İki rayonu viran qoyan Alı Qocayevlə Xaləddin İsgəndərov “qara siyahı”da…

02:52 | 6 İyun, 2017

Gəncəbasarın ən geridəqalmış rayonunda asfalt zavod niyə bağlanıb?
Prezidentin qeyri-neft sektorunun inkişafı və sahibkarlara dəstəyinə Samux şefi düşmən kəsilib, biznesini böyüdür – Dosye
Gəncəbasar bölgəsində inkişafın tormozlandığı bölgə Samuxdur. Bu regionda sosial-iqtisadi tərəqqidən söhbət gedə bilməz: işsizlik, yoxsulluq, məmur biganəliyi, icra hakimiyyətinin diqqətsizliyi, vətəndaşların müraciətlərinə baxılmaması və s. hallar baş alıb gedir.
“Gündəm-Xəbər”in məlumatına görə, bu zonada ən geridəqalmış Samuxun inkişaf etməməsinin səbəbkarı isə Bakının Binəqədi rayonunu viran qoyub gedən icra başçısı Alı Qocayevdir. A.Qocayev Binəqədini nə günə qoyubsa, Samuxu ondan da beş betər edib.
Ona görə də rayonda nə bir abadlıq işləri həyata keçirilib, nə iş yerləri açılıb, nə də qeyri-neft sektorunun inkişafına dair layihələr reallaşıb. Sanki, prezidentin söylədikləri, islahatlarla bağlı icra başçılarına verdiyi göstərişlər A.Qocayevə şamil olunmayıb.
Məsələn, o bölgədə Daşkəsən, Goranboy kimi rayonlarda dövlət layihələri icra olunur, vətəndaşların qəbul günləri keçirilir, şikayəti və problemi olanlar dinlənilir. Ancaq Samuxda gestapo sistemi bərqərar olunub.
A.Qocayevin Binəqədini talan etməsi paytaxtn böyük rayonuna necə zərbə vurubsa, Samux da eynilə Gəncəbasar bölgəsində oxşar taleni yaşayır.
Əldə etdiyimiz məlumatlarda deyilir ki, rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik və bir çox digər ciddi qanun pozuntuları rayon sakinlərinin canını boğazəna yığıb.
Şikayətçilər qeyd edirlər ki, Alı Qocayevin himayəsinə sığınmış bir çox məmurlar yol verdikləri özbaşınalıqlarla bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə səbəb olurlar.
Alı Qocayev Samuxa başçı gələndə, özü ilə Bakıdan Fazil adlı bir nəfər də gətirmişdi. Bu şəxs başçının qohumu (gəlininin qardaşı) olmaqla, Binəqədi rayonunda işlədiyi müddətdə qeyri-qanuni tikintilərə nəzarəti həyata keçirirdi. Lakin görünür Samuxun havası Fazilə “düşmədi” və başçı onu yola saldı.
Bir qrup Samux sakini rayonun icra hakimiyyətinin başçısı Alı Qocayevdən narazılıq edirlər. Bildirilir ki, Alı Qocayevin Samuxa icra başçısı təyin olunmasından sonra bu rayonun sahibkarlarının qara günlərinə də eyni vaxtda start verilib.
Narazı vətəndaşlar yazırlar ki, Alı Qocayev Samuxda həyata keçirilən bütün abadlıq işlərini yerli iş adamlarına həvalə edib:
“Əvvəlki icra başçısının zamanında əgər, məsələn, büdcədən ayrılan vəsaitin yarısı mənimsənilirdisə, indi vəziyyət daha da acınacaqlıdır.
Görülən bütün işlər, həyata keçirilən bütün abadlıq işləri 100 faiz olaraq yerli sahibkarların büdcəsindən qaynaqlanır. Əvəzində deyirlər ki, böhranla əlaqədar Bakıdan pul ayrılmır.
Buna görə də hər şey yerli imkanlar hesabına edilməlidir. Biz başa düşə bilmirik, “yerli imkanlar” dedikdə nə anlaşılır? İnsanların var-yoxunun əlindən alınmasımı?»
