Dünya futbolunun məşhur simalarından Devid Bekhem bu dəfə futbol meydanındakı uğurları ilə deyil, ətirlərinin harada satılması ilə gündəmə gəlib. Keçmiş futbolçunun biznes şirkəti onun adını daşıyan ətirlərin yanacaqdoldurma məntəqələrində və İngiltərənin ucuz məhsullar satan mağazalar şəbəkəsində satışa çıxarılmasına görə Almaniyanın kosmetika şirkətini məhkəməyə verib.
Bekhemin DB Ventures şirkəti Almaniyanın Coty kosmetika qrupundan ən azı 41 milyon dollar təzminat tələb edir.
Mübahisənin səbəbi Bekhem brendi altında istehsal olunan ətirlərin satış məkanlarıdır. Şirkət hesab edir ki, lüks məhsul kimi təqdim edilən bu ətirlərin ucuz məhsullar bölməsində və endirim mağazalarında satılması brendin nüfuzuna zərər vurur.
Bekhemin ətirləri yanacaqdoldurma məntəqəsində satışa çıxarıldı
Nyu-York Ali Məhkəməsinə təqdim edilən iddiada bildirilir ki, Coty şirkəti tərəflər arasında imzalanmış lisenziya müqaviləsinin şərtlərini pozub.
Coty Bekhemin adını daşıyan Classic və Instinct ətir seriyalarını, həmçinin Intimately və Exquisite Leather məhsullarını istehsal və distribütor kimi yayır.
DB Ventures-in iddiasına görə, bu məhsullar İngiltərədəki Poundland endirim mağazalarında və bir yanacaqdoldurma məntəqəsinin ucuz məhsullar bölməsində satışa təqdim edilib.
Bekhemin şirkəti bu vəziyyətin məşhur futbolçunun adı ilə əlaqələndirilən lüks imicə uyğun olmadığını düşünür.
İddia ərizəsində Bekhem brendinin dünya miqyasında tanındığı, zəriflik və yüksək keyfiyyətlə əlaqələndirildiyi vurğulanıb. Şirkət məhsulların gündəlik lüks anlayışını təmsil etdiyini bildirir.
DB Ventures nümayəndələri ətirlərin yanacaqdoldurma məntəqəsində satıldığını öyrənəndə təəccübləndiklərini və məyus olduqlarını qeyd ediblər.
Şirkət 41 milyon dollar istəyir
DB Ventures lisenziya müqaviləsinin pozulduğunu əsas gətirərək Coty-dən ən azı 41 milyon dollar təzminat tələb edir.
Aprel ayında qaldırılan iddianın ləğvini istəyən Coty isə Nyu-York məhkəmələrinin bu işə baxmaq səlahiyyətinin olmadığını müdafiə edir.
Şirkət həmçinin iddia edir ki, DB Ventures məhkəmə prosesindən lisenziya müqaviləsinə vaxtından əvvəl xitam vermək və Bekhemin ətir biznesi ilə bağlı müqavilələri başqa bir şirkətə – Interparfums-a ötürmək üçün istifadə edir.
Coty nümayəndələri Associated Press agentliyinə açıqlamalarında irəli sürülən ittihamları qəti şəkildə rədd etdiklərini və məhkəmədən işin dayandırılmasını istədiklərini bildiriblər.
Şirkət davam edən məhkəmə prosesi səbəbindən əlavə şərh verməkdən imtina edib.
Futboldan milyardlıq biznesə gedən yol
Devid Bekhem futbol karyerası ərzində “Mançester Yunayted” və “Real Madrid” kimi dünyanın ən məşhur klublarında çıxış edib, İngiltərə millisinin kapitanı olub.
O, futbol meydanındakı uğurlarını biznes sahəsində də davam etdirərək gəlirli kommersiya imperiyası qurub. Hazırda ABŞ-nin “İnter Mayami” futbol klubunun səhmdarlarından biridir.
Bekhem ötən il Böyük Britaniya kralı III Çarlz tərəfindən cəngavər tituluna layiq görülüb. Bundan sonra onun rəsmi tituluna “Ser” müraciəti əlavə olunub.
O, moda və reklam dünyasında da tanınan simalardandır. Müxtəlif brendlərin reklam kampaniyalarında model kimi iştirak edib. Devid Bekhem keçmiş “Spice Girls” qrupunun üzvü və modelyer Viktoriya Bekhemlə evlidir. Cütlüyün dörd övladı var.
“The Sunday Times” qəzetinin bu il açıqladığı varlılar siyahısında Bekhem cütlüyünün ümumi sərvəti təxminən 1,2 milyard funt sterlinq (1,58 milyard dollar) qiymətləndirilib.
İndi isə məşhur futbolçunun adı milyonlarla dollarlıq məhkəmə mübahisəsində hallanır. Mübahisənin mərkəzində isə sadə görünən bir sual dayanır: lüks brend hesab edilən məhsullar harada satılmalıdır?
\\ Aydan Bünyatova, Editor.az

