Soçi sammitinin nəticələri: Suriyada sülhdən Rusiya-Türkiyə strateji tərəfdaşlığına doğrubackend

Soçi sammitinin nəticələri: Suriyada sülhdən Rusiya-Türkiyə strateji tərəfdaşlığına doğru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada sülh və barışın təmin edilməsi məsələsi hazırda qlobal geosiyasətin aktual problemlərindəndir. Bir neçə ildir ki, bu ölkədə qan tökülür.

Onu durdurmaq üçün müxtəlif koalisiyalar da yaradılıb. Ancaq Rusiya-Türkiyə-İran “üçlüyü”nün yaradılması və Astana prosesinin başlaması Suriyada vəziyyəti real surətdə dəyişməyə imkan yaratdı. Hazırda Suriya ərazisinin 80 faizinə Əsəd rejimi nəzarət edir. Az bir ərazidə silahlı toqquşmalar baş verir. Ankara, Moskva və Tehran da həmin bölgələrdə sülhə nail olmaq üçün görüşürlər. Rusiyanın Soçi şəhərində fevral ayının ortalarında təşkil olunan sammit bu baxımdan əhəmiyyət daşıyırdı. Burada tərəflər bir çox məsələlərdə ortaq mövqeyə gəliblər. Lakin proses heç də asan getmir. Bu baxımdan Soçi sammitinin nəticələrinin geosiyasi analizinə ehtiyac görürük.

“Astana üçlüyü”: irəliyə doğru daha bir addım

Türkiyə, Rusiya və İran liderlərinin Soçidə Suriya böhranının nizamlanması ilə bağlı zirvə görüşü keçirmələrinin nəticələrini ekspertlər analiz edirlər. Məsələyə maraq həm də iştirakçı dövlətlər arasında problemə yanaşmada aydınlığın olmaması ilə bağlıdır. Belə ki, ABŞ-ın Suriyadan çəkilməsi haqqında informasiya yayılandan sonra Rusiya-Türkiyə-İran “üçlüyü” daxilindəki münasibətlər daha da aktuallaşdı.

Burada Vaşinqtonun öz qoşunlarını Suriyadan çıxarmaq barədə qərar qəbul etməklə Ankara, Moskva və Tehran arasında gərginlik yaratmaq məqsədi güddüyü kimi təxminlər də öz rolunu oynayıb. Lakin siyasət meydanında “Astana üçlüyü”nün atdığı addımların özü də problemə təhlili yanaşmanın zəruriliyini ortaya qoyur.

Ekspertlər hesab edirlər ki, Amerikanın həmin qərarından sonra Soçi görüşü ciddi əhəmiyyət daşıyırdı. Burada müzakirə olunan məsələlər də ekspertlərin təxminlərini doğrultdu. Soçidə Rusiya, Türkiyə və İran öz mövqelərini bir daha ifadə edib ondan çəkilmək fikrində olmadıqlarını göstərdilər. Xüsusilə İdlib və Münbic məsələsində tərəflər arasında müzakirələr asan keçməyib.

Məlumdur ki, İdlibdə atəşkəs rejiminin təmin edilməsində Türkiyə əsas rol oynayır. Ancaq burada Rusiya hərbi polisi də mövcuddur. Böyük mənada Moskva Suriyada əsgər saxlamır. Onların sayı çox azdır. Ancaq İranın şiə milisləri Rusiyanın da maraqlarına uyğun fəaliyyət göstərir. Onlar Suriya ordusunda ciddi mövqeyə malikdirlər. Hətta bir sıra ekspertlərin fikrincə, İran gücləri Suriya ordusunun bel sütununu təşkil edir. Buna görə də İdlib və Münbicdə Əsəd rejiminin atdığı hər bir addımdan Tehranın xəbəri vardır.