Artıq Alı Qocayevin əlindən zara gəldiklərini deyən sahibkarlar bildirir ki, Samuxda bu səbəbdən iş görən adam, iş adamı qalmayıb: «Samux Asfalt Beton zavodu fəaliyyətini bu kimi olaylara görə dayandırdı.
Zavodun rəhbəri başını götürüb qaçmaq zorunda qaldı. Bu gün Samux rayon mərkəzində fəaliyyət göstərən onlarla obyektin rəhbəri də iş yerini bağlamaq zorunda qalıb. Çünki başçının tələblərini yerinə yetirmək üçün onların fəaliyyətləri yetərli olmur.
Nə qədər pul qazanmalıyıq ki, həm təsərrüfatımızı idarə edək, həm də Alı Qocayevin xərclərini ödəyək:
Ona görə də bu gün Samuxda böyük bir təhlükə gözlənilir: İŞSİZLİK… Bəlkə də Alı Qocayev bunun fərqində deyil.
Amma bunun bəlası ümumrespublika səviyyəsində özünü mütləq göstərəcək. Biz, müraciətimizin işıqlandırılmasını istəyirik. Samux batır. Bizi Alı Qocayevin əlindən xilas edin”.
Maraqlıdır ki, Daşkəsən, Gəncə, Goranboy, Şəmkir kimi regionlarda müəyyən qədər iş getdiyi halda Samuxda niyə tormozlanıb?
Buna səbəb kimi sırf idarçəilik göstərilir. A.Qocayevin Binəqədiyə olan münasibəti Samuxda ikiqat artıqdır.
Yəni, heç olmasa Binəqədi Bakının rayonudur deyə hardasa ehtiyat edirdi. Samux isə gözdən uzaqda qalıb deyə Qocayev rayonu istədiyi kimi çapıb talayır. Hətta islahatlar fonunda Samuxun Gəncəyə birləşdirilməsi də realdır.
Yeri gəlmişkən, Alı Qocayev həmin məmurdur ki, adı ABU rektoru Elşad Abdullayevlə hallanıb. Elşad Abdullayev müxtəlif kütləvi informasiya vasitələrində ona çatdırılması üçün köməkçim vasitəsilə pul əvəzi olaraq kağız parçaları göndərdiyini bildirirdi.
Köməkçisi ilə birlikdə Elşad Abdullayevin görüşünə gələn şəxslərin ona zorakılıq tətbiq etmələri, Elşad Abdullayevə çemodanda pul göndərməyi barədə iddialar səsləndirmişdi.
A.Qocayevin isə “quyruğu qapı arasında” qaldığı üçün ittihamlara reaksiya verərək təkzib etmişdi.
“Gündəm-Xəbər”ə daxil olan məlumata görə, icra başçısı haqda başqa bir xəbər ondan ibarətdir ki, Samux rayon icra başçısı Alı Qocayev rayonun Poylu kəndində böyük təsərrüfat yaradıb.
İcra başçısı vaxtının çoxunu təbiət qoynunda, Poylu kəndində yaratdığı heyvandarlıq kompleksində keçirir. İcra başçısı öz təsərrüfatında Gürcüstandan və müxtəlif rayonlardan gətirilmiş cins iribuynuzlu ətlik danalar saxlayır.
Bildirilir ki, Alı Qocayevin fermasında təxminən 500-ə qədər iribuynuzlu ətlik dana saxlanılır. Həmçinin icra başçısı səlahiyyətlərindən sui-istifadə edərək fermasının ətrafındakı 200 hektar sahənidə təsərrüfatına qatıb.
Həmin ərazi otlaq sahəsi kimi istifadə olunmaqla yanaşı, Alı Qocayev burada heyvanları üçün yem məhsulları əkdirir.
Məlumata əsasən Alı Qocayev heyvandarlıq kompleksində qurulmasına xeyli xərc çəkib. Burada müasir tipli elektiriklə işləyən yem verən avadanlıqlar, heyvan saxlamaq üçün böyük tövlələrin olduğu bildirilir.
