Əl-Bağdadi zahiri görünüşünü dəyişdi və Suriyadan qaçmağa cəhd edir

22:36 | 22 Mart, 2019

İŞİD terror təşkilatının başçısı Əbu Bəkr Əl-Bağdadi zahiri görünüşünü dəyişib və bir neçə dəfə Suriyadan və İraqdan qaçmağa uğursuz cəhdlər edib. Virtualaz.org “Al-Araby Al-Jadeed” qəzetinə istinadən xəbər verir ki, bunu adının çəkilməsini istəməyən mənbə bildirib.

Həmin mənbəyə əsasən, Əl-Bağdadi saqqalını qısaldıb və onu kürən edib, həmçinin İŞİD terrorçularına xas olmayan əfqan geyimində gəzir. Bundan əlavə, az hərəkətli həyat tərzi üzündən son iki il ərzində Əl-Bağdadi piylənmədən əziyyət çəkir.

Mənbə iddia edir ki, Əl-Bağdadi İŞİD-in son qalası sayılan Baquzda deyil, Suriyanın başqa hissəsində yaşayır. Lakin imicinin dəyişdirilməsi ona ölkədən çıxmağa kömək etməyib.

Mənbənin bildirdiyinə əsasən, Əl-Bağdadi “əksər hallarda adi mülki avtomobillərdə və ya taksidə hərəkət edir”.

Son illər ərzində dəfələrlə Əl-Bağdadinin öldürülməsi haqqında məlumatlar yayılıb, lakin bu məlumatlar sonradan təsdiqini tapmayıb. 2018-ci ilin avqustunda “Al-Sumaria” telekanalı İraq kəşfiyyatına istinadən xəbər yaymışdı ki, Əl-Bağdadi ağır yaralanmadan sonra yataq xəstəsinə çevrilib və faktiki olaraq qruplaşmaya rəhbərlik etmir.

//Virtualaz.org