Belə bir vəziyyətdə Soçidə Ankaranın İdlib və Münbic məsələlərində maraqlarını qoruması asan olmayacaqdı. Doğrudan da, İran Prezidenti Həsən Ruhani çıxışında İdlibdən terror qruplarının çıxarılması və yerlərinə Bəşər Əsəd güclərinin gəlməsinin təmin edilməsində israr etdi. Təbii ki, İdlibdən bütün terror qruplarının çıxarılması zəruridir. Bunu Rusiya və Türkiyə də dəstəkləyir. Lakin orada Suriya müxalif güclərinin sıxışdırılmasına da imkan vermək olmaz. Çünki hələ həmin məkanda ABŞ-ın dəstəklədiyi PYD/YPG xeyli əraziyə nəzarət edir.

Bu, problemin ciddi tərəfidir. Çünki ABŞ çəkilmə ilə öz varlığını oradan tam yox etmir. Əksinə, bir qədər başqa formada daha güclü mövqeyə çıxmağa çalışır. Bunun üçün də PYD/YPG və ona bənzər yeni qruplar yaradır. Nəticədə, bir neçə böyük dövlətin iştirak etdiyi mürəkkəb bir oyun alınır.

İran Soçidə ABŞ-ın çəkilmə qərarını alqışladığını bir daha bəyan etdi. Lakin bu baş versə, Suriyanın şimalında kimin hakim olması məsələsində onun öz mövqeyi var. Tehran B.Əsədin tam hökrmanlığını arzulayır ki, bunun fonunda da Suriya müxalifətinin rolunun xeyli azalmasını gözləyir. Ankara isə iqtidarla yanaşı müxaliflərin də mövqeyinin o dərəcədə olmasını istəyir ki, B.Əsəd əvvəllər etdiyi məzhəb ayrı-seçkiliyini bir daha tətbiq edə bilməsin. Maraqlıdır ki, Soçi sammiti Moskvanın daha çox Ankaranın mövqeyinə üstünlük verdiyini nümayiş etdirdi. Lakin İranı da arxa plana atmaq fikrində deyil. Bununla yanaşı, bir çox ekspertlərin qənaətinə görə, artıq Kreml Yaxın Şərqdə Türkiyə ilə İranı neytrallaşdıra biləcək əlavə güclər axtarır. Hətta onların ünvanları da məlumdur: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri. Rusiya rəhbərliyi təhlükəsizlik xidmətlərinin rəhbərlərini bu iki ərəb ölkəsinə göndərib. Məqsəd onları da Suriya prosesinə qatıb, çoxvariantlı oyuna başlamaqdır. Bunun nəticəsində Rusiyanın patronajlığı ilə ölkələr qrupunun Suriyadakı maraqları qismən təmin edilməli və onların heç biri aparıcı mövqedə olmamalıdır. Suriyanın şimalında bəzi ərəb əşirətlərinin Səudiyyə Ərəbistanı tərəfə keçməsi də vəziyyəti gərginləşdirib.

Geostrateji məqsədlər: Rusiya-Türkiyə münasibətlərində yeni mərhələ

Bütün bunlara görədir ki, Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kifayət qədər iradə nümayiş etdirərək İdlib və Münbicdən terrorçuların çıxarılmasında ortaq maraqların gözlənməsinə nail olub. Bu, sammitin böyük uğurudur. Moskva da həmin mövqeni dəstəkləyib. Əvəzində, ekspertlər İranın bir qədər qısqanclıq nümayiş etdirə bilməsi ehtimalının qaldığından bəhs edirlər. Lakin Tehranın vəziyyəti dəyişdirə bilmək gücündə olmadığı da məlumdur. Bu səbəbdən Soçi razılaşmalarına əməl ediləcəyi gözlənilir. Lakin döyüş meydanında hər hansı təxribatın olmayacağına təminat vermək də mümkün deyildir. Deməli, “Astana üçlüyü”nün son dərəcə ehtiyatlı olması gərəkdir. Digər tərəfdən, Suriya konstitusiyasının hazırlanması prosesi hələ başa çatmayıb. Bu sənədin necə hazırlanacağından çox məqamlar asılı olacaq. Soçidə prezidentlər həm də bu məsələni müzakirə ediblər. Onlar yeni konstitusiyanın hazırlanması prosesini sürətləndirmək və tez bir zamanda başa çatdırmaq qərarına gəliblər. Bunun üçün tərəflər lazım olan bütün dəstəyi verməyə hazır olmalıdırlar.

