"Mətbuat azadlığı imkan verməyəcək ki, məmurlar hansısa qüsurlar buraxsınlar" – İlham Əliyev

14:02 | 20 İyul, 2017
“Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, məmurlar hansısa qüsurlar buraxsınlar”.
Bunu Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan dövlətinin inkişafı Azərbaycan xalqının əlindədir. Azərbaycan xalqının iradəsi ilə ölkəmiz idarə olunur: “Biz böyük iqtisadi inkişafa nail olduq, meqa layihələri icra etdik. Biz dünyada özümüzü artıq multikulturalizmin mərkəzi kimi tanıda bildik və bu gün bu sahədəki uğurlarımız bir çox ölkələrdə öyrənilir. Bütün bu əldə edilmiş uğurların təməlində bizim düşünülmüş siyasətimiz, o cümlədən demokratik cəmiyyətin formalaşması dayanır.
Jurnalistlər isə əlbəttə ki, öz fəaliyyətləri ilə bu inkişafa töhfələrini verirlər, cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Mən sizə deyə bilərəm ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir, yəni həm xarici siyasət, həm də daxili siyasətlə və təhlükəsizliklə bağlı əsas məsələlər əlbəttə ki, məruzə edilir. Ancaq elə bir məsələ var ki, bu, çox ciddi məsələ sayılmaya bilər, ancaq insanları narahat edən məsələdir. Bu məlumatlar haqqında mən hərdən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar. Ona görə, jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, gələcəkdə də siz bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında – harada ki hansısa ədalətsizlik, qanunsuzluq var – dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.
Azərbaycan Prezidenti əlavə edib: “Bugünkü peşə bayramı ərəfəsində jurnalistikanın inkişafı ilə bağlı bəzi fikirlərimi bildirmək istərdim. Əlbəttə ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Bu gün siz də yaxşı bilirsiniz ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, çünki heç də hər zaman belə deyil və biz görürük ki, dünyanın bir çox ölkələrində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm də daxili xarakter daşıyır – baxır gündəlikdə hansı məsələ dayanır. Təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə ki, hansısa məqsədləri güdür və bu məqsədlər bir çox hallarda həqiqətdən daha da önəmli faktor kimi qəbul edilir. Ona görə də hesab edirəm ki, jurnalistikada ilk növbədə həqiqət prinsipləri üstünlük təşkil etməlidir. Azərbaycan jurnalistikasına gəldikdə, mən deyə bilərəm ki, bizim jurnalistikamızda yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə azalıb. Bunu cəmiyyət də, jurnalistlər də görür, əlbəttə ki, bu onların fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artırılması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar, amma ondan sonra o mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən düşəcək. Ona görə də jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi əlbəttə ki, diqqətə layiqdir və bu istiqamətdə hesab edirəm ki, son illərdə Azərbaycanda müsbətə doğru irəliləyiş var. Əlbəttə ki, jurnalistika nə qədər mümkündürsə obyektiv olmalıdır, çünki tam obyektivliyə nail olmaq da çətindir, hər bir insan istər-istəməz subyektivliyə də yol verir və jurnalistlər də istisna deyil. Ancaq bu böyük məsuliyyəti dərk edərək jurnalistlər üzərində çox böyük məsuliyyət var, onların sözü incidə də bilər, problem yarada da bilər və yaxud məsələni həll edə də bilər. Ona görə də xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir. Bu istiqamətdə son illərdə mən görürəm ki, Azərbaycan jurnalistikası daha da məsuliyyətli olub, daha da təmkinli olub, artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumatlara rast gəlmək olar, nadir hallarda insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar. Bu baxımdan bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədir və hesab edirəm ki, jurnalistikamızda bax bu istiqamətdə müşahidə olunan islahatlar gedir. Biz 90-cı illəri, o vaxt jurnalistikamızda hansı meyillərin hökm sürdüyünü yaxşı xatırlayırıq. O vaxt, deyə bilərəm ki, çox üzücü bir mənzərə ilə üzləşmişdik. Təhqir, böhtan və şər faktoru bəzi mətbuat orqanlarında əsas rol oynayırdı. Artıq bu istiqamətdə həm cəmiyyət, həm jurnalistikamız inkişaf edib, həm də hesab edirəm ki, bu gün jurnalistlərin məsuliyyəti yüksək səviyyədədir. Bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır. Digər məsələlərə gəldikdə, hesab edirəm ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır, xarici təsir altına düşməməlidir”.