Yoluxma sayının artmaması üçün metro açılmalıdır – XƏBƏRDARLIQbackend

Yoluxma sayının artmaması üçün metro açılmalıdır – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaksinin qoruyuculuğu haqqında indi fikir söyləmək çox tezdir.

Bunu açıqlamasında həkim-infeksionist İlhamə Şirinova deyib.

İnfeksionist bildirib ki, metronun fəaliyyəti bərpa edilməlidir:

“Respublikada vaksinasiya prosesi oldu. Öncə dövlət müəssisələri, həkimlər, sonra 65 yaşdan yuxarı təqaüdçülər peyvənd olunmağa başladı. Fevralın 15-dən biz ikinci dozları vurmağa başlamışıq. Ona görə hələ “vaksin bizi qoruyacaq” demək tezdir.

Metronun fəaliyyəti bərpa edilməlidir. Çünki təhsil ocaqları fəaliyyətini bərpa edibsə, əlbəttə ki, nəqliyyat bütün qüvəsi ilə işləməlidir ki, insanlar işə, məktəbə, universitetə normal vəziyyətdə gedib- gəlsinlər. Ona görə də metro açılmalıdır. Ümumiyyətlə, metronun açılması ilə də paralel olaraq təhsil davam etdirilməlidir, qapalı iş yerləri açılmalıdır, iri ticarət mərkəzlərinin işi bərpa olunmalıdır. Amma başda duran əsas vəzifəmiz qorunmaqdır.

Qorunmaq üsullarımız hansılardır?

1. Gigiyenik qaydalara riayət etməliyik.

2. Məsafə saxlamalıyıq.

3. Tibbi maskalardan düzgün istifadə edilməlidir. Maska burunu örtməlidir. Parça maskalar bizi heç bir virusdan qorumur. Bütün Kütləvi İnformasiya Vasitələri ilə bunu deyib, insanları maarifləndirmək lazımdır.

4. Sıxlıq yaratmamaq üçün ictimai nəqliyyatın sayı artırılmalıdır. Metro açılarsa, intervalı qısaltmaq lazımdır. Yəni, sərnişin sıxlıq yaranmadan metrodan, avtobusdan istifadə etməlidir ki, yoluxma sayı artmasın.

Hər bir vətəndaşın özünü qoruması, xəstəliyin qarşısının alınması deməkdir. Sadalanan qaydalara əməl etmək yoluxmamaq, qorunmaq üçün şərtdir.

Digər ölkələrdə metro bağlanmadı

Digər inkişaf etmiş ölkələrdə hər yer işlədi, təhsil ocaqlarının fəaliyyəti dayanmadı, metro da işlədi. Ancaq qorunma qaydalarına əməl olundu, insanlar bir nəfər kimi həmin qaydalara riayət etdi. Görürsən, bizimkilər parça maska taxıb, onu da çənədə saxlayıb, burun açıq qalıb. Belə olmaz! Yuxarı tənəffüs yolları dediyimiz burun və ağız örtülü olmalıdır.

Yoluxmanın artmasının qarşısını almaq üçün məktəblərdə nəzarət artırılmalıdır. Uşaqlar COVİD-19 virusunun daşıyıcılarıdır. Uşaq evdən virusu gətirib müəllimi yoluxdura bilər, yaxud virusu sinif yoldaşına ötürdüsə, bu da həmin uşağın virusu aparıb evdə valideyininə, nənəsinə, babasına ötürməsi deməkdir. Yəni, zəncirvaridir. Uşaqlar yazı stolunun arxasında tək oturmalıdırlar, yazı stolları arasında məsafə olmalıdır, müəllimlər maskadan istifadə etməlidirlər, uşaqlarda tənəffüs fasiləsi zamanı nəzarət olmalıdır ki, toplum yığışmasınlar, bir-biri ilə yaxın təmas olmasın. Bunların hamısı şərtdir. Yəni, bütün bu deyilənlərə əməl olunsa, biz karantindən də çıxa bilərik, vrusun artmasının qarşısını da ala bilərik. Hər bir viruslu infeksiyanın artmasının səbəbi biz insanlarıq. Əgər biz insanlar hər bir qorunma üsullarına riayət etsək, virusun artmasının qarşısını alıb, normal həyatımıza da davam edə bilərik.

Koronavirusu adi bir qrip kimi qəbul edəcəyik

Bu virus hələ bizimlədir. Bu günə, sabaha, bir aya, üç aya bitəcək deyə bilmərik. COVİD mutasiya ola-ola orqanizmlər öyrəşəcək, hər kəs yoluxacaq, hər kəsin orqanizmində virusa cavab olaraq immunoqlobin yaranacaq və ondan sonra yavaş-yavaş artıq koronavirusu biz adi bir qrip kimi qəbul edəcəyik, normal bir xəstəlik kimi qalacaq. Amma yenə də qorunma şərtləri başda birinci durur”.

//milli.az