İcra başçısının təsərrüfatında 50-yə yaxın işçinin çalışdığı qeyd olunur. Bundan başqa bildirilir ki, icra başçısı təsrrüfatının yaxınlığında balıqçılıq gölüdə inşa etdirib və tez tez bu göldə balıq ovlayaraq vaxtını keçirir.
İddia edilir ki, Alı Qocayev təbiət qoynunu sevdiyi üçün rayonda fəaliyyət göstərən Eldar Şamı Dövlət Təbiət Qoruğuna da ayda bir neçə dəfə baş çəkir. Bildirilir ki, Alı Qocayev burada dovşan, kəklik və başqa quşlar ovlayır.
“Gündəm-Xəbər”in məlumatına görə, Ali Qocayevin viran qoyub getdiyi Binəqədi rayon indi İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun tapdağı altında inildəyir. İsgəndərov da artıq Qocayev kimi Prezident Administrasiyasının “qara siyahısı”na düşüb.
PA-nın vəzifədən uzaqlaşdırmağa hazırladığı icra başçılarının siyahısında X.İsgəndərovun da yer aldığı iddia olunur.
Binəqədi rayonunun əhalisi təxminən 260-270 min nəfər təşkil edir. Hökuməti narahat edə biləcək daha bir nüans isə Binəqədi ərazisində daha çox qaçqın və məcburi köçkünün məskunlaşmasıdır.
Yeri gəlmişkən, 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə davam edən məhkəmə proseslərində Xaləddin İsgəndərovun adı hallanır.
Binanın üzlənməsi işini həyata keçirmiş “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov bildirib ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib.
Əslində, yanan bina işinin bir ucu elə MTN-ə bağlanırdı ki, bu ayrı mövzunun təhlilidir, X.İsgəndərov isə həmin orta ranqlı məmurları qurban verməklə özünü həbsdən xilas etmiş oldu. Amma X.İsgəndərovun adı təkcə yanan bina işində MTN-ə qarışmadı.
Eləcə də Biləcəridə özünü icarədar məmur kimi tanıdan bələdiyyə sədri İlham Xəlilov MTN generalı Akif Çovdarova 150 min pul və torpaq bağışlamaqda gündəmə gəldi.
O, ifadəsində faktı təsdiqləyib. Beləliklə, ətrafı MTN bandası ilə əlbir olmuş, Xaləddin İsgəndərovun halqası daralıb.
Binəqədiyə yeni icra hakiminin təyin olunacağı gözlənilir. Onun yanan bina işindən bəri hakimiyyətin gözündən düşməsi istefaya göndərilməsini qətiləşdirib.
Ancaq hələlik icra başçısının “krişa”sı onu mühafizə etməkdədir və X.İsgəndərov yekun nəticəni gözləyir.
Prezident İlham Əliyev çıxışlarında icra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə dəfələrlə çağırışlar edib.
Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir.
Nə yazıq ki, Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır. Yəqin ki, o da vaxtını gözləyir.
Xaləddin İsgəndərovun bu qədər “ipə-sapa” yatmamasının səbəblərindən biri də nazir qohumu Fazil Məmmədova güvənməsidir.
Amma Azadlıq prospektindəki yanan bina və Nazirlər Kabinetinin iclasında Prezidentin vergi siyasətini sərt tənqid etməsi “qohum məmurlar”ın kürklərinə birə salıb.
X.İsgəndərovun başçı təyinatından sonra binəqədililər əvvəlki icra başçısı Alı Qocayevdən heç də fərqləndirmirlər.
Bu da Binəqədidə tikintiyə haqq qoyulması ilə əlaqəlidir. Rayon ərazisindəki tikililərə qiymət vahid cədvəl əsasında qoyulub. Belə ki, Binəqədi Bakının nə dərəcədə əhəmiyyətli rayonu olmasına baxmayaraq ora gələn başçılar ancaq torpaq satmaq və fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşların cibindən minlərlə manatı çıxartmaq haqda düşünürlər. Necə ki, Alı Qocayev və Xaləddin İsgəndərov kimi…