Soçidə konkret olaraq Türkiyənin Münbicdə hərbi əməliyyat keçirib-keçirməməsi məsələsində ortaq mövqe formalaşmayıb. Zatən Ankara bunun üçün kimsədən izin almaq fikrində olmadığını bəyan edib. Bütün şərtlər yarandıqdan sonra Türkiyə həmin əməliyyata başlayacağını ifadə edib. Burada Amerika faktoru da ciddi nəzərə alınmalıdır. ABŞ hərbçilərini bir neçə aya oradan çəkəcəyini bəyan edib. Deməli, gözləmək lazım gəlir. Əks halda, regionda yeni bir ixtilaf meydana gələ bilər.

Beləliklə, liderlərin Soçi sammitində Rusiya, Türkiyə və İran demək olar ki, bütün məsələlər üzrə razılığa gəliblər. Hərbi əməliyyat məsələsi buraya aid deyil, çünki bu, artıq yalnız bir ölkənin qərarıdır. Yeri gəlmişkən, ekspertlərə görə, Moskva Türkiyənin həmin əməliyyatı keçirməyinə böyük təpki göstərməyəcək. Hər bir halda, bu məsələdən kənarda Suriya ilə bağlı vəziyyət haqqında üç dövlət eyni mövqeyə gəliblər. Bu hadisənin geosiyasi nəticələri necə ola bilər?

İlk növbədə, bütövlükdə gedişat Amerikanın mövqeyindən asılı olacaq. Vaşinqton hələlik Suriyada radikal qruplara dəstək verməkdən vaz keçmir. Hətta o, geosiyasi maraqlarının təminini həmin qruplarla əməkdaşlığa bağlayır. Bu isə vəziyyəti qeyri-müəyyən edir. İdlibdə də bəzi terror qrupları təxribatlar törətməkdə davam edirlər. Onlar Türkiyənin imicini sarsıtmağa cəhd göstərirlər. Ancaq hələlik böyük ölçüdə Türkiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Burada başqa bir faktoru da vurğulamaq lazım gəlir.

Türkiyə ilə Rusiya rəhbərliyi aprel ayında da görüşməyə qərar veriblər. Həmin vaxt iki dövlət strateji tərəfdaşlıq məsələlərini müzakirə edib, konkret sənədlər imzalamalıdırlar. Əgər bu baş tutsa, Avrasiya məkanında güclü bir müttəfiqlik yaranacaq. Təbii ki, bunun da Suriya məsələsinin həllinə ciddi təsiri ola bilər. Bu kontekstdə Soçi görüşü Rusiya-Türkiyə münasibətlərinin inkişafına yeni stimul vermiş olur. Tədbirdə iki ölkənin prezidentlərinin səmimi söhbətlərini ekspertlər əlaqələrin yeni səviyyəyə yüksəlməsinin əlaməti kimi qiymətləndirirlər.

Hər bir halda, Soçi sammiti Rusiya, Türkiyə və İranın Suriyada sülhə nail olmaq işində ciddi olduqlarını bir daha təsdiqlədi. Müəyyən fikir ayrılıqlarının olması isə normaldır – böyük dövlətlər həmişə öz mövqelərini qoruyurlar. Əsas odur ki, bu üçlük Suriyanın ərazi bütövlüyünün təmin edilməsində qərarlıdır. Yeni konstitusiyada da bu maddə təsbit edilməlidir.

Digər tərəfdən, getdikcə aydınlaşır ki, Rusiya, Türkiyə və İran Suriyada terrorun bütün növlərinin aradan qaldırılmasına çalışırlar. Ankara-Tehran-Moskva “üçlüyü” Yaxın Şərqdə yeni geosiyasi dinamikanın təməlini qoya bilər. Təbii ki, onlara mane olmağa çalışan qüvvələr də sakit oturmayacaqlar. Lakin artıq xüsusilə Rusiya ilə Türkiyənin münasibətlərinin çox dərinləşdiyini və strateji xarakter aldığını demək olar. Bu məqam çox güman ki, aprel ayında hər iki dövlətin rəhbərlərinin iştirakı ilə keçiriləcək strateji tərəfdaşlıq görüşündən sonra daha aydın olacaq.

//Newtimes.az