Almaniyada aşkarlanan qeyri-adi mineral strukturlar Marsda həyat axtarışına yeni perspektiv açıbbackend

Almaniyada aşkarlanan qeyri-adi mineral strukturlar Marsda həyat axtarışına yeni perspektiv açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın cənubunda yerləşən tərk edilmiş mədəndə aşkar edilən dəmir tərkibli stalaktitlər Marsın qədim dövrlərdə həyat üçün əlverişli şəraitə malik olub-olmadığını müəyyənləşdirmək baxımından alimlərin diqqətini cəlb edib.

Editor.az xəbər verir ki, Tübingen Universitetinin alimləri tərəfindən aparılan araşdırmaya görə, Yer kürəsində müşahidə olunan bu mineral strukturlar Marsda oxşar geoloji proseslərin necə baş verdiyini anlamağa kömək edə bilər. Tədqiqatın nəticələri “Scientific Reports” elmi jurnalında dərc olunub.

Tədqiqatçılar Almaniyanın Şvartsvvald bölgəsində yerləşən Segen Gottes adlı tərk edilmiş mədəni araşdırıblar. Burada uzunluğu bir metrə çatan, tərkibinin təxminən yarısı dəmirdən ibarət stalaktitlər aşkar edilib. Bu strukturlar sulfid filizlərinin arasından süzülən turşulu suların təsiri nəticəsində formalaşıb.

Alimlərin diqqətini çəkən əsas məqam həmin mineralların Marsda da aşkar edilmiş oxşar geoloji birləşmələrlə uyğunluğudur. Belə mineral strukturlara, xüsusilə də Marsın Geil kraterində rast gəlinib.

Əvvəllər bu cür birləşmələrin yaranması əsasən xloridlərin sulfatlara nisbətinin yüksək olduğu turşulu məhlullarla və vulkanik proseslərlə əlaqələndirilirdi. Lakin yeni araşdırma göstərib ki, oxşar minerallar xlorid-sulfat nisbətinin aşağı olduğu şəraitdə də formalaşa bilər. Bu nəticə onların yaranması üçün mütləq vulkanik mənşəli mayelərin tələb olunmadığını göstərir.

Tədqiqatın nəticələri Marsın qədim dövrlərdə həyat üçün əlverişli hesab edilə biləcək daha geniş geoloji mühitə malik olması ehtimalını gücləndirir. Alimlər xüsusilə planetin yeraltı məsaməli strukturlarına diqqət çəkirlər. Belə mühitlər mikroorqanizmlərin xarici təsirlərdən qorunaraq yaşaması üçün potensial sığınacaq rolunu oynaya bilər.

Bununla belə, araşdırma Marsda həyatın mövcudluğunu təsdiqləmir. Alimlər əldə olunan nəticələrin yoxlanılması üçün əlavə tədqiqatların, o cümlədən yüksək dəqiqlikli tomoqrafiya və oksigen səviyyəsinin birbaşa ölçülməsinin vacibliyini vurğulayırlar.

Tədqiqatçılar Almaniyadakı tərk edilmiş mədəni Marsın geoloji tarixini və planetin yeraltı mühitində həyatın mümkün izlərini öyrənmək üçün mühüm təbii model hesab edirlər.

//Gülnarə Abasova, Editor.az