Dehlinin Bakıya qərəzli mövqeyi: “Ermənistanın silahlandırılması təhdiddir”-AÇIQLAMAbackend

Dehlinin Bakıya qərəzli mövqeyi: “Ermənistanın silahlandırılması təhdiddir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Hindistandan almaq istədiyi 155 mm-lik “MArG” özüyeriyən haubitsalarının sınağını keçirib. Hindistan mediasında yer alan məlumata görə, Ermənistan nümayəndə heyətinin iştirakı ilə sınaqların tam 40 gün davam etdiyini bildirib. “Sınaq” müddətinin bu qədər uzun çəkməsi isə şübhə yaradıb.

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Samir Hümbətov qeyd edir ki, Hindistan və Ermənistan arasında hərbi əməkdaşlığın tarixi dərindir:

“Təxminən 3 ay əvvəl tərəflər arasında silah ticarəti ilə bağlı müqavilənin imzalanmasına aid məlumatlar var. Təqribən 240 milyon dollarlıq silah satışını həyata keçirdilər. İndi də bu proses gedir. Ola bilər ki, Dehli bu və ya digər formada İrəvanı silahlandırmaqla bölgədə gərginliyin artırılmasını sürətləndirməyə çalışır. Əlbəttə, Hindistanın istehsal etdiyi silahların tam keyfiyyətli olduğunu demək düzgün deyil. Eyni zamanda, Ermənistanın hər hansı ciddi üstünlük əldə etməsi də gözlənilmir”.

Politoloqun fikrincə, Azərbaycanın aldığı 5-ci nəsil silahlar Dehlinin Ermənistana satdığı silahlardan qat-qat üstündür:

“Bu o deməkdir ki, ölkəmizdə ordu quruculuğu prosesi sürətlə gedir. Hindistan-Ermənistan silah ticarəti və ya hərbi əməkdaşlığı bizim imkanlarımıza çatacaq səviyyədə deyil. Amma yenə də bu, təhdiddir. Düşünürəm ki, Azərbaycan  Hindistana nota verməlidir. Çünki İrəvanın silahlandırılması bölgədə yeni gərginlik ocağının formalaşdırılmasına xidmət edir”.

S.Hümbətovun sözlərinə görə, Hindistanın bu kimi addımlarının arxasında Pakistan-Azərbaycan münasibətləri durur: “Pakistanla kim dostluq edirsə, Dehli ona düşmən olur. Amma bu, yanlış yanaşmadır. Çünki rəsmi Bakı Pakistanla dost, qardaş olsa belə Hindistanla münasibətləri korlamağa çalışmır. Əksinə ticarət əlaqələrində artım var. Nəzərə alınmalıdır ki, Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard manatdan yuxarıdır”.

//Safura Bənnayeva,Editor.az