backend

Deputat: “Gəncə ilə bağlı 3 dildə turist xəritəsi hazırlanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Turizm dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin əsas prioritet sahələrindən biridir.
Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son illər ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Məqsəd turizmin ölkə iqtisadiyyatının dayanıqlı, səmərəli və rəqabətə davamlı sahəsinə çevrilməsindən ibarətdir”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gəncə təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.
O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin ölkədə turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamlar respublikada turizmin inkişafına yeni təkan verib: “Bununla bağlı atılan addımlar nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb. Artıq ölkənin bütün bölgələrində turizm obyektlərinin yaradılması kompleks xarakter daşıyır və regionlarda turizm sektorunun inkişafı ön plana çəkilib. Oktyabrın 2-də cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunun Dəmirçi kəndinə səfəri zamanı turizm infrastrukturunun vəziyyəti ilə maraqlanıb, görülən işlərlə tanış olublar. Dəmirçi kəndində turizm infrastrukturunda yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycanın müxtəlif bölgələrində qısa müddətdə turist marşrutları üzrə mükəmməl infrastrukturun və müasir turist yerləşdirmə obyektlərinin yaradılması öz bəhrəsini verir. Bu isə Azərbaycanın qədim və zəngin mədəniyyətini, milli mətbəximizin müxtəlifliyini, xalqımızın qonaqpərvərliyini turistlərə təqdim etməyə geniş imkanlar açır”.
Deputat bildirib ki, təmsil etdiyi Gəncənin yerləşdiyi təbii coğrafi şərait, tarixi-mədəni abidələri və digər infrastruktur obyektləri burada turizm sahəsinin inkişafı üçün lazımi zəmin yaradıb: “Özünəməxsus turizm imkanları olan Gəncənin İpək Yolu beynəlxalq turizm marşrutu üzərində yerləşməsi bu potensialı daha da artırıb. Gəncənin ətrafında Hacıkənd, Göygöl və Maralgöl kimi təbiətin yurdumuza bəxş etdiyi təbiət möcüzələri yerləşir. Əsrlərdir ki, şairlər, rəssamlar, bəstəkarlar bu gözəllikdən ilham alıb, onu öz əsərlərində dönə-dönə vəsf edirlər. Hər gün minlərlə yerli və xarici qonaq, turist təbiətin yaratdığı bu bənzərsiz mənzərəni seyr edir, zövq alırlar. Burada çoxlu turist marşrutları, turist bazaları və istirahət evləri fəaliyyət göstərir. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə mütəmadi olaraq ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq məqsədi ilə eko-turlar təşkil edilir. Şəhər gəncləri ekoloji bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanış olurlar. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Gəncə şəhərinin tarixi və mədəni abidələrlə yanaşı, mehmanxanalar, restoranlar və digər zəruri məlumatlar haqqında Azərbaycan, rus və ingilis dillərində turist xəritəsi hazırlanıb. Yerli və xarici qonaqlar bu xəritədən istifadə etməklə məlumatlar əldə edə biləcəklər. Tezliklə, Gəncədə turizm sektoru sahəsində görülən işlər nəticəsində qədim şəhərə gələn turistlərin sayı daha da artacaq, Nizami yurdu turizm üçün çox cəlbedici şəhərə çevriləcək. Qonşu rayonlarda, bölgələrdə istirahət edən turistlər də Gəncədə vaxt keçirməyə gəlirlər. Son dövrlər yaradılmış muzeylər, istirahət yerləri və xüsusilə Gəncə Beynəlxalq Aeroportunun yenidən qurulması burada əsas amildir”, -deyə N. Həmzəyev vurğulayıb.
//APA