"Heydər" məscidində bayram namazı nə vaxt qılınacaq?

02:27 | 23 İyun, 2017

“Heydər” məscidində bayram namazı iyunun 26-da iki dəfə qılınacaq. Bu barədə məscidin axundu Hacı Rüfət Qarayev məlumat verib.
Onun sözlərinə görə, əhli-sünnələr saat 08:00-da, əhli-şiələr isə saat 09:00-da bayram namazını qılacaqlar.
R.Qarayev namazların eyni vaxtda qılınmamasına da aydınlıq gətirib:
“Bayram namazının birgə qılınmasına çalışdıq. Amma bayram namazlarında müəyyən fərqlər olduğundan ibadətin ayrı-ayrı saatlarda yerinə yetirilməsinə qərar verildi. Bayram namazı günəş çıxandan zöhr namazına kimi olan aralıqda istənilən vaxt qılına bilər”.
Qeyd edək ki, iyunun 25-də “Heydər” məscidində bayram gecəsi qeyd olunacaq. Saat 23:00-da başlayacaq tədbirdə “Quran” tilavət ediləcək, dular olunacaq, Ramazanla bağlı söhbətlər aparılacaq.
Xatırladaq ki, bayram namazları eyni zamanda iyunun 26-da səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində də qılınacaq.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin hər iki məsciddə bayram namazlarına qatılacağı gözlənilir.
 
//Report