backend

NİGAR CAMALI YPX-YƏ KİM SİFARİŞ VERİB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Murad Dadaşovla “Eurovision”un qalibi arasında münaqişə yaşanıb?
Dünən ölkə mətbuatının yazdığına görə tanınmış müğənni Nigar Camalın YPX əməkdaşları tərəfindən saxlanılmağı barədə və onun YPX əməkdaşlarının ünvanına dediyi sözləri ölkə mətbuatının gündəminə “bomba” kimi düşdü.
Sözügedən hadisə Rusiya və Avropa mediasının da diqqətini çəkdi.
Dünən axşam saatlarında Nigar Camal APA TV-yə verdiyi müsahibədə bildirib ki, YPX əməkdaşları onu 6 dəfə saxlayıb və demək olar ki, müxtəlif bəhanələrlə onu “ilişdirməyə” çalışıblar.
N.Camal hətta atasının da bu yaxınlarda DYP əməkdaşları tərəfindən əsassız şəkildə saxlanıldığını bildirib. “Mən tanınmış adamam, mənə qarşı belə edirlərsə… görün, sadə insanları, kasıb adamları necə incidirlər”, – deyə Nigar Camal vurğulayıb.
365info.az saytının redaksiyasına daxil olan məlumata görə, Nigar Camala qarşı həyata keçirilən bu “tədbirlər”in arxasında ona qarşı xüsusi təzyiq kampaniyası durur.
Redaksiyamıza məlumat verən mənbələr bildirir ki, bundan əvvəl Nigar Camalla tanınmış şoumen Murad Dadaşov arasında münaqişə baş verib.
Mənbələr bildirir ki, Nigar Camalın Murad Dadaşovun arasında baş verdiyi mübahisəyə görə Murad Dadaşov Nigar Camala onu cəzalandıracağını söz verib.
Redaksiyaya daxil olan məlumata görə, YPX əməkdaşlarına bu sifarişi verən Murad Dadaşov olub.
Mənbələr bu təzyiqlərin arxasında kimin durduğundan Nigar Camalın da xəbərdar olduğunu, nəhayət məsələni ictimailəşdirmək qərarına gəldiyini bildiriblər.
Şoumen Murad Dadaşov Bakı DYPİ-nin rəisi Nurşirəvan Səfərovun oğlu ilə Bakının Yasamal rayonu Nəriman Nərimanov meydanı 9 ünvanda yerləşən R&B restoran-kafesinə şərikdilər.
Təxminən iki il əvvəl DİN-nin İnsan Alverinə Qarşı Mübarizə idarəsinin rəisi Şərif Əsədullayev aldığı əməliyyat məlumatı əsasında R&B restoran-kafesində tədbir keçirmişdi.
Hətta o tədbirdən sonra ölkə mətbuatı R&B restoran-kafesinin şoumen Murad Dadaşovun sahibi olduğundan yazmışdı.
Sonra Murad Dadaşov ölkə mətbuatına çıxaraq həmin məlumatı təkzib etdi.
Xatırladaq ki, Murad Dadaşovun sabiq nəqliyyat naziri Ziya Məmmədovla və onun oğlu Anar Məmmədovla sıx münasibətləri olması barədə saytlar çox yazıb.
Hətta milli.az-da dərc olunan bir məlumata görə, Anar Məmmədov şoumen Murad Dadaşovun oğlunun kirvəsidir. Adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//365info.az