“Yəqin ki, Elçin Babayev bu məsuliyyətin ağırlığını hiss edir” – Deputatlar yeni rektordan danışdılar

00:59 | 13 Mart, 2019

Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinə dünən təyin etdiyi yeni rektor Elçin Babayev bu gün kollektivə təqdim olunub.

Rektoru BDU-nun kollektivinə təhsil naziri Ceyhun Bayramov təqdim edib. Universitetin Elmi Şurasının yığıncağında nazir rektora fəaliyyətində uğurlar arzulayıb. Eçin Babayev də öz növbəsində ona göstərilən bu etimada görə təşəkkür edib.

Qeyd edək ki, E. Babayev bu təyinata qədər Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işləyib.

Milli Məclisin deputatları bu dəfə Elçin Babayevin təyinatı barədə danışıblar. Rektorun təyinatına münasibət bildirən deputatlar Bakı Dövlət Universitetinin müəllimləridir.

Deputat Kamilə Əliyeva bildirib ki, Bakı Dövlət Universitetinin bundan sonra da inkişaf etməsində, fəliyyətinin güclənməsində, yüksək səviyyəli kadrların hazırlanması və dünya səviyyəsinə çıxmasında Elçin babayevin böyük töhfələri olacaq:

“Dünən cənab prezidentin verdiyi verdiyi sərəncamla Bakı Dövlət Univesitetinə yeni rektor təyin olundu. Elçin müəllimə uğurlar arzu edirəm. Əvvəlki vəzifəsində işlədiyi dönəmlərdə onun fəaliyyəti ilə tanış idim, çox gözəl insan, çox gözəl mütəxəssis, çox savadlı və ziyalı bir şəxsdir. Ümidvaram ki, Bakı Dövlət Universitetində rektor vəzifəsinin məsuliyyətini öz üzərində dərk edərək, cənab prezidentin etimadını doğruldacaq”.

Deputat Fəzail İbrahimlinin fikrincə, Elçin Babayev Bakı Dövlət Universitetinə yeni nəfəs gətirəcək:

“Bakı Dövlət Universitetinə prezidentin sərəncamı ilə təyin olunmuş Elçin müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İstərdim ki, onun tərcümeyi-halında adın müəyyən dövr üçün sadəcə rektor kimi yazılmasın, qoy o, bir islahatçı rektor kimi Azərbaycanın və Universitetin tarixinə düşsün. Bu, təsadüfi təyinat deyil, cənab prezident bu addımı atan zaman yüz ölçüb, bir biçib. Ölkə başçısı çox böyük etibar, inam göstərdiyi insanlar haqqında təyinat verir. Elçin müəllimə Bakı Dövlət Universitetini böyüklüyü həvalə olunub. Güman edirəm ki, o da bu məsuliyyəti, vəzifənin ağırlığını hiss edir”.

Deputat Musa Qasımlının sözlərinə görə, Bakı Dövlət Universitetinin 100 illiyi ərəfəsində  Elçin Babayevin rektor təyin olunması universitetin tarixində yeni səhifə açacaq:

“İlk növbədə Elçin müəllimi təyinat münasibəti ilə təbrik edirəm. O, cənab prezidentimiz İlham Əliyevin digər təyinatları kimi, uğurlu seçimlərindən biridir. Elçin müəllimi uzun illərdir tanıyıram. Həm Şamaxı Rəsədxansının direktor müavini, həm də Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun direktoru kimi fəaliyyəti ilə çoxdan tanışam. Elçin Babayev ən məşhur universitetdə təhsil alıb, tanınmış alimdir, çox yaxşı islahatçıdır. Onun təşkilatçılığına söz ola bilməz. Mən yeni rektoru təbrik edirəm, uğurlar arzu edirəm.Və hesab edirəm ki, universitetin bütün professor-müəllim heyəti, tələbələri ona fəaliyyətində yaxından köməkçi olmalıdırlar”.

//modern.az