıdış üçün müəyyən praktiki addımlar atmağa hazırlaşır. Bu, bir daha deməyə əsas verir ki, Azərbaycan xarici diplomatiyası yeni geosiyasi reallıqla postkonflikt dövründə tək beynəlxalq gücləri barışdırmağı bacarmadı, eyni zamanda belə görünür ki, Ermənistanda da artıq böyük bir kütləni Azərbaycanın regionun əsas aktoru, Qarabağın hamisinin məhz Azərbaycan olduğunu inandırmağı bacarıb.

Amma təəssüf ki, xarici diplomatların son Şuşa səfəri ilə bağlı qalmaqal günlərdir səngimək bilmir. Belə ki, ABŞ və Fransa səfirlərinin Şuşaya səfərdən imtina etmələri haqlı olaraq rəsmi Bakı tərəfindən birmənalı qarşılanmadı.

Çünki Şuşaya getməkdən imtina etmək erməni separatizmini stimullaşdırmaq, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaq idi. Şübhəsiz ki, Fransa və ABŞ səfirlərinin Şuşaya dəvəti qəbul etməməsi adıçəkilən dövlətlərin regionda mövcudluğunu itirmək qorxusundan irəli gəlir. Artıq Laçın dəhlizinin bağlanması və alternativ yoldan istifadəyə başlanması, Laçının da nəzarətimizə keçməsi rəsmi Bakının Qarabağda böyük bir qism mübahisəli məsələləri tam nəzarətə götürməsi anlamına gəlir ki, bu da ABŞ və Fransanın Ermənistana Qarabağ üzərindən maraqlarına uyğun təzyiq imkanlarından məhrum olması kimi də şərh edilə bilər.

Bu dövlətləri Ermənistanın “ərazi” maraqlarından çox regionla bağlı gələcək planlarının suya düşməsi narahat edir. Çünki Azərbaycan ilk növbədə məhz 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq götürülən öhdəliklərə əsasən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətindəki ərazini tərkibinə qatmış oldu, həm də burada Rusiyanın bəyanatdakı öhdəliyinə gec də olsa sadiq qaldığını görmək mümkündür. Bir daha aydın olur ki, Paris və Vaşinqton üçün öz maraqlarından ötəsi bir şey yoxdur. Bu, beynəlxalq hüquqa tamamilə zidd, başqa dövlətin ərazi bütövlüyünə təhlükə və hörmətsizlik olsa belə…

Gözlənilən idi ki, ABŞ və Fransanın bu cür addımı Ermənistanda sevinclə qarşılanacaq. Ermənistan XİN-də bəyanatında bunu açıq şəkildə nümayiş etdirdi: “Fransa və ABŞ-nin Azərbaycandakı səfirlərinin Şuşaya səfər etməmələrini yüksək qiymətləndiririk”. Çünki bu iki dövlət məhz mövcud olmayan Minsk Qrupunu diriltməkdə maraqlıdır ki, bu da Nikol Paşinyanın hakimiyyətini bir az da uzatmaq üçün növbəti ssenarilərini yazmaq üçün əla imkan olar bilər. Amma mümkünsüzdür…

Bunu rəsmi Bakı dəfələrlə bəyan edib. Son olaraq Prezidentin köməkçisi Hikmət Hacıyevin qeyd etdiyi kimi, Qarabağ artıq Azərbaycanın xarici siyasət məsələsi deyil: “Bu məsələ artıq həll olunub və ATƏT-in Minsk qrupu tarixin keçmişinə gömülüb. Bu məsələ bizim üçün artıq bitib, biz indi sivil əlaqələrin qurulmasını istəyirik”.

30 illik işğal dövründə bir dəfə də olsun münaqişənin həlli istiqamətində praktiki addım atmağa belə cəhd etməyən ABŞ və Fransanın bundan sonra məhz mövcud olmayan bir qurumu diriltmək istəyi yenə də Ermənistan dövləti üçün atılan addım deyil: Məqsəd Cənubi Qafqazda itirmək təhlükəsi ilə üz-üzə qalan mövqelərini bərpa etmək məqsədi daşıyır. Amma Ağ Ev və Paris Qafqazda mövcud olmaq üçün fərqli yollar axtarsalar daha doğru olar.

Qaragöl ətrafının, Fərrux və Buzdux yüksəkliklərinin ordumuz tərəfindən nəzarətə götürülməsi və son “Qisas” əməliyyatından sonra nəzarətimizə keçən ərazilər göstərdi ki, Azərbaycan postkonflikt dövründə çox düzgün strategiya seçib. Rəsmi Bakı maksimum zərər-ziyansız irəliləmək fikrindədir. 10 noyabr üçtərəfli bəyanatını haqlı olaraq əsas şərt götürən Azərbaycan Ermənistanı götürdüyü öhdəliyi öz xoşluğu ilə icra etməyəcəyi təqdirdə tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, bütün beynəlxalq hüquq normalarının imkan verdiyi çərçivədə torpaqlarında suverenliyini bərpa etmək üçün çox əhəmiyyətli addımlar atır. Bununla da Azərbaycan Ermənistana bəyan etmiş olur ki, ya öz xoşluğunla öhdəliklərini yerinə yetirəssən, ya da biz bunu sənə güc yolu ilə icra etdirəcəyik.

Bu gün – avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçiriləcək görüşdən də gözləntilər yüksəkdir. Rəsmi Bakı formata inanır. Masada hələlik sülh müqaviləsinə dair nəsə olmasa da, budəfəki görüşdə ən yaxşı halda sülh sazişinin hazırlanmasıyla bağlı üçtərəfli işçi qrupunun yaradılmasına dair razılıq əldə edilə bilər.

Nəzərə alsaq ki, sərhədlərin delimitasiyası məsələsi də yarımçıq qalan məsələ kimi danışıq masasında öz yerini alacaq, o zaman rəsmi Bakının əsas hədəfinin Ermənistanın son üçtərəfli və iki tərəfli görüşlərdəki öhdəliklərdən yayındığı kimi növbəti anoloji addımlar atmaması istiqamətində Prezident İlham Əliyev Azərbaycanın konkret və qəti mövqeyini növbəti dəfə ortaya qoya bilər.

Ermənistan Brüsseldə Moskvada, Soçidə verdiyi vədləri yerinə yerinə yetirmədiyinə görə, Moskvada planlaşdırılan iyul ayındakı hökumətlərarası görüşün təxirə salındığını yaddan çıxarmaq olmaz. Lakin avqust ayının əvvəllərində Azərbaycan tərəfinin Nikol Paşinyana verdiyi ultimatumdan sonra tərəflər yenidən masa arxasına keçəcəklər. Bu ultimatum ondan ibarət idi ki, əgər Ermənistan razılığa gəlmirsə, Azərbaycan özü bildiyi şəkildə separatçılarla, delimitasiya və sülhlə bağlı məsələni həll edəcək. Azərbaycan tərəfinin sərt addımlar atması Paşinyanın Brüsseldən növbəti dəfə əliboş yola salınması ilə nəticələnə bilər.

Milli